b0497577606
b0497577606sitat gətirir4 il öncə
8

Ertəsi gün acizanə xahişimi yerə salmayan Lena mənimlə Petrofa getməyə razılıq verdi. Onun həddən artıq tez razılaşması əslində qeyri-səmimilik əlamətiydi. Ancaq mən onda bunun fərqinə varmamışdım. Pyotr Velikiy mənim yerimdə olsaydı, nə əmr edərdi? Həmin dəqiqə onu şikəst etməyi əmr edərdi. Karser, ya da şallaq cəzası kəsərdi. Yaxud da mənim kimi onu özünün yay iqamətgahı olan Monplezirdəki kölgəli xiyabanın dərinliklərinə, tozağacıların və şam ağaclarının arasına çəkib aparardı. Buradan, ilk bahar yarpaqlarının arasından Kronştanta gedən buzqıran gəmiyə tamaşa etmək olardı. Mən, bu qayğısız qızcığazın heç vecinə də deyildim, bunu adi gözlə də görmək olardı. O yalnız finalist olmaq üçün ona kömək etməyimi istəyirdi, vəssalam. Ancaq ucsuz-bucaqsız səma altında Fin körfəzinin mənzərəsi, bəyaz günəş, mehriban buludlar və onun qırmızı kərpicdən olan yerli Trianon boyunca uşaq kimi gəzişməsi... Mənə elə gəlirdi ki, musiqiyə qulaq asıram. Belə görüntü qarşısında sözün əsl mənasında sınmışdım, əziz küre, axı neyləyim, mən estetəm. Bu ekspedisiyaya bir xeyli pul qoymuşam. İndisə bu balaca dik döşlü, incə belli, burnu fırtıqlı, herontofil qıza dəlicəsinə aşiq olmaqdan savayı özgə yolum qalmamışdı. Lena möcüzəli fəvvarənin şırnağına baş vuraraq oynaqlayırdı. Yağış yağdı, məni dərdə saldı. Ciyərlərim təmiz, şortəhər havayla dolurdu. Bu dəm yaxın zamanlarda Pasternakdan oxuduğum sətirlər yadıma düşdü:

“Qrud pod poçelui, kak pod rukomoynik!

Raskolış je duşu! Vsyo sevodnya vıpen.”72

Öpüşlərin hikmətindən
Qəlbim bulaqtək çağlayır.
Sən də gəl iç! Aç qəlbini!
Qoy od tutub alovlansın bu könül!

Nəhəng gül şəkilli fəvvarədən çilənən su onu başdan-ayağa islatmışdı. İslanmış kofta döş gilələrinə yapışmışdı, nazik parçanın altından onlar aydın sezilirdilər. Gilələrin çəhrayı rəngi dodağının rənginə düşürdü, alnısa çay kimi yuxarıdan aşağı axaraq döş təpəciklərinin arasına tökülən gur saçlarının altında itib-batmışdı... Onun ayağının altında yer də titrəyirdi və mən bu xaçaçuran palçığına qərq olmaq istəyirdim. Görəsən, harmoniyaya tərif vermək olar? Görünür mən nəhayət ki, üzərində Baltikyanı ərazinin yaz mənzərələri əks olunmuş açıqcanın tam hüquqlu surətinə çevrilmişdim.
Elə bil, mənim eybəcərliyimi və zəifliyimi bağışlamışdılar: mən artıq burada yad kimi görünmürdüm. Onun gözəlliyi mənim üzümə məsum bir dünyanın qapılarını açdı, sadəlövhlük həyatımı asanlaşdırdı, bu bir dəqiqəlik tənəffüs mənə stilnoksdan əldə edə bilmədiyim effekti bəxş etmişdi. Bəzən məqsədinə çatdığını duymaq üçün bircə an bəs edir. Siz nə vaxtsa bunu hiss etmisiniz? Olur ki, tərpənməyə qorxursan ki, birdən nəyisə qırarsan. Tanrı mənə əl uzatmışdı, hiss edirdim ki, hazıram. Firavanlıq — məhz o andı, çünki belə dəqiqələrdə nə keçmiş, nə də gələcək mövcud olmur. Sən də peyzaja çevrilirsən.
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl