Kifayətdir, susun, mösyö Ome! Siz kafir adamsınız! Sizin dininiz-imanınız yoxdur!
Əczaçı etiraz etdi:
– Xeyr, mənim dinim var, amma bu, özünəməxsus bir dindir, bəlkə də mən bu riyakarlardan və hoqqabazlardan daha mömin bəndəyəm! Əksinə, mən Tanrını sevirəm! Mən Ali Varlığa, nə bilim, Yaradana, adın əhəmiyyəti yoxdur, vətən və ailə qarşısındakı borcumuzu yerinə yetirmək üçün bizi bu dünyaya göndərənə inanıram; amma kilsəyə getməyə, gümüş qab-qacağı öpməyə və bizdən daha firavan yaşayan fırıldaqçılar sürüsünü öz pulumla dolandırmağa ehtiyac görmürəm! Çünki Tanrıya meşədə də, tarlada da, hətta qədim insanlar kimi göy qübbəsini seyr edərək də dua etmək olar. Mənim Tanrım Sokratın, Aristotelin, Franklinin, Volterin və Beranjenin tanrısıdır! Mən savoyyalı vikarinin dininə etiqadın52 və səksən doqquzuncu ilin ölməz prinsiplərinin tərəfdarıyam! Məhz buna görə də əlində əsa tutub, çiçək bağçasında gəzişən, dostlarını balinaların qarnına tullayan, qışqırıb ölən və üç gündən sonra dirilən Tanrı babanı qəbul etmirəm. Bütün bu cəfəng şeylər tamamilə fizika qanunlarına ziddir, bu qanunlardan, yeri gəlmişkən, aydın görünür ki, keşişlərin özləri xirtdəyə qədər rəzil cəhalətə batıblar və xalqı da arxalarınca sürükləyib aparmaq istəyirlər.