husluhas quoted8 years ago
Birinci Hissə

1.
Məryəm ilk dəfə “harami” sözünü eşidəndə beş yaşında idi.
Gərək ki, cümə axşamı günü idi. Həmin gün o, çox narahat idi, özünə yer tapmırdı. Axı Cəlil həftənin həmin günləri onlara gəlirdi. Vaxtı tələsdirmək üçün (bax, indi Cəlil görünəcək, uzaqdan ona əl eləyib, dizəcən qalxan otlar arasından keçib yaxınlaşacaq) Məryəm stulun üstünə çıxıb rəfdən anasının çini çay servizini götürmək istədi. Serviz anasına (onun adı Nana idi) nənəsindən qalmış yeganə yadigar idi. Nənəsi öləndə anasının iki yaşı varmış. Nana servizin üstündə əsirdi, quş və nəbati rəsmlərlə bəzədilmiş ağ-mavi çini servizin hər bir fincanını, göz oxşayan, incə lüləli nəfis çaydanını, şər ruhları qovan əjdaha təsvir olunmuş qənddanını silib parıldadırdı.
Amma elə həmin qənddan Məryəmin əlindən düşüb sındı – daxmanın taxta döşəməsinə dəyib çilik-çilik oldu.
Qənddanın qırıqlarını görəndə Nananın rəngi qızardı, üst dodağı əsdi, adətən, yorğun və lütfkar olan baxışları Məryəmə zilləndi. Nana elə baxırdı ki, qızı dəhşət bürüdü – indi yenə anasının cini tutacaq. Amma, deyəsən, bu dəfə yaxşı qurtardı. Anası biləklərindən tutub onu özünə tərəf çəkdi, dişlərini qıcayıb dedi:
– Gicbəsərin biri, asta tərpənə bilmirsən? Əzablarımın əvəzi budur? Belə şeyi sındırarlar!
Onda Məryəm bu sözü başa düşmürdü. Bilmirdi ki, “harami”, “bic” nə deməkdi. Yaşına görə, tifil bu haqsızlığı qiymətləndirə də bilmirdi ki, desin – haramını günahkarlar gətirir dünyaya, haramı neyləsin? Amma fəhm edirdi ki, anası bu sözü bu sayaq deyirsə, demək nəsə pis sözdü. “Haramı” nəsə həşərat kimi, tarakan kimi iyrənc bir şeydi, Nana da həmişə onları deyinə-deyinə daxmadan süpürüb atır.
Sonralar, Məryəm bir az böyüyəndə başa düşdü. Anasının səsində elə bir hiddət vardı ki, elə bil o, bu sözü qızcığazın üzünə tüpürüb deyirdi – “harami”, yəni, heç kimə lazım olmayan bir şey, yəni, o – Məryəm özü, başqalarının hər şeyə haqqı olduğu halda, onun heç nəyə haqqı yoxdur – nə sevgiyə, nə ailəyə, nə ev-eşiyə. Onu heç kim qəbul etmir.
Cəlil Məryəmə heç vaxt belə demirdi. Cəlil ona “gülüm”, “çiçəyim” deyirdi. Dizləri üstə əyləşdirib Heratdan danışırdı ona. O şəhərdən ki, 1959-cu ildə Məryəm orada anadan olmuşdu. Cəlil deyirdi ki, bir zamanlar Herat fars mədəniyyətinin beşiyi olub, yazıçıların, rəssamların, həm də sufilərin vətənidir bu şəhər.
– Burada qədəmini atırsan, ayağın hansısa bir şairin böyrünə ilişir, – gülə-gülə deyirdi Cəlil.
Cəlil ona on beşinci əsrdə özünün Herata sevgisini əbədiləşdirmək üçün burada möhtəşəm minarələr ucaltmış məlikə Göv
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)