Моllа Nəsrəddin lətifələri

  • Gulshan Jabihas quoted2 years ago
    Bir məclisdə özünü alim göstərən dərvişlərdən biri ilə Mollanın mübahisəsi düşür. Molla Nəsrəddin gündə bir fırıldaqla camaatı aldadan bu dərvişi hər tərəfdən bağlayır və onun tamam yalançı, savadsız bir adam olduğunu sübut eləyir. Dərviş işi belə görüb Molla Nəsrəddini pərt eləmək üçün deyir:

    – Sən, barı danışma! Sənin ki, bu dünyada əlindən heç bir iş gəlmir.

    Molla deyir:

    – Düz deyirsən. Sənin əlindən gələn işlər mənim əlimdən gəlməz. Ancaq məni hamı tanıyır, gəlsənə bir sən də özünü nişan verəsən, görək kimsən, nəçisən?

    Dərviş deyir:

    – Mən övliyayam. Mən hər gecə bu aləmdən, bu günahkarlar dünyasından çıxıb göylərə uçuram.

    Molla Nəsrəddin özünü tamamilə inanmış kimi göstərərək soruşur:

    – Yaxşı, heç dördüncü göyə gedibsənmi?

    Dərviş lovğa-lovğa deyir:

    – Getmişəm, özü də bir dəfə yox, çox dəfə getmişəm.

    Molla yenə də inanmış adam kimi soruşur:

    – Heç orada uçanda dodaqlarına yumşaq bir şeyin dəydiyini hiss edibsənmi?

    Dərviş Mollanı üstələdiyini görüb, tez “bəli, bəli!” deyə cavab verir.

    Molla Nəsrəddin camaata göz basıb dərvişə deyir:

    – Hə, bax, o, bizim eşşəyin quyruğudur.
  • Gulshan Jabihas quoted2 years ago
    EŞİTDİN, GET!

    Gündə bir qarın yeməyə möhtac olan yoxsullardan biri, bir parça çörək tapıb aşpaz dükanının yanına gəlir. Bütün ömründə xörək yeməyən bu yazıq uzaqdan aşpazın bişirdiyi kababa baxır, çörəyi ağzına qoyub yeyir. Demə, aşpaz buna göz qoyurmuş. Kişi çörəyini yeyib qurtarır, getmək istəyəndə aşpaz tutur yaxasından ki:

    – Ver kababın pulunu!

    Kişi başlayır yalvarmağa ki:

    – Ay başına dönüm, mən nə vaxt sənin kababmı yedim ki, pulunu da verəm.

    Aşpaz əl çəkmir ki:

    – Yox, sən kababa baxıb çörəyini yeyirdin. Gərək pulunu verəsən.

    Kişi nə qədər yalvarırsa, olmur. Aşpaz onun yaxasından əl çəkməyib axırda tutub qazının yanına aparır. Bu zaman Molla da bir məsələ üçün qazının yanında imiş. Qazı bunların məsələsinə qulaq asır, sonra üzünü Mollaya tutub deyir:

    – Molla, bu məsələni həll eləmək mənim işim deyil. Yenə sən həll eləyə bilərsən.

    Molla aşpaza deyir:

    – O kişi ki, sənin xörəyini yeməyib, sən ondan nə pul istəyirsən?

    Aşpaz deyir:

    – Gözü ilə baxıb, burnu ilə də qoxusunu çəkib. Mən ondan bu haqqı istəyirəm.

    Molla deyir:

    – Haqlısan, qardaş! Gərək verə.

    Aşpaz bunu eşidib başlayır sevinməyə ki, indi Molla yoxsuldan pul alıb, verəcək ona. Molla öz cibindən bir kisə pul çıxarıb aşpazın qulağının dibində silkələyir. Soruşur:

    – Eşitdin?

    Aşpaz soruşur:

    – Nəyi?

    Molla deyir:

    – Pulların səsini.

    Aşpaz deyir:

    – Eşitdim, nə olsun?

    Molla deyir:

    – Demək ki, haqqını aldın. Di yeri, çıx get!

    Aşpaz hirslənir ki:

    – Hanı? Mən nə haqq aldım?

    Molla deyir:

    – O, kababı gözü ilə görüb, burnu ilə qoxulamışdı. Sən də pul kisəsini gözünlə gördün, pulun da səsini qulağınla eşitdin. Sənə çatası haqq ancaq bu ola bilər.
  • Gulshan Jabihas quoted2 years ago
    BİLMƏK VƏ BİLMƏMƏK

    Günlərin birində Molla məscidə gəlir. Çıxıb minbərdə oturur ki:

    Camaat, kimin nə sualı var, versin mənə, alsın cavabını. Adamlar başlayırlar sual verməyə. Ancaq hər kim nə sual verirsə Molla deyir:

    – Bunu bilmirəm.

    Axırda birisi hirslənib deyir:

    – Bilmirsən, bəs niyə dırmaşıbsan oraya? Heç olmazsa onu da bilmirsən ki, bilməyən yuxarı dırmaşmaz?

    Molla deyir:

    – Mən bildiyim qədər dırmaşmışam. Başqaları kimi bilmədiyim qədər dırmaşsaydım, indi buludlarda gəzirdim.
  • Gulshan Jabihas quoted2 years ago
    Qış gecələrinin birində camaat bir evə yığışıb vaxt keçirirmişlər. Oradan-buradan söz düşür, hərə öz gücündən, qüvvətindən danışır. Növbə Mollaya çatanda deyir:

    – Düzdü, mən qocalmışam, ancaq ona baxmayın, gücüm elə əvvəlki kimidir. Heç azalmayıb.

    Soruşurlar:

    – Nədən bilirsən?

    Molla deyir:

    – Ondan bilirəm ki, bizim həyətdə bir yekə daş var. Mən uşaqlıqda da onu götürə bilmirdim, cavanlıqda da götürə bilmirdim, indi də götürə bilmirəm.
  • Gulshan Jabihas quoted2 years ago
    Günlərin birində bir nəfər Molla Nəsrəddinin yanına gəlir ki:

    – Molla, evimizin yolunda bir it var, mənim günümü lap qara eləyib. Qorxudan evə də gedə bilmirəm. Eşitmişəm ərəb dilində bir dua var ki, onu oxuyanda itin ağzı bağlanır, adamı qapa bilmir. Xahiş eləyirəm o duanı mənə öyrədəsən.

    Molla deyir:

    – Yaxşısı budur ki, sən yanında həmişə ağac gəzdirəsən. Mən inanmıram ki, sizin yolunuzun üstündə olan o it ərəb dilini bilə.
  • Gulshan Jabihas quoted2 years ago
    Bir gün arvadı Mollaya deyir:

    – Molla, bu uşaq səhərdən axşamacan bir dəqiqə də olsun yatmayır. O qədər ağlayır ki, lap baş-beynim gedir. Sən Allah, buna bir duadan, pitikdən yaz, ya davadan-dərmandan elə, bəlkə bir az yata.

    Molla tez taxçadan Quranı götürüb deyir:

    – Al bu Quranı, uşaq ağlayanda ucadan oxu! O saat yuxulayar.

    Arvad soruşur:

    – A kişi, quran oxumaqla da uşaq yatarmı?

    Molla deyir:

    – Arvad, sən bilmirsən. Mən özüm fikir vermişəm ki, həmişə bu Quranı oxuyanda məsciddə olanların hamısı yatır.
  • Gulshan Jabihas quoted2 years ago
    Bir gün yenə də Molla saqqalını qırxdırmış idi. Görənlərdən biri soruşur:

    – Molla, yaxşı, saqqalı niyə qırxdırıb məlaikələrin məkanını dağıdıbsan?

    Molla deyir:

    – Balam, mən indiyə kimi saqqalımda bir dəfə də olsun məlaikə görməmişəm. Ora səninki kimi elə həmişə şeytan yuvası olub.
  • Gulshan Jabihas quoted2 years ago
    Teymur bir gün Molladan soruşur:

    – Molla, sən çox yaxşı bilirsən ki, keçmiş ərəb xəlifələrinin çoxusunun adı belə olub: Müvəffəqbillah, Mötəsimbillah, Mütəvəkkülbillah, Müvəkkilbillah, Müəyyidbillah...

    Molla deyir:

    – Bilirəm.

    Teymur deyir:

    – Mən də özümə belə bir ad qoymaq istəsəm, sən tapıb seçə bilərsənmi?

    Molla deyir:

    – Mənim nə tapmağım lazımdır, nə də seçməyim. Camaat özü sənin üçün belə bir ad tapıb.

    Teymur soruşur:

    – Nədi?

    Molla deyir:

    – Nəüzənbillah.
  • Gulshan Jabihas quoted2 years ago
    Günlərin birində Teymur Ləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:

    – Yenə, kim bilir, yalandan nə basıb-bağlayırsan?..

    Molla heç özünü sındırmadan baş əyib deyir:

    – Nə eləyim, qibleyi-aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram.
  • Gulshan Jabihas quoted2 years ago
    Mollanın bir dəvəsi var imiş... Günlərin birində dəvə azarlayır. Başı çıxanlar baxıb deyirlər ki, öləcək.

    Molla deyir:

    – İndi ki, öləcək, mən də onu Allah yolunda qurban kəsəcəyəm.

    Molla dəvəni qurban kəsir. Bundan sonra haraya gedirsə, ayrı heç bir söhbət eləmir. Ancaq elə Allah yolunda dəvəsini qurban kəsdiyindən danışır. Axırda deyirlər:

    – Ay Molla, indi böyük bir iş olmayıb ki, sən də Allah yolunda bir dəvə qurban kəsibsən? Baş-qulağımız getdi axı... Bir toyda deyirsən, bir qonaqlıqda.

    Molla deyir:

    – Toyda da deyəcəyəm, qonaqlıqda da, yasda da, bazarda da, küçədə də... Allah özü İsmayıldan ötrü vur-tut bircə dənə qoyun qurban verib, daha gün yoxdur ki, mollalar o barədə danışmasınlar. İşi o yerə çatdırıb ki, götürüb hələ bir Qurana da yazdırıb. Mən o boyda dəvə kəsmişəm, danışmayım?
fb2epub
Drag & drop your files (not more than 5 at once)