b0497577606has quoted8 years ago
Vyana, ikinci gün,
19 iyun 1884-cü il

Mənim dəfinəm!
Bildiyin kimi, mən səndən aldığım könülaçan məktublarına həmişə geniş cavablar yazmışam, ancaq bugün sənə çox qısa bir cavab yazmalı olacağam. Biz tezliklə görüşüb üz-üzə danışa biləcəyimiz üçün, uzun-uzadı yazmağa gərək duymuram. “Yuber Koka” tibbi terapiya dərgisi üçün yazdığım məqalənin əlyazmasının yarısını bugün gözdən keçirib redaktə elədim.
Bugünlərdə qazandığım iki qızıl pulu da, dünən və bugün dərs keçməyə vaxt tapmadığım öyrəncilərimdən aldığım təhsil haqqını qaytarmağa xərcləməli oldum.
İndi qarşımda ikinci elmi işimin əlyazması durub, mən gərək indi onu oxuyub, əl gəzdirəm, ətə-qana gətirəm və bununla da dərgi qarşısında götürdüyüm öhdəliyimi yerinə yetirəm (Burada, Froud “Əsəb sistemi elementlərinin quruluşu” adlı elmi ­məqaləsindən söz açır). Mən indi aslan kimi sağlam və güclüyəm, sevinc və xoşbəxtlik dolu bir ömür sürürəm. İşlərimin başımdan aşması mənim ovqatımı korlaya bilmir. Bu yaxınlarda Beyer mənə yüksək maaşlı bir vəzifə verib: mən indi hər gün ruhi xəstələri gəzintiyə çıxarıram, inana bilməzsən, bu gəzintidə onlara necə dözümlü yanaşıram, onların ürəkləri nə istəyirsə eləmələrinə yol verirəm. Ancaq bu, psixoloji baxımdan çox ağır olan iş də, məni yormur.
Sevgilim, mənə yazdığın məktubda söz açdığın, o qaranlıq düşüncələrini özündən uzaqlaşdır. Sən mənim uğura necə çatmaq istədiyimi bilirsən: mən gördüyüm işin uğurla bitəcəyindən arxayınam və araşdırıcı-həkim kimi işləməyə başlayandan sonra mənim işlərim günü-gündən yaxşılığa doğru gedəcəkdir. Mən də, qabaqlar belə düşkünlüklərə sıx-sıx qapılardım. Ancaq indi sən mənim yaşamımın “başlıca prinsipinə” çevriləndən sonra, bütün düşüncələrim sənə necə qulluq eləmək üzərində toplanıbdır. İndi ömrümün başlıca dəyəri bununla bağlıdır, bu olmadan mənim üçün yaşamağın heç bir dəyəri və anlamı yoxdur. Mən çox inadcılam və elmi araşdırmalarımda risk eləməkdən qorxan da deyiləm. Gördüyüm işin dəyərinə inandımmı, məni bundan çəkindirmək olmaz, elə buna görə də, ağıllı sayılan insanların bir çoxunun baş qoşmaq istəmədikləri çoxlu işləri görməyə girişib onları uğurla başa çatdırmağı çox sevirəm. Düzdür, elmi çalışmalara qoşulmaq üçün mənim bir böyük çatışmazlığım da var: mən, maddi baxımdan, çox yoxsulam. Başqa yandan da mən, bir çox yoxsul qızın da taleyini öz taleyimlə bağlamaq istədiyim üçün, dünyanın ən qaragünlü kişilərindən biriyəm. Ona görə də, beləcə, aradabir boş ümidlərə qapılmaqla olsa da, var gücü ilə çalışmaq, tez-tez riskə getmək, yorulmaq bilmədən işləmək gərəkir. Sıradan bir burjuanın düşüncəsinə görə, mən yolunu azmış, itirilmiş bir insanam. Bütün bunlarla yanaşı səni görməyə də imkanım yoxdur. Gərək səninlə görüşə bilmək üçün hələ bir üç ay da gözləyəm, bunun niyəsi isə, səninlə aramızda olan ilişkilərin hələ də sonacan aydınlaşmamasıdır.
Üç aydan sonra qardaşın Eli Hamburqa gəlib səni də buraya gətirəcəkdir. Umarım, durum və işlərin gedişi bu görüşümüzün baş tutmasını əngəlləyə ­bilməyəcəkdir.
Sözün qısası, mən demək olar, gələcəyin necə olacağını bilmirəm. Bununla hesablaşmağa məcburam, ancaq bir şeydən arxayınam, yaxın gələcəkdə məni – sənin əllərini ovucumda tutmaq sevinci gözləyir. Bu sevinc isə, mənə yemək və içmək qədər zəruridir. Bilirəm, isti ata ocağında dinclik içində keçən ömründən bir neçə həftəni oğurlamaqla səni sıxıntıya salıram. Ancaq mən içimdə qaynayıb coşan istəyimə qarşı çıxası deyiləm və onu gerçəkləşdirmək üçün heç bir maneədən və riskdən də çəkinmirəm. Mən sənin qarşında güclü görünmək istəyirəm, Marta!
Bu qısa dincəlməkdən sonra mən yeni bir güclə öz elmi sınaqlarımı davam elətdirəcəyəm, bu sınaqlar mənim çoxlu vaxtımı və enerjimi alsalar da, ancaq onlara ayırdığım üç ay ərzində, inanmıram, mənə nəsə bir gözədəyən qazanc gətirsinlər. Bu işdə qazanc çox azdır, bununla çox az pul toplaya bilirsən, habelə, çoxlu vaxt itirməli olursan. Belə bir acınacaqlı durumu göz önünə gətirə bilərsənmi: mənim pulqabımda min ədəd qızıl pul var, ancaq bacılarım Roza ilə Dolfi aclıq çəkirlər? Sözsüz, mən qazandığım pulların, ən azı, yarısını onlara verəcəyəm, özümə qalan pulla isə, yenidən pul qazana bilənədək, ölmə-diril yaşamalı olacağam.
Ola bilsin, mən bacılarıma qarşı həmişə yetərincə düzgün davranmıram. Ancaq mən onlarla bağlı davranışımda vicdanımın səsinə qulaq asmağa çalışıram. Mənim üçün özümlə anlaşmaq çox önəmlidir.
Bugün Panet işlə bağlı olaraq mənim yanıma gəlmişdi. Bu adamı bəyənməsəm də, onunla soyuqqanlı və toxtaq davranmağa çalışdım. Mən öz duyumuma çox güvənirəm. Panet kimi, mənə qarşı çıxan adamlar varsa da, ancaq mənim elmi baxışlarımı doğru sayanlar da az deyil.
Tezliklə görüşəcəyimizə inanıram, mənim sevgilim. Sağlamlığının qayğısına qal, indicə yenə, çap olunacaq yazımın korrekturasını yoxlamaq üçün gətirdilər, ona görə də, məktubumu bitirməli oluram.
Sənin Ziqmundun
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)