həsrətimi çəkərsən
Ovudarsan özünü özün göz yaşlarınla,
Dönər həsrət gölünə gözün göz yaşlarınla,
Yanağına ələnən həzin göz yaşlarınla,
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Səksəkəli gəzərsən ayağının ucunda,
Adım çəkilmək istər dodağının ucunda.
Telefon nömrələrim barmağının ucunda,
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Ayrılıq bir dağ olsa, o dağa çəkilərsən,
Hicrana rəng qatarsan, yanağa çəkilərsən.
Bir gündə neçə dəfə sınağa çəkilərsən, –
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Hiss kimi dolaşarsan qəlbimdə qan yerinə,
Günəş kimi doğaram fikrinin dan yerinə.
Səni məndən ayıran qürbət sərhədlərinə, –
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Yellər, sellər, dənizlər aramıza yol çəkər,
Tanrı şimşəkləriylə imza atar, qol çəkər,
Bir nöqtəyə dirənən baxışların yol çəkər, –
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Min bəlanın izi var səslənən hər “eh”ində,
Qazancın qana döndü, batıb getdi behin də.
Fikrin çiçək falında, əlin qəm təsbehində, –
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
Könlümün dan yerinə doğmadın gün yerinə,
Dar ağacı qurursan dünyanın gen yerinə.
Bezdən kəfən olurmu, ölsəm kəfən yerinə –
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.
2008