Gözgörəti bizimlə – ölən yoldaşlarımızın arasındakı laqeydlik səhrası uzanıb gedirdi. Mənimsə çılğın hisslərim tez-tez özbaşına işə qarışırdı. Anlaya bilmirdim ki, filmlər, əsərlər, mahnılar – bunlar hamısı müharibə baş verib qurtarandan sonra yaranır. Necə deyərlər, hər kəs çalışır ki, müharibə müharibəyə oxşasın. Heç kəs etiraf etmək istəmir ki, bu andıra qalmış müharibə heç nəyə oxşamır. Onda olan hər hey bomboz, sərt, qəddar və mənasızdı. O heç bir mənəvi dəyərə və ölçü-biçiyə sığışmır. Çünki müharibənin özü naqisliyin törəməsidir. O anlarda anlaya bilmirdim ki, tikələrə bölünmüş çoxüzlü reallıqları toplayıb yan-yana düzməyə, bütöv halda təsəvvür etməyə zaman və səbir lazımdı. Bizim həyatımızın bir parçasına çevrilən əzab-əziyyətlər, təhlükələr, ölüm-itimlər nə dövlətin, nə də ictimaiyyətin vecinədir.