b0497577606has quoted8 years ago
XIII FƏSİL
İclas

İclas!
“ABC” işi ilə bağlı xatirələrimdə iclaslar əsas yer tuturlar.
Skotlend-Yardda iclas. Puaronun mənzilində. Rəsmi iclas. Qeyri-rəsmi iclas.
Biz bu iclasa, anonim məktublara aid faktları mətbuata bildirməyin lazım olub-olmadığına qərar vermək üçün ­yığışmışdıq.
Endoverdəki qətllə müqayisədə Bekhilldəki qətl özünə daha çox diqqət cəlb etmişdi. Qurban gənc qız idi. Qətl məşhur dənizkənarı kurortda baş vermişdi.
Qətlin bütün detalları qəzetlərə tam şəkildə bildirilmişdi və hər gün dönə-dönə təkrarlanırdı. “ABC” məlumat kitabçası da diqqətdən kənarda qalmırdı. Qəzetlərin sevimli nəzəriyyəsi bundan ibarət idi ki, qatil kitabçanı həmin yerdən alıb və bu dəyərli dəlil onun şəxsiyyətinin təyin edilməsi üçündür. Heç demə, məlumat kitabçası qatilin cinayət yerinə qatarla gəldiyini və Londona getmək niyyətində olduğunu sübut edirmiş.
Endoverdəki qətllərin qısa xülasəsi zamanı isə dəmiryol məlumat kitabçası qətiyyən yada düşmürdü, çünki cəmiyyətin gözündə bu iki cinayətin bir-biri ilə əlaqəsi yox idi.
– Biz indi öz hərəkət xəttimizi seçməliyik, – komissarın köməkçisi dedi. – Məsələ burasındadır ki, hansı yolla yaxşı nəticə əldə edə biləcəyik. Əgər biz faktları camaata açsaq və ictimaiyyətin dəstəyini istəsək, bu, nəhayət, dəlinin axtarışına düşən bir neçə milyonlarla adamın bizimlə əməkdaşlığı deməkdir....
– O, dəli deyil, – həkim Tomson bildirdi.
– Camaat məlumat kitabçası satılan yerlərə diqqət edəcək və sair. Bir tərəfdən də, düşünürəm ki, hazırkı adama bizim niyyətlərimizi bəyan etməyən “qaranlıq” işin də faydası var. Amma elə məsələ də burasındadır ki, o, onsuz da bizə məlum olanları bilir. Öz məktubları ilə bütün diqqəti qəsdən özünə yönəldir. Bəs siz necə fikirləşirsiniz, Kroum?
– Mən də belə düşünürəm, ser. Əgər bütün bunları hamıya bəyan etsəniz, onda “ABC”-ni oyuna daha çox cəlb etmiş olacaqsınız. Onun da can atdığı elə budur. Haqlıyam, elə deyilmi, həkim? O, səs-küylü mövzu həvəsindədir.
Tompson başı ilə təsdiq etdi.
Komissar köməkçisi fikirli halda dilləndi:
– Deməli, belə, siz onu, arzuladığı kimi, daha da şöhrətləndirməməyin tərəfdarısınız. Bəs sizin fikriniz necədir, müsyö Puaro?
Puaro bir dəqiqəliyinə susaraq durdu. Sonra isə sözlərini diqqətlə seçə-seçə söylədi:
– Söyləmək çətindir, mister Layoneyl. Bildiyiniz kimi, mən də maraqlı tərəflərdən biriyəm. Burada qatil mənə meydan oxuyur. Əgər mən desəm ki, “Faktları gizli saxlayın, camaata bildirməyin”, bu davranış mənim daxilimdəki şöhrətbazlığımdan xəbər verməzmi? Məgər etibarlılığım barədə qorxu keçirdiyimi söyləməzmi? Çətin vəziyyətdir! Bir tərəfdən, hər şeyi olduğu kimi söyləməyin də bir üstünlüyü var. Bu, ən azı xəbərdarlıqdır... Digər tərəfdən də müfəttiş Kroum kimi, mən də inanıram ki, qatil bizdən məhz bunu gözləyir.
– Hmm! – komissarın köməkçisi dedi və əli ilə çənəsini ovxaladı. Masanın o biri başındakı həkim Tomsona baxdı. – Təsəvvür edək ki, biz, ictimaiyyətə heç nə bildirməyərək, o dəliyə can atdığı həzzi vermədik. Bəs onda o nə edəcək?
– Yeni cinayət törədəcək, – həkim yubanmadan cavab verdi. – Onu buna siz özünüz təhrik edəcəksiniz.
– Bəs bu əhvalat qəzetlərin ilk səhifəsini tutarsa necə? O zaman onun reaksiyası nə olacaq?
– Elə eyni cür. Bir üsulla siz onda meqalomaniyanı alovlandırır, digər üsulla isə boğursunuz. Nəticə isə eyni cür olacaq – yeni cinayət törətmək.
– Bəs siz buna nə fikir söylərdiniz, müsyö Puaro?
– Mən həkim Tompsonun fikri ilə razıyam.
– Biz indi iki yol ayrıcında qalmışıq, elə deyilmi? Necə düşünürsünüz, bu dəlinin ağlında daha neçə cinayət ­işləmək var?
Həkim Tompson Puaroya baxdı:
– Görünür, əlifbadakı bütün hərflərin sayı qədər, – həkim şən səslə cavab verdi. – Təbii ki, o, əlifbanın sonuna kimi gedib çıxa bilməyəcək. Hətta ortalarına da çata bilməz. O qədərə kimi siz onun izini çoxdan tapmış ­olacaqsınız. Maraqlıdır, görəsən, o, “X” hərfi problemini necə həll edib. – Lakin bu anda həkim utanaraq xoş mülahizələrini yarımçıq qoydu və daha ciddi səslə dedi. – Amma siz onu daha tez tutacaqsınız. Deyək ki, “G” və ya “H” hərfində.
Komissar köməkçisi yumruğu ilə masaya vurdu.
– Lənət şeytana! Siz nə danışırsınız, demək istəyirsiniz ki, bizi irəlidə hələ beş cinayət gözləyir?!
– O qədər olmayacaq, ser, – müfəttiş Kroum dedi, – inanın mənə.
Onun səsi əminliklə səslənirdi.
– Müfəttiş, siz onun qarşısını əlifbanın hansı hərfində alacaqsınız? – Puaro sual verdi.
Onun səsində cüzi seziləcək rişxənd duyulurdu. Mənə elə gəldi ki, Kroum, adətən, alışdığımız sakit mükəmməl adam hissini dəyişərək Puaroya bir qədər antipatiya ilə baxdı:
– Ola bilsin, növbəti hərfdə, müsyö Puaro. Hər halda, o, “F”-ə gedənə kimi onu həbs edə biləcəm. – O, üzünü komissarın köməkçisinə tutdu:
– Elə hesab edirəm ki, qatilin psixologiyası mənə tamamilə aydındır. Əgər nəsə səhv etsəm, həkim Tompson səhvimi düzəldər. Güman edirəm ki, “ABC” hər dəfə qətl törədəndə onun özünə əminliyi az qala yüz faizə kimi qalxır. O, hər dəfə düşünür: “Mən ağıllıyam, onlar məni tuta bilməzlər!” – və o qədər özündənrazı olacaq ki, ehtiyatlılığı itirəcək. O, öz ağlını və başqalarının axmaqlığını çox böyüdür. Bir qədər də keçdikdən sonra o, ümumiyyətlə, hansısa bir ehtiyat tədbiri görməyi yaddan çıxaracaq. Düzdür, həkim?
Tompson başını tərpətdi:
– Bəli, adətən, elə bu cür də olur. Tibbi terminlərdən istifadə etmədən bu halı daha yaxşı şərh etmək mümkün olmazdı. Siz bu cür şeylər barədə nəsə bilirsinizmi, müsyö Puaro? Fikrimizlə razı deyilsinizmi?
Tompsonun Puaroya müraciət etməsinin Kroumun ürəyincə olduğunu düşünmürəm. O, bu sahədə özünü yeganə mütəxəssis hesab edirdi.
– Müfəttiş Kroum haqlıdır, – Puaro razılaşdı.
– Cani paranoikdir, – həkim mızıldandı.
Puaro Krouma sarı çevrildi:
– Bekshill işində maraqlı nəsə bir fakt varmı?
– Dəqiq heç nə yoxdur. İstborndakı “Splandid” kafesindən olan ofisiant mərhumun şəklini tanıdı: qız ayın on dördü orada eynək taxmış orta yaşlı kişi ilə birlikdə şam edib. Şəkli həm də Bekshill ilə London arasındakı yolun yarısında yerləşən yolüstü kafedə də tanıdılar. Orada dedilər ki, qız oraya iyirmi dördü günü saat təxminən doqquzda hərbi dəniz zabitinə oxşayan bir kişi ilə gəlibmiş. Onlardan hər ikisi eyni zamanda haqlı ola bilməzlər, lakin ikisindən biri ola bilər ki, haqlı olsun. Əlbəttə ki, şəkli çox adam tanıdı, amma onlardan əksəriyyətinin heç bir faydası yoxdur. Biz “ABC”-nin izini tapa bilmədik.
– Yaxşı, görünür, siz bacardığınız hər şeyi etmisiniz, Kroum, – komissar köməkçisi dedi. – Bəs siz nə düşünürsünüz, müsyö Puaro? Hansı istintaq xətti sizə daha səmərəli görünür?
Puaro asta-asta cavab verdi:
– Mənə belə gəlir ki, burada çox vacib olan bir açar var – qətlin motivi.
– Məgər bu açıq-aşkar deyil? Əlifba kompleksi göz önündədir. Deyəsən, siz bunu belə adlandırırdınız, hə, ­həkim?
– Bəli, – Puaro dedi, – bu, əlifba kompleksidir. Amma axı nəyə görə əlifba kompleksi? Ruhi xəstələrin cinayəti törətmək üçün həmişə ciddi səbəbləri olur.
– Bəsdirin görək, müsyö Puaro, – Kroum başını yellədi. – Götürək min doqquz yüz iyirmi doqquzuncu ildəki Stounmenin işini. O, onu bir balaca qıcıqlandıran hər kəsin axırına çıxırdı.
Puaro üzünü ona sarı çevirdi:
– Düzdür. Əgər siz kifayət qədər məşhur və vacib şəxssinizsə, onda gərək ən xırda qıcıqlardan da təcrid olunasınız. Əgər milçək alnınıza dəfələrlə təkrar-təkrar qonaraq sizi özünüzdən çıxarırsa, nə edirsiniz? Siz onu öldürmək niyyətinə düşürsünüz. Buna sizin şübhəniz yoxdur. Siz vacibsiniz, milçəksə yox. Siz milçəyi öldürürsünüz və əsəbiniz keçib gedir. Hərəkətiniz sizə kamil və adil görünür. Milçəyi öldürməyə başqa bir səbəb isə gigiyenaya olan həvəsiniz ola bilər. Milçək xəstəlik mənbəyi ola bilər, bu səbəbdən də onu öldürmək lazımdır. Psixi cəhətdən normal olmayan caninin də beyni belə işləyir. İndi isə bizim hala baxaq. Əgər qurbanları əlifba sırası üzrə seçirlərsə, demək, qatil onları özü üçün əsəb mənbəyi olduqlarına görə qətlə yetirmir. Bu iki faktın birlikdə olması həddən artıq nadir təsadüfdür.
– Bütün məsələ də elə bundadır, – həkim Tompson dedi. – Bir hadisəni xatırlayıram. Bir arvadın əri ölüm cəzasına məhkum olunmuşdu. O, andlıları bir-birinin ­ardınca öldürməyə başlamışdı. Bütün bu cinayətləri bir-biri ilə əlaqələndirənə kimi az vaxt keçmədi. Onların hamısı əsl təsadüf kimi görünürdü. Lakin, müsyö Puaronun da dediyi kimi, qatil cinayəti kor-koranə törətmir. O, insanları ya az əhəmiyyətli olsalar belə ona mane olduqları üçün, ya da inancına görə öldürür. O, ya kahinləri, ya polisləri, ya da fahişələri onların aradan götürülməsinin vacibliyinə inandığı üçün öldürür. Mənim anladığım qədəri ilə, bu dəfəki fərqli vəziyyətdir. Missis Eşer ilə Betti Barnardı bir qrupda birləşdirmək olmaz. Əlbəttə, ola bilsin ki, bu, seksual kompleksdir. Hər iki qurbanlar qadındır. Təbii ki, növbəti qətldən sonra bu bizə məlum olacaq...
– Rica edirəm, Tompson, növbəti cinayətdən belə dil-dil ötməyin! – ser Layonel əsəbi səslə qışqırdı. – Biz növbəti qətlin qarşısını almaq üçün əlimizdən gələni etməliyik.
Həkim Tompson susdu və bir qədər meydan oxuyurcasına burnunu sildi.
– Öz variantlarınızı təklif edin. Əgər faktları görmək istəmirsinizsə...
Komissarın köməkçisi Puaroya müraciət etdi:
– Mən sizin nəyə eyham vurduğunuzu anlayıram, amma hələlik mənə hər şey aydın deyil.
– Mən özüm özümdən soruşuram, – Puaro dedi, – qatil məhz necə düşünüb? Məktublarından da görünür ki, o, maraq xətrinə, özünü əyləndirmək üçün öldürür. O, həqiqətən də belə ola bilərmi? Əgər belədirsə, onda qurbanlarını əlifba sırasından başqa hansı prinsip əsasında seçir? Əgər o, qətli əyləncə xətrinə törədirsə, o zaman əvəzində cəza çəkmədən öldürmək üçün bunu reklam etməzdi ki. Amma yox, o, bizim də qeyd etdiyimiz kimi, cəmiyyətin nəzərində sensasiya yaradaraq özünü məmnun salmaq üçün öldürür. Onun fərdiliyi hansı yolla kölgədə qoyulur? Hazırkı vaxta qədər seçdiyi iki qurbanla onları necə əlaqələndirmək olar? Və sonuncu: onun motivi əsasında mənə, Erkül Puaroya qarşı yönəltdiyi şəxsi nifrət durmur ki? Karyeram boyunca nə vaxtsa özüm də bilmədən ona vurduğum zərbəyə görə məni camaat qarşısında təkbətək döyüşə çağırmır ki? Yoxsa onun ədavəti mətləbsizdir və istənilən əcnəbiyə qarşı yönəlib? Əgər belədirsə, onda onu buna gətirib çıxaran səbəblər nədir? Əcnəbilər onu nə ilə pərt ediblər?
– Bu suallar adamı düşünməyə vadar edir, – həkim Tompson dedi.
Müfəttiş Kroum boğazını arıtladı:
– Eləmi? Amma bu suallara cavab vermək asan deyil.
– Bununla belə, dostum, – Puaro ona müraciət etdi,
– qərar məhz elə bu sualların altında gizlənir. Biz əgər bizim ağılsızın, bizim üçün bəlkə də fantastik, lakin onun özü üçünsə məntiqli görünən bu cinayətləri törətməsinin əsl səbəbini bilsəydik, o zaman, olsun ki, onun növbəti qurbanının kim olacağını ehtimal edə bilərdik.
Kroum başını yellədi:
– O, onları tamamilə təsadüfən seçir – bu mənim ­fikrimdir.
– Rəhmli qatil, – Puaro burnunun altında mızıldandı.
– Nə dediniz?
– Deyirəm, rəhmli qatil! Əgər “ABC”-nin xəbərdaredici məktubu olmasaydı, Franç Eşer arvadının qətlinə görə, Donald Freyzer isə Betti Barnardın ölümünə görə həbs edilə bilərdi. Yoxsa o, elə ürəyiyumşaqdır ki, başqalarına əzab çəkdirməyə ürəyi tab gətirmir?
– Daha qəribə hallar da olur, – həkim Tompson qeyd etdi. – Mən onlarla adamı öldürən caniləri tanıyıram, onlardan bəziləri qurbanlarından birinin dərhal ölməyib əzab çəkmələrinə dözə bilmirdi. Elə, ya belə, düşünmürəm ki, bunlar bizim qatilə aiddir. O, şəxsi şan-şöhrətini artırmaq istəyir. Bu cür izahat daha çox ağlabatandır.
– Biz hələ də mətbuata bildirməyə dair bir qərara gələ bilməmişik, – komissarın köməkçisi dedi.
– Mənim bir təklifim var, ser, – Kroum söhbətə qarışdı. – Bəlkə gələn dəfəki məktubu gözləyək? Onda o məktubu mətbuata verərik, qəzetlərin təcili nəşrinə və sair. Bu, adı çəkiləcək şəhərdə bir qədər çaxnaşmaya səbəb olacaq, amma, bununla belə, soyadları C (Si) hərfi ilə başlayan hər kəsi sayıq olmağa vadar edəcək, “ABC”– nin mətinliyini isə bir daha sınayacaq. Bu onu hərəkətə keçməyə məcbur edəcək. Və o zaman biz də onu tutacağıq.
Gələcəyin bizə nə bəxş edəcəyi barədə biz necə də az şey bilirikmişik....
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)