bookmate game
b4249537047has quoted7 years ago
gəldi. Amma yenə gözlərimi çəkmədən onu izləyirdim.
Bilirdim: sağalsaydı, onsuz da məni atacaqdı ­­
– çəkilmənin ucsuz-bucaqsız dənizə apardığı tör-töküntü kimi üzüb gedəcəkdi.
Bütün ehtirasımı ona göstərdiyim qayğıya verdim. Bunda heç bir məqsədim yox idi! Bunu kimsə bilir? Bəyəm ərimin həyatının son saatlarında axıtdığım göz yaşlarımın ayrılıq yaşı, məni gündən-günə yandırıb külə döndərən ehtiras yaşı olduğunu kimsə bilir?..”
Esuko ərinin aparıldığı günü xatırlayırdı: xərəkdə telefonla sifariş edilmiş maşına qoyub daxili xəstəliklər həkimi Koisicavanın xəstəxanasına apardılar – Ryösuke ­onunla yaxın tanış idi; ərinin hospitala aparılmasından üç gün sonra həyəsızcasına palataya gələn qızla (onu Ryösukenin fotolarında görmüşdü) gecə əməlli-başlı dava-dalaş saldığı indi də yadındaydı. Qız buranı necə iyləyib tapmışdı? Olmaya ərinin iş yoldaşlarının hansındansa öyrənmişdi? Axı heç kəsə xəbər verməmişdilər. Yoxsa bu qızlar qancıq kimi xəstəliyi qoxuyla duyurlar? Bir qız da gəlib çıxdı. Sonra başqa bir qadın üç gün dalbadal gəldi. Ardınca biri də peyda oldu. Aradabir onlar bir-birilə rastlaşır, bir-birinə nifrət dolu nəzər salıb dağılışırdılar. Esuko kiminsə onların İki Tənhalıq Adasına müdaxilə eləməsini istəmirdi. Ryösukenin ağır vəziyyətdə olması barədə birinci teleqramı Maydenə onun öldüyü gün verdi. Diaqnozu biləndə çox sevinmişdi. Hospitalın ikinci mərtəbəsində üç palata vardı. Dəhlizin qurtaracağında pəncərə – yaraşıqsız şəhər mənzərəsinə açılan pəncərə də vardı.
Krezol12 yağının qoxusu dəhlizi doldurmuşdu. Esuko bu qoxunu xoşlayırdı. Hər dəfə Ryösuke qısa müddətə şüurunu itirəndə dərmanların və dezinfeksiyanın qoxusu hopmuş havanı ciyərlərinə çəkə-çəkə dəhlizdə o baş-bu başa var-gəl eləyirdi. O, otağın havasıyla nəfəs almağa üstünlük verib küçəyə çıxmırdı. Bəlkə ona görə ki, hospitaldakı hava xəstəliyin və ölümün qabağını alırdı, oradan həyat qoxusu gəlirdi. Dərmanların sərt, kəskin iyi onu səhər mehi kimi əməlli-başlı cana gətirirdi.
* * *
On gün ərzində Ryösukenin hərarəti qırx dərəcəyədək qalxdı. Esuko xəstə ərindən aralanmırdı. Ryösuke qızdırmadan yanırdı; o bu qızdırma bürüncəyindən xilas olmaq, bu manqaldan sürünüb çıxmaq üçün əzab dolu cəhdlər eləyirdi. Elə bil marafon qaçışının ən öndə gedəni kimi burun deşiklərini şişirdir, havanı qupquru ağzıyla udurdu. Yataqda uzanıb sanki var gücüylə axırı ölüm olan məsafəyə qaçan atletin obrazını təcəssüm etdirirdi. Esukosa, elə bil, azarkeşlər dəstəsindəndi, ona ürək-dirək ­verirdi: “Qaç görək! Az qalıb, qaç!” Ryösuke gözlərini bərəldib finiş lentindən – yun adyalın kənarından yapışdı. Adyalın altından çıxan isti, üfunətli hava çürümüş otun altında yatmış heyvanın qoxusunu xatırladırdı.
Hospitalın baş həkimi səhər xəstələrə baş çəkəndə Ryesukenin sinəsini yoxladı: dərindən nəfəs aldığından sinəsi sürətlə qalxıb-enirdi. Həkim ona toxunanda hərarətdən şişmiş dəri qeyzerin isti suyu kimi barmağını geri itələdi. Bəyəm xəstəlik orqanizmin qüvvəsini daha da fəallaşdırmırmı? Sonra həkim fil sümüyündən olan steteskopunu Ryösukenin sinəsinə qoydu. Cihazın təzyiqindən dəri bir qədər solğunlaşdı. Qəfildən dəridə xırda çəhrayımtıl tər damcaları peyda oldu.
– Bu nədi? – Esuko soruşdu.
– Bu... necə deyim, – həkim zəhlətökən tərzdə aydınlaşdırmağa başladı, amma dərhal da səsinə etinasız, dostyana rəng verdi, - bu, qızılgül səpkisidi... Qızılgül sözündəndi – belə bir gül var. Səpkidi... Sonra başa salaram.
Müayinə başa çatdıqdan sonra həkim Esukonu qapıyadək ötürüb sakitcə dilləndi: “Bu, yatalaq qızdırmasıdı. Qadın yatalağıdı. Axır ki, qan analizinin nəticələrini aldıq. Ryesuke bu xəstəliyə harda yoluxa bilərdi? Dedi ki, ezamiyyətə gedəndə ­quyudan su içib. Belə-belə işlər... düzdür, diaqnoz bir qədər gecikdi, hər halda qəribə hadisədir. Bu gün sənədləri hazırlayarıq, sabahsa sizi xüsusi şöbəyə göndərəcəyik. Bizim hospitalda təcridxana nəzərdə ­tutulmayıb”.
Professor quru barmaqlarının bükümlərini yanğın təhlükəsizliyi barədə plakat asılmış divara döyəcləyə-döyəcləyə gözlərinin altı qaralmış, xəstə ərinin yanında yuxusuzluqdan əldən düşmüş qadının yalvarışla şikayətlənməsini gözləyirdi: “Həkim, sizdən xahiş eləyirəm! Onu ora göndərməyin, burada saxlayın. Göndərsəniz, yolda öləcək! İnsanın həyatı qanundan irəlidir. Həkim, onu yoluxucu xəstəliklər hospitalına aparmaq lazım deyil! Mümkünsə, sizin institutun təcridxanasına göndərilməsinə yardım göstərin. Həkim...”
O, təcrübəsinə əsasən Esukonun ağzından bütün bu çeynənmiş sözlərin çıxmasını darıxdırıcı maraqla gözləyirdi. Esuko susurdu.
– Yorulmusunuz? – Həkim soruşdu.
– Yox! – Qadın fədakarcasına cavab verdi.
Esuko yatalaq xəstəliyinə yoluxmaqdan qorxmurdu. Çox güman ki, onun yoluxmamasının yeganə səbəb də elə bu idi. Esuko ərinin yatağının yanına qayıdıb stulda əyləşdi və toxumağına davam elədi. Qış yaxınlaşırdı. O, soyuqlar düşənə qədər ərinə yun köynək toxumaq istəyirdi. Artıq səhərlər Ryösukenin palatası soyuq olurdu. Esuke həsir səndəlini bir ayağından çıxarıb ayaqlarını bir-birinə sürtdü – ayaqğında ağ rəngli tabi vardı.
– Bilindi xəstəliyim nədi? – Ryösuke soruşdu. O, tez-tez nəfəs alırdı, səsi də məktəbli səsinə oxşayırdı.
– Hə.
Esuko nəm əskiylə onun hərarətdən çat-çat olmuş dodaqlarını islatmaq üçün ayağa qalxdı. Bunu eləmək əvəzinə yanağını ərinin tük basmış yanağına sıxdı. Esukonun yanağını sanki qızmar qum yandırdı.
– Hər şey yaxşı olacaq! Esuko səni mütləq sağaldacaq: Təki sən narahat olma. Bax, sən ölsən, mən də ölərəm. – (Bu sözləri yalandan deməyə onu heç kim məcbur eləmirdi. Axı şahidlər yox idi, Allahasa inanmırdı.) – Bu, heç vaxt olmayacaq! Sən mütləq, mütləq sağalacaqsan!
Esuko dəli kimi dodaqlarını ərinin çat-çat olmuş dodaqlarına sıxdı. Onun ağzından, eynilə yerin tərkindən çıxırmış kimi qızmar hava seli axırdı. Esuko dodaqlarıyla ərinin dodaqlarını islatdı. Ryösuke sərt tərzdə üzünü çevirdi.
Qapının tənziflə sarınmış dəstəyi hərəkətə gəldi və qapı açıldı. Esuko cəld ərindən aralandı. Tibb bacısı içəri girib nəzərlərilə işarə elədi. Esuko ­bayıra çıxdı. Dəhlizin qurtaracağında xəz yarımpaltolu, uzun tumanlı bir qadın dayanmışdı. O, pəncərəyə söykənmişdi. Bu, şəkildəki qadın idi. İlk baxışdan onu metisə oxşatmaq olardı: gözəl, inci kimi dişləri saxta təsiri bağışlayırdı; burun pərləri enliydi. Əlində gül dəstəsi vardı. Güllərin büküldüyü yaş parafin kağız onun qırmızı rəng çəkilmiş dırnaqlarına yapışmışdı. Ayağının birini azca geri qoymuşdu. Bu duruşda hərəkətə cəhd duyulurdu. Görkəmindən qırx yaşı olardı: yaşını, sanki, pusqudan çıxmış kimi qəfildən gözlərinin kənarlarında peyda olan xırda qırışlar ələ veriridi. İlk baxışdansa ona iyirmi altı yaş ancaq verərdin.
Esuko onu nəzərlərilə dəyərləndirdi: kişilər belə qadını “sirli naməlum qadın” adlandırırlar, bəs, əslində, onlar kimdir? Bu, adicə bahalı gecə kəpənəyidi. Həm də bu qədər əzabın səbəbkarıydı! Amma Esuko bu məqamda keçmişindəki və indiki – əzablarını bir məxrəcdə, bir səbəbdə birləşdirmək halında deyildi. Müəyyən məqamda Esukonun ağrısı müstəqillik qazandı – əzabları Esukodan ayrıca (nə qədər qəribə olsa da) mövcud olmağa başladı – həm də bu ağrı özbaşına böyüməyə başladı. Bu qadın çıxarılmış diş kimi Esukoda heç bir ağrı doğurmurdu. Esuko yüngül xəstəlikdən sonra sağalan, indisə öz ölümüylə ­üz-üzə gələn xəstə kimi, yalnız bir ­gümanla əzilirdi ki, bu qadın nə vaxtsa onun bütün əzablarının səbəbkarı olub.
Yad qadın üzərində kişi adı olan vizit kartını çıxarıb dedi ki, ərinin işlədiyi firmadan gəlib, firmanın xəstə əməkdaşına baş çəkmək istəyir. Esuko cavab verdi ki, onu xəstənin palatasına apara bilməz, çünki həkimlər gələnləri içəri buraxmağı qadağan eləyiblər. Qadının sifətindən kölgə keçdi.
– Ərim məndən xahiş eləyib ki, ona baş çəkim, vəziyyətini öyrənim.
– Mənim ərimsə elə vəziyyətdədi ki, kimləsə görüşə bilməz.
– Amma hər halda, onu görməyimə imkan versəniz, ərimə deməyə sözüm olar.
– Ərinizin özü gəlsəydi, onun içəri girməsinə icazə verərdim.
– Axı niyə ərimin içəri girməsinə icazə verilir, mənimsə yox? Mən burda heç bir əsas görmürəm. Siz elə danışırsınız ki, məndə şübhə yaranır.
– Lap yaxşı! Onun palatasına heç kim girə bilməz. İndi razı qaldınız?
– Qəribə danışırsınız. Siz... siz onun arvadısınız? Siz Ryösukenin arvadısınız?
– Mən yeganə qadınam ki, onu adıyla çağıra bilirəm. Bəli, onun arvadıyam!
– Xahiş eləyirəm, mümkünsə, “yox” deməyin. Yalvarıram, yalnız baxmağıma icazə verin! Budur, zəhmət olmasa, bu mənasız şeyi götürün. Bunu onun başı üstünə qoyun.
– Minnətdaram.
– Xanım Suqimoto, onu görmək olarmı? Necədi? Xəstəliyi ciddidi?
– Heç kim bilmir o, sağalacaq, yoxsa öləcək,
– Esuko dodaqlarını əyib cavab verdi.
– Yaxşı, indi ki vəziyyət belədir, onda icazə verməsəniz də, girəcəyəm, – qadın abır-həyanı kənara qoyub təkəbbürlə dilləndi.
– Yaxşı, onda tərpənin! Belə inad göstərirsinizsə, onda özünüzü evinizdəki kimi hesab eləyin! – Esuko yol göstərdi, sonra çiyni üstündən soruşdu. – Diaqnozdan xəbəriniz var?
– Yox.
– Yatalaqdı.
Qadın ayaq saxladı, rəngi qaçdı.
-Yatala-a-aq? – O, pıçıldadı.
Esuko onun görkəmindən başa düşdü ki, həmsöhbəti kütbeyindi. Bu sözdən qorxub sanki vərəm sözünü eşidibmiş kimi, “Allah eləməsin, Allah eləməsin!” deməyə başlayan adi arvad kimi apardı. Bu qadın hətta xaç da çəkə bilərdi! Küçə qadınları belədirlər! Niyə quyruğunu qısdı axı? Esuko ­qətiyyətlə qapını onun qarşısında taybatay açdı. Bu qəfil hərəkətdən qadın diskindi. Onun bu halı Esukonu sevindirdi. Bu da azmış kimi, Esuko stulu ərinin baş tərəfinə sarı çəkib ona oturmağı təklif elədi.
Qadın qorxa-qorxa palataya girdi – geri çəkilmək artıq gec idi. Ah, Esuko qorxu bürümüş bu qadını ərinə necə də həzz ala-ala göstərirdi! Qadın yarımpaltosunu soyundu, amma onu hara qoyacağını bilmirdi. Təki yoluxucu xəstəliyə tutulmasın! Paltonu Esukoya vermək olmazdı. Axı o ərinə qulluq eləyir, onun altından tası və cürbəcür yerləri təmizləyirdi. Ən yaxşısı paltonu soyunmamaqdı – belə təhlükəsizdi. Qadın paltonu təzədən çiyninə saldı, sonra stulu geri çəkib oturdu.
Esuko ərinə vizit kartında göstərilən adı söylədi. Ryösuke yanına gələn adama ötəri baxdı, amma dinib-danışmadı. Qadın qıçlarını çarpazladı. Onun rəngi qaçmışdı, susurdu.
Esuko onun arxasında dayanıb diqqətlə ərinin sifətinə göz qoymağa başladı. O, tibb bacısısayaq gözətləyirdi. Qəfildən nədənsə narahat olmuş Esuko acı-acı köks ötürdü: “Ərim bu qadını heç sevmirsə, daha nə oldu? Belə çıxır mənim əzablarım əbəs yerə imiş? Deməli, biz sadəcə, mənasız əyləncələrlə bir-birimizi səfeh yerinə qoymuşuq? Bütün bu müddət ərzində mən sumo güləşçisi kimi rəqibin ­kölgəsiylə mübarizə aparmışam? Əgər indi ərimin gözlərində bu qadına, heç olmasa, kiçicik sevgi əlaməti görünməsə, yerimdən tərpənmərəm! Bəs əgər o bu qadını da, görüşmələrinə icazə vermədiyim o üç qadını da sevməyibsə?.. Ah!.. Mən neyləyim? Çox xoşagəlməz sonluqdur!”
Ryösuke tavana baxa-baxa qalın adyalın altında qurdalandı, adyal çarpayının kənarından azacıq aşağı sallandı. Ryesuke qıçlarını dizdən qatladı. Adyal tamam sürüşüb döşəməyə düşdü. Qadın narahat halda geri sıçradı. O, hətta adyalı düzəltmək üçün əlini belə uzatmadı. Bunu bir göz qırpımında yatağın yanına qaçan Esuko elədi.
Bu bir neçə saniyə ərzində Ryösuke nəzərlərini yanına gələn qadına doğru çevirdi. Adyalı düzəltməklə məşğul olan Esuko bu anı görmədi. Amma sövqi-təbiilə hiss etdi ki, əri ilə qadın baxışdılar, bu baxışlarda ona, Esukoya nifrət var. Ölüm ayağında olan, hərarətdən yanan xəstə gülümsəyib qadına göz vurdu.
Bu, sadəcə, sövqi-təbii deyildi, ərinin yanağı dartındığı məqamda yaranmış ehtimal idi. Həmin məqamda da Esuko sadəlövhcəsinə mülahizə yürütməyə adət eləmiş adamların başa düşə bilməyəcəyi bir yüngüllük hiss elədi.
-Narahatlıq üçün səbəb yoxdur, siz sağalacaqsınız. Ürəyiniz hamının ürəyindən sağlamdı, - qadın hissiyyatla dilləndi.
Mehriban təbəssüm Ryösukenin tük basmış sifətində dalğalandı. Qəribə sükut çökdü. Qadın cingiltili səslə güldü. Bir neçə dədiqədən sonra isə çıxıb getdi.
* * *
Həmin gecə Ryösukenin beyin iltihabı başladı. Gözləmə otağında, aşağıda radio ucadan guruldayırdı. Radioda ciyildəyən caz musiqisi səsləndirildi.
– Bu, dözülməzdi, – Ry-suke inildəyirdi. – Mən ağır xəstəyəm, üstəlik də, bu səfeh musiqini verirlər, – o, dəhşətli başağrılarından şikayətlənə-şikayətlənə çətinliklə danışırdı. Gur işıq xəstənin gözlərinə düşməsin deyə, palatadakı lampanın üstünə dəsml bağlamışdılar. Esuko tibb bacısını köməyə çağırmadan özü stulun üstünə çıxıb nazik parçadan olan dəsmalı bir də möhkəm bağladı. Elektrik lampasının işığı parçadan keçib Ryösukenin sifətinə kölgə salmış, üzünə xəstə, otabənzər bir çalar vermişdi. İncik göz yaşlarından bərq vuran gözləri qanla dolmuşdu.
– Aşağı düşüb radionu söndürəcəyəm, - Esuko dilləndi. O, toxunmağı kənara qoyub ayağa ­qalxdı. Qapıya yaxınlaşıb arxa tərəfində dəhşətli fəryad eşitdi. Bu, hücuma məruz qalmış vəhşi heyvanın bağırtısıydı. Esuko geri çevrildi. Ryösuke qalxıb yataqda oturdu. Uşaq kimi iki əllə adyaldan bərk-bərk yapışıb, gözlərini narahatlıqla qapıya zilləmişdi.
Qışqırtıya tibb bacısı da gəldi. Köməkləşib Ryösukeni yatağa uzatdılar – elə bil, o qatlama stul idi. Əlini adyalın altına qoymağa kömək elədilər. Xəstə iniltisinə ara vermirdi, amma itaətkar idi. Az sonra gözlərini vəhşi kimi oynada-oynada təzədən bağırdı:
– Esuko! Esuko!
Esukonun beyninə qəribə fikir gəldi: o, bütün qadın adlarından yalnız onun adını qışqırırdı, amma öz istəyilə yox, Esukonun təlqinilə dilinə gətirirdi, məhz nizamnamədəki bənd kimi bu cür aydınca məhz onun adını çəkməliydi – Esuko buna əmin idi.
– Yaxşı, bir dəfə də çağır!
Esuko Ryösukeyə sarı əyilib onun adını çağırmağı tələb etdi, Sonra yaxasından yapışıb silkələyəndə tibb bacısı həkimə xəbər vermək üçün qaçdı. Ryesuke boğula-boğula təzədən dilləndi:
– Esuko! Esuko!
Gecədən xeyli keçəndən sonra Ryösuke rabitəsiz sözlər söyləməyə başladı: “Qaranlıqdı! Qaranlıqdı! Qaranlıqdı! Qaranlıqdı!” O yataqdan yerə yıxılıb masanı aşırdı. Dərman dolu şüşələr, dərman içmək üçün olan qaşıq gurultu sala-sala otağa dağıldı. O, ayaqyalın şüşə qırıntılarının üzərindən keçir, qanlı izlər qoyurdu. Üç xəstəxana xidmətçisi səs-küyə qaçıb gəldilər və xəstəni sakitləşdirdilər.
Səhəri gün ona sakitləşdirici vurdular, xərəyə qoyub maşına apardılar. Ryösuke o qədər də yüngül deyilmiş. Yağış yağırdı. Hospitaldan “təcili yardım”ın dayandığı yerədək onu xərəyin üstündə çətir tutmuş Esuko müşayiət eləyirdi.
* * *
Yoluxucu xəstəliklər hospitalı. Esuko maşının eşilmiş səkilərə kölgə sala-sala dəmir körpünün o biri tərəfində dikələn bu darıxdırıcı binaya yaxınlaşdığını görəndə sifəti qeyri-ixtiyari sevincdən işıqlandı. O, nəyə sevinirdi? Bu binada özünün yeknəsəq həyatının obrazını gördü... Həyatının idealı müəyyən cizgilər alırdı. Bax, indi heç kəs onun Tənhalıq Adasına soxula bilməz! Heç kəs! Əgər kiminsə orda olmasına icazə veriləcəksə, onlar da həyatlarının mənası virusa müqavimət göstərmək olanlardı.
Sayaqlama, gecə özünü saxlaya bilməmək, qusma, diarreya, üfunət – bu ərazidə məskən salanları bax bunlar gözləyir. Bu qabalıq və abırsızlıq həyatı vəsf eləməyin yeganə formasıdı. Bunun nə ­qanunlara, nə əxlaqi bəraətlərə ehtiyacı var. Orda hər an, balıq bazarındakı kimi, hava öz mallarını təklif eləyən alverçilərin qışqırtısından titrəyir: “Sağdı! Sağdı!” Bu yer vağzala oxşayır: həyat çatır, yola düşür, gəlib-gedir, sərnişinlərin birini düşürüb yenilərini mindirirdi. Çox qarmaqarışıq yer idi! Burdakı bu bədənlərin hamısını bir virus birləşdirirdi. Həkim də, xəstə də gözəgörünməz həyatın şahidi olan virusun təcəssümüydülər. Çox vaxt həyat tərəzisində insanla virus bir-birini tarazlayırdı. Həyatın həyat naminə qələbə çaldığı yerdə xırda ehtiraslar salamat qalmır – elə onda da hər şeyə xoşbəxtlik hökm eləyir. Xoşbəxtlik, məlum olduğu kimi, tez xarab olan ərzaqdı, onu yoxa çıxmamış, dərhal həzm eləmək lazımdır!
Esuko görünməmiş ehtirasla üfunət və ölüm qoxusu çökmüş bu həyata baş vurdu. Əri daim altını batırırdı. Hospitala köçürüldüyünün səhəri günü Esuko onun nəcisində qan gördü. Qorxduğu şey baş verdi – daxili qanaxma başlamışdı.
Xəstənin hərarəti düşmüşdü, amma buna baxmayaraq, çəkisi sabit idi; sifətinin rəngi də dəyişmirdi. Bərk çarpayıda uzanıb körpə uşaq kimi qıpqırmızı yanaqlarını parıldadırdı. Dəlisov hərəkətlər üçün taqəti yox idi. Ryösuke tutqun və iyrənc halda əllərilə qarnını tutur, yaxud yumruqlarıyla sinəsini sığallayırdı. Ya da burun deşiklərinin bərabərində araladığı barmaqlarını iyləyirdi.
Yuxusuz, donuq baxışlarında indi Esukonun bütün həyatı cəmlənmişdi. Gözləri amansız küləyin və yağışın soxulduğu acı pəncərə kimi heç örtülmürdü. Ordakıların hamısı onun ərinə necə canfəşanlıqla, fədakarcasına qulluq eləməsinə təəccüblə göz qoyurdular. O, sutkada iki saat yatırdı – o da ayıq halda, xəstədən aralanmadan, yarılüt cismin, sidiyin üfunətli qoxusunu ciyərlərinə çəkə-çəkə yuxuda uçuruma yıxıla-yıxıla. Onda da çox vaxt adını eşidir, yerindən sıçrayırdı.
Həkim sonuncu tədbir kimi onun qanının dəyişdirilməsini məsləhət gördü, amma ötəri bunun da ümidsiz olduğuna işarə vurdu. Qanı dəyişdirildikdən dərhal sonra Ryösuke sakitləşib yuxuya getdi. Tibb bacısı blank gətirdi, Esuko dəhlizə çıxdı. Orda başına ovçu papağı qoymuş yeniyetmə oğlan dayanmışdı. Sifətinin xəstəhal dərisi vardı. Oğlan gözləyirdi. O, Esukonu görüb papağını çıxardı və dinməzcə təzim elədi. Başında, sol qulağının üstündə kiçik daz yer görünürdü. Gözləri azacıq çaş, burnu əməlli-başlı donqar idi.
– Sənə nə lazımdı? – Esuko soruşdu.
Yeniyetmə papağını əlində əzişdirir, sağ ayağını döşəmənin üzəriylə sürüyürdü. O dinib-danışmadı.
– Hə, bunu istəyirsən? – Esuko blankı göstərdi. Oğlan başını tərpətdi.
O, pulu alıb çıxışa sarı döndü. Esuko onun ardınca baxdı. Yun köynəyinin kürəyi bulaşmışdı. Esuko fikirləşdi ki, bu oğlanın qanı indi Ryösukenin damarlarında dövr eləyir. “Məgər, onun qanı Ryösukeyə kömək eləyəcək? Yaşlı adam qanı olsaydı, daha yaxşı olardı. Oğlan uşağından qan almaq günahdı. Guya ki, yaşlıdan qan almaq günah deyil?” Esuko yenə fikrən xəstə ərinin yanına qayıtdı. “Ryösukenin yoluxmuş qanının artığını satmaq – həm də sağlam adamlara satmaq yaxşı olardı! Onda Ryösuke sağalardı, sağlam adamlarsa qoy xəstələnsinlər. Onda şəhər büdcəsisin yoluxucu xəstəliklər hospitalının saxlanmasına ayırdığı pulun da səmərəsi olar! Yox, bu Ryösukenin sağlamlığını qaytarmayacaq. O, sağalsa, məni həmişəlik atacaq. Həmişəlik!” Esuko başa düşürdü ki, qarmaqarışıq fikirlərinin bu bulanıq axını onun şüurunu yarıyuxulu, yarısayıqlama halında bürüyür – günəş qəfildən bu cür çıxır, Yerə də toranlıq bu cür enir. Axşam səmasında ağ buludlar üzürdü, pəncərə də buludlarla birgə eyni zəncirə qoşulub üzdü... Esuko elə dəhlizdəcə özündən getdi.
Bu qan çatışmazlığından yaranan ürəkgetmə idi. Onu qısamüddətli istirahətə məcbur elədilər. Amma dörd saatdan sonra tibb bacısı gəlib dedi ki, Ryösuke ölür.
Adama elə gəlirdi, o, nəsə demək istəyir, dodaqlarını tərpədirdi, amma Esukonun ikiəlli tutduğu oksigen balonu mane olurdu. O ciddi-cəhdlə, cəsarətlə, sevinclə səssizcə nə demək istəyirdi?
“Oksigen balonunu var gücümlə ağzının yanında saxlayırdım. Axırda barmaqlarım titrəməyə başladı, çiyinlərim də qupquru qurudu. Səsim qırıla-qırıla köməyə çağırdım: “Ey, mənə kömək eləyin! Orda kim var! Tez olun!” - bərk qorxmuş tibb bacısı ayağa sıçrayıb balonu əlimdən qapdı. Əslində, yorulmamışdım. Sadəcə, qorxmuşdum. Ərimin boşluğa, naməlum adama müraciətlə söyləməyə çalışdığı səssiz sözlərdən qorxmuşdum... Bəlkə bu yeni qısqanclıq partlayışı idi? Ya da qısqanclığın təhrik elədiyi qorxuydu? Bilmirəm... Amma öz üzərimdə nəzarəti itirsəydim, yəqin qışqırardım: “Səni görüm gəbərəsən! Görüm elə indicə gəbərəsən!”
Bir dəfə gecədən xeyli keçmiş (ərinin ürəyi döyünürdü, onun dayanacağından əsər-əlamət belə yox idi) iki həkim Ryösukenin çarpayısının yanında söhbət eləyirdilər: “Onu daha nəylə ayağa qaldırmaq olar?” Mən onları nifrət dolu nəzərlərlə süzürdüm. Məgər bütün bu olanlardan sonra o ölməli deyildi? Həmin gecə bizim son çarpışmamız oldu.
Həmin vaxt mənim üçün – o, sağalsa, ola biləcək ailə xoşbəxtliyilə onun ümidsiz vəziyyətdə olmasına baxmayaraq, duyduğum gerçək xoşbəxtlik arasında heç bir fərq yox idi – demək olar ki, yox idi. Hərdən mənə elə gəlirdi ki, qeyri-müəyyən xoşbəxtlik əvəzinə tamamilə müəyyən xoşbəxtlik əldə eləyə bilərəm, ərimin tükdən asılı həyatı əvəzinə onun gerçək ölümünə baxmaq daha yaxşıdır. Ryösukenin sağalmasına olan ümidim saatbasaat artırdı, amma bu ümidlər onun ölümüylə bağlı yalvarışlarıma bərabər idi. Bununla belə, bu bədən, ərimin cismi hələ yaşayırdı! O cism mənə xəyanət eləmək üçün ­yaşayırdı!
“Görünür, onda böhran baş verir!, – həkim ümidlə dilləndi. Məndə yenə qısqanclıq dalğası baş qaldırdı. Göz yaşlarım Ryösukenin sifətini tutduğum sağ əlimin üstünə damırdı. Sol əlim isə bir neçə dəfə böyrümdəki stulda mürgüləyən tibb bacısının iştirakilə onun ağzından oksigen borucuğunu kənara itələməyə cəhd göstərdi. Axşam düşdüyündən palata soyuyurdu. Neon reklamlarının hərəkətdə olan işığı və Sinzyuku stansiyasındakı işıqforların işığı gecə qaranlığının dərinliklərindən çıxıb palatanın pəncərəsindən keçir, gözlərimi qamaşdırırdı. Qatarların fiti və təkərlərin güclə eşidilən taqqıltısı ötüb keçən maşınların uğultusuna qarışıb sakitliyi ­pozurdu. ­Donmamaq üçün yun şalımı çiynimə saldım. Həmin məqamda oksigen balonunu ondan aralasaydım, bunu kimsə sezməzdi. Mən insan gözlərindən başqa heç bir şahidə inanmıram. Amma hər halda, bunu eləyə bilmədim. Düz dan yeri ağaranadək oksigen balonunun borucuğunu ikiəlli tutdum. Məni o hərəkətdən çəkindirən hansı qüvvəydi? Sevgi? Yox, sevgi ola bilməzdi! Mənim sevgim ona ölüm hökmü çıxarmışdı. Hansı əsasla? Bu, vacib deyil. Ağlım üçün yanımda şahidlərin olmamasına inanmaq kifayət idi. Qorxaqlıq? Heç də yox! Ən azı, hətta yatalaq qızdırmasına tutulmaqdan belə qorxmurdum. İndiyədək də məni bu addımdan hansı qüvvənin çəkindirdiyini bilmirəm.
Üstəlik, artıq intihara da ehtiyac yox idi. Bunu dan yeri ağarana yaxın, soyuq sümüyümə işləyəndə dərk elədim. Səma ağarmağa başlayırdı. Buludlar yerlərini sübhün şəfəqinə verib dağılırdılar. Onların arasındakı od rəngli boşluqlar sanki göylərin sərt cəzasını xatırladırdı. Qəfildən diqqətimi Ryösukenin nizamsız nəfəs alması cəlb elədi. O, anasının döşündən əmdiyi süddən boğulan uşaq kimi qəfildən başını çevirib, deyəsən, borucuğu əydi. Təəccüblənmədim. Oksigen balonunu başının yanındakı yastığın üstünə qoyub qurşağımın altından əl güzgüsünü çıxardım. Hələ uşaq olanda onu mənə anam bağışlamışdı – o öləndə mən balaca qız idim. Bu, arxa tərəfi qırmızı parçayla örtülmüş qədim güzgüydü. Güzgünü Ryesukenin ağzına yaxınlaşdırdım, amma ­tərləmədi. Yalnız tüklə dövrələnmiş şişkin dodaqları güzgüdə donuq, ifadə olunmamış tənəylə aydın əks olundu...”
* * *
Esuko Maydenə Yakitinin dəvətilə gəldi. Ola bilər, kəndə gəlmək qərarı o vaxt yolxucu xəstəliklər hospitalına gətirən elə həmin səbəblərə əsaslanırdı. Onun üçün Maydenə gəliş hospitala qayıdışa oxşamırdımı?
Məgər Suqimotonun yaşamağa məcbur olduğu evindəki mühit hospitaldakından fərqli idi? Deyəsən, dərindən nəfəs almağa imkan verməyən dözülməz çürüntü iyi Esukonu gözəgörünməz zəncirlə hələ də tutub saxlayırdı.
Bu, məhz aprelin ortalarında baş verdi. Esuko onun paltarını yamayırdı. Gecə Yakiti paltarını götürmək üçün Esukonun otağına gəldi.
Axşamlar səkkiz tatamilik yardımçı otaqda evdə olanların hamısı – Esuko, Kensuke arvadıyla, Osako uşaqlarıyla, eyni zamanda Saburo və Miya – yığışırdılar. Saat onacan onlar əzgil üçün torbalar hazırlayırdılar. Bu il bir qədər geçikmişdilər. Adətən, bu işə aprelin əvvəllərində başlayırdılar. Amma bu il bambuk zoğları məhsuldar olmuşdu, onların hazırlanmasına isə çox vaxt tələb olunurdu. Əzgilləri torbaya salmasaydılar, buğdabitilər meyvəyə daraşıb şirəsini sorardılar. Meyvələrin bəziləri baş vurmaq böyüklükdəydi. Onlar diz üstə çöküb minlərlə bu cür torbalar düzəltməliydilər.
Yanlarında köhnə jurnal bağlamaları, ortada hər kəsin əli çatan, içində un yapışqanı olan qazan vardı. Hamı bir-birilə yarışa-yarışa tələsirdi – jurnalda maraqlı səhifəyə rast gəlsəydilər belə, ona baxmağa belə vaxtları yox idi.
Belə vəziyyətlərdə Kensukeyə göz qoymaq xüsusən maraqlıydı. O donquldanır, sifəti narazılıqdan əyilirdi. Elə hey deyinirdi: “Nifrət eləyirəm! Axı bu, məcbur eləməkdi. Çox mənasız məşquliyyətdi! Bunların nə xeyri var? Odur, atam özü yatmağa getdi – hamıdan əvvəl! Elə belə də olacaq, inanın! Çox güman ki, belə olacaq. Bəs biz niyə canımıza cəfa basıb işləməliyik? Nə deyirsiz, qiyam qaldıraqmı? Zəhməthaqqımızın artırılması və digər şeylər uğrunda mübarizə aparmasaq, atam bir az da həyasızlaşacaq. Tieko, sən ikiqat artıq almaq istəyirsən? Əlbəttə, istəyirsən, onda zəhməthaqqını artır, mənə onsuz da heç nə düşməyəcək. Aha, bir bu məqaləyə bax, – “Şimali Çində baş verən üsyanla əlaqədar ­olaraq yapon xalqının qətiyyəti”. Heyrətamizdi! Bəs arxa tərəfində nə var? “Hərbi əməliyyatlar zamanı mövsümi bölgü”.
Beləcə, Konsuke naqqallıqla məşğul olur, başqaları on torba düzəldəndə bu, vur-tut iki torba yapışdırırdı. Bəzən adama elə gəlirdi ki, o, səs-küy salmaqla bacarıqsızlığını gizlətmək istəyir. Bunu da ətrafındakılar açıq-aydın görürdülər. Amma o, Tiekonun nəzərində bir növ həyasız qəhrəman idi. Konsuke bir dəfə təlxəklik donunu öz əynində yoxlamışdı, indi ondan yaxasını qurtara bilmirdi. Əslində, Tieko əriylə həddən artıq fəxr eləyirdi. Hər ikisi hazır cavablıqlarıı ilə tanınırdılar. Tieko dərin ağıl sahibi idi, ərinin əhval-ruhiyyəsini başa düşüb həmişə ərinin narazılığına şərik çıxırdı, eyni zamanda ona qəlbinin dərinliklərində əri kimi nifrət eləyirdi. Aradabir əlaltından hazır torba dəstini Konsuke tərəfə atırdı. Bunu Esuko da gördü, qadının dodaqları qeyri-iradi istehzalı gülüşdən əyildi.
– Esuko, səndə çox gözəl alınır! – Asako dilləndi.
– Beləliklə, fasilə! Yekunlaşdırırıq! – Konsuke əmr verib bir-bir hamıya baş çəkməyə başladı.
Esukenin hamıdan çox – üç yüz səksən torbası oldu. Onun rekordu etinasız Asokoya təsir göstərmədi, yalnız Saburo və Miye təəccübləndilər. Amma Konukeylə arvadı bir az qəzəblənmişdilər. Esuko bunu hiss eləyirdi. Onun yaşamaq qabiliyyətinin göstəricisi olan rəqəm Konsukenin şəninə toxundu. O kinayəylə dilləndi: “Bir bura bax, bu torbalara Esuke öz həyatını təmin elədi. O, bizim kimi deyil!”.
Asako onun sözlərini hərfi mənada başa düşüb soruşdu: “Esuko, torbaları belə cəld yapışdırmağı harda öyrənmisən?”
Özlərini ləyaqətli silk sayan bu adamların iyrənc mülahizələrinə yer açan bu xırda kəndli şöhrətpərəstliyi Esukoda yalnız nifrət oyadırdı. O, kübar mühitdən ­çıxdığından bu cür bambılılara qarşı amansız idi. Esuko qəsdən zəhlətökən cavab verdi: “Öyrənmək üçün belə bir yer var!”
Kensuke və Tisko baxışdılar. Həmin gecə onların yataqdakı qızğın söhbətlərinin hədəfi Esukonun təkəbbürlü olmasına əsas verən şəcərəsi oldu.
Eyni zamanda Esuko Saburoya, demək olar, nəzər salmır, onu diqqətəlayiq saymırdı. Hətta bəzən görkəminin necə olduğunu belə xatırlaya bilmirdi. Bu tamamilə təbii idi. Saburo dinib-danışmadan aralanmayan barmaqlarıyla səylə kağızdan torbalar düzəldirdi. Aradabir evdəkilərin mənasız söhbətlərinə qulaq asa-asa gülümsəyirdi. Çiyninə hər gün geyindiyi yamaqlı köynəyinin üstündən Yakitinin bağışladığı gen köhnə pencəyi atmışdı. O, tutqun lampanın altında başını hörmətlə əyib, ­qəhvəyi rəngli təzə şalvarına məhəl qoymadan dizlərini büküb otururdu.
Hələ yeddi-səkkiz il əvvəl Suqimotonun evində qaz lampasından istifadə eləyirdilər. Yaşlı adamlar deyirdilər ki, qaz lampaları evləri daha yaxşı işıqlandırır. Sonra elektrik xətti çəkdilər, amma ona bel bağlamaq qətiyyən mümkün deyildi: şəbəkədə gərginlik zəif olduğundan yüz vattlıq lampa qırx vattlıq ancaq közərirdi. Hərra radioya da yalnız gecələr – o da əgər hava şəraiti imkan versəydi, – qulaq asmaq mümkündü.
Amma hər halda Esukonun Saburoya qətiyyən fikir vermədiyin söyləmək olmazdı. Esuko torbaları cəld və səylə yapışdıra-yapışdıra aradabir gözaltı Saburonun yöndəmsiz barmaqlarına baxırdı. Bu kobud, yoğun, çalışqan barmaqlar onu əsəbiləşdirirdi. Sonra başqa tərəfə baxırdı. Tisko ərinə kömək eləyirdi. Bu məqamda düşünürdü ki, əgər o da Saburoya kömək eləsə, heç kəsə qəribə görünməz. Bu zaman Saburonun yanında oturmuş Miye öz normasını yapışdırıb qurtardı və ona kömək eləməyə başladı. Esuko bunu görüb rahatlandı.
“Həmin məqamda rahatlandım. Hə, məhz belə oldu. Heç bir qısqanclıq, yaxud buna oxşar bir şey duymadım. Özümü elə yüngül hiss elədim ki, elə bil, çiyinlərimdən yük götürüldü. Bundan sonra artıq şüurlu tərzdə Saburo tərəfə baxmamağa çalışırdım. Bu, o qədər də çətin deyildi. Mən hər şeydə istər-istəməz, görüb-eləmədən onu yamsılayırdım: o əyilir – mən də əyilirəm, o susur – mən də susuram; o işinə qapılıb hər şeyi unudur – mən də unuduram...”
Amma yenə də heç nə baş vermirdi.
* * *
Saat on bir oldu. Hamı dağılışıb öz otağına getdi. Gecə saat birdə Yakiti ondan axır vaxtlar yaxşı yatıb-yatmadığını soruşmaq üçün qəlyanını tüstülədə-tüstülədə onun otağına girəndə, qocanın paltarını yamamaqla məşğul olan Esuko hansı hissləri keçirirdi? Qoca hər gecə Esukonun otağından gələn hər xırda xışıltıya belə qulaq asırdı – xoşbəxtlikdən, otaqların arasında dəhliz vardı. O, elə bil, evin camaatı şirin-şirin yatdıqları vaxt tənha siçan kimi gecə səhərəcən pusqudaydı; nəfəsini udub dinşəyirdi: ona elə gəlirdi, Esuko lap yaxınlıqdadı, böyründədi, məhrəmdi... Onun qoca qulaqları balıqqulağısayaq saflıqla və müdrikliklə dolub boşalırdı – bəlkə belə deyildi? Belə hesab olunur ki, qocaların iti qulağı iybilmədən, iti görmədən, yaxud dərketmədən daha çox heyvanlarda olduğu kimi, ağıl əlamətidi. Buna görəmi Esuko Yakitidə, qocanın ona qayğıkeş münasibətində eybəcərlik görmürdü?
Olsun, riyakarlıq varsa, bu münasibətləri sevgi adlandırmaq olardı. Yakiti Esukonun arxa tərəfində dayanmışdı, qapının yan taxtasından asılmış təqvimi vərəqləyirdi.
– Bu nədi? Səliqəli ol! Təqvimdə ötən həftədi, – o dilləndi.
Esuko azacıq geri çevrildi.
– Ah, bağışlayın!
– Bağışlayın? Yox sən üzr istəməməlisən!
Onun səsində xeyirxah çalarlar vardı. Esuko arxadan təqvimin vərəqlərinin xışıltısını eşidirdi. Səs kəsildi. O, qəfildən Esukonun çiyinlərindən yapışdı. Sonra qadın onun soyuq, bambuk kimi quru barmaqlarının döşlərinə doğru necə süründüyünü hiss elədi. Esukonun bədəni gərginləşdi, amma dinib-danışmadı. İstədi qışqırsın, amma özünü saxladı.
Bu itaətkarlıq nəylə izah olunur? Adi istəklə? Tənbəlliklə? Yoxsa o, susuzluqdan əldən düşmüş, hər hansı bir nohura cummağa hazır yolçu kimi Yakitinin tələbindən boyun qaçırmadı? Çətin belə olsun! Yanğı Esukoya qəti əzab vermirdi. Heç vaxt heç nə istəməmək – başlanğıcdan onun xasiyyətində yalnız bu vardı. Deyəsən, Maydenə özüylə gətirdiyi hər şeyə qaneolmaq duyğusu yoluxucu xəstəliklər hospitalında daha da möhkəmlənmişdi. Ola bilsin, Esuko yanğısını söndürmürdü, sadəcə, nohurda batan adam kimi bu bulanıq sudan sövqi-təbiiylə içirdi. Onun heç nə istəməməsinin bircə mənası vardı: o seçim azadlığını, yaxud imtina azadlığını itirmişdi. Əgər yanğını dəf etmək üçün onu söndürməkdən başqa yolun qalmırsa, dəniz suyu olsa belə, içməyə hazırsan...
Amma bu hadisədən sonra Esukonun sifətində bir əzələ belə tərpənmirdi, dəniz suyundan boğulduğunu üzə vurmurdu. Deyəsən, ölənəcən onun batdığını kimsə dərk eləməyəcəkdi. O, kimsəni köməyə çağırmadı, sanki öz əlilə ağzına əski tıxadı...
Dağlara dırmaşmaq aprelin on səkkizinə planlaşdırılmışdı. Bu “gilənar çiçəklərindən zövq almaq” adlanırdı. Adətən, həmin gün adamlar işdən icazə alıb ailəliklə yığışır, dağlara yollanır, yamaclarda gəzirdilər.
Suqimotolar ailəsində Yakiti və Esukodan başqa hamı ilin bu vaxtında yalnız bambuk zoğlarıyla qidalanırdı. Onların ilk icarəçiləri Okura anbardan bambuk zoğlarının ötən ilki məhsulunu çlxarır, sonra üç sorta ayırıb satırdı. Qalıqalar zibillə birgə süpürülüb atılırdı. Apreldən may ayınadək Suqimoto ailəsi ötənilki ehtiyatı yeyib qurtarmaq məcburiyyətindəydi.
Dağa yollandıqları gün hava yaxşıydı. Yola ərzaq və həsir götürmüşdülər. Kənd məktəbində dərsləri ləğv eləmişdilər – Asakonun böyük qızı sevinirdi.
Esuko xatırlayırdı: “Çox gözəl bir yaz günü keçirdik. Lap məktəb dərsliklərindəki şəkillərdəkinə oxşayırdı. Elə bil, həmin şəkillərdən çıxmışdıq. Yaxud özümüzü o şəkillərin personajları sayırdıq. Hər yerdən peyin iyi gəlirdi. Hava arıların və may böcəklərinin vızıltısından titrəyirdi. Günəş işığı və yaz küləyi vardı – onların gözqamaşdırıcı axınında qaranquşlar qarınlarının ağ yerini göstərə-göstərə dövrə vururdular...”
Səhər tezdən evdə hamı ora-bura vurnuxurdu, yürüşə hazırlıqla məşğul idilər. Esuko susiləri yemək qutusuna yığıb qurtardı, pəncərənin taxta barmaqlığı arxasından eyvanın daş pilləkəni yanında təkbaşına oynayan Asakonun böyük qızına göz qoymağa başladı. Qız çiçək rəngində sapsarı yun köynək geymişdi. Onun anası həmişə öz zövqsüzlüyülə seçilirdi. Nobuko başını aşağı salıb çöməlmişdi. Bu səkkiz yaşlı qız nəylə məşğul idi? Yanındakı daşın üstündə çaydan vardı, çaydandan buğ qalxırdı. Nobuko daş plitələrin arasındakı bir şeyə diqqətlə baxırdı.
“... Orda qarışqa yuvası vardı. Qız qarışqa yuvasına isti su tökürdü. Səkkiz yaşlı qız qısa vurulmuş saçlı başını dizlərinin arasına əydi. Qız dinib-danışmadan qarışqaların cançəkişməsinə göz qoyurdu. O, başını yırğalayırdı, yumruqlarını yanaqlarına dayamışdı, saçı sifətinə tökülmüşdü...”
Bu mənzərəyə tamaşa eləyən Esukonu qəribə bir hiss bürüdü! Bu qıza, onun açıq qalmış kiçik kürəyinə baxanda özünü tanıdı. O, mətbəxdən çaydanın yoxa çıxmasını görən Asakonun səsi eşidilənəcən qıza tamaşa elədi. Həmin gündən etibarən Esuko anası kimi çirkin olan bu səkkizyaşlı qıza məhəbbət, yaxud buna oxşar bir hiss duymağa başladı.
Lap gəzintiyə getmək ərəfəsində xırda bir qanqaralıq oldu – evə göz olmaq üçün kimi qoyacaqlarını həll eləyirdilər. Axırda razılaşdılar ki, Esukonun təklifi ağıllı təklifdi, təsərüfata göz olmağı Miyeyə tapşırdılar. Təklifinin yekdilliklə qəbul olunması Esukonu qəti sevindirmədi. Onun etinasızlığının səbəbi üzdəydi - Yakiti Esukoya tərəfdar çıxmışdı!
Suqimoto ailəsi qaz balaları kimi mülklərinin qurtaracağından qonşu kəndə uzanan cığıra çıxanda Esuko gözlənilməz kəşfdən heyrətləndi: hamı sosial iyerarxiya hissinin təlqin elədiyi tərzdə bir-birinin arxasınca düzülmüşdü. Bu heyvani instinkt idi – digər yuvalardan olan yad qarışqaları lamisə duyğusuna, qoxusuna görə tanıyan ­qarışqalarda belə idi; ona qarışqa da öz işçi qarışqalarını və əksinə, işçi qarışqalar ana qarışqanı eynilə bu cür tanıyır... Onlar bunu dərk eləmirdilər, dərk eləyə də bilməzdilər. Bəlkə bunun üçün daha aydın sübut tələb olunurdu?..
Amma sıra özbaşına, sərbəst yaranmışdı: irəlidə Yakiti, arxasında Esuko gedirdi; onların ardınca Kensuke və Tisko, sonra Asako və Nobuko (beşyaşlı Nasuonu Miyenin himayəsində qoymuşdular) addımlayırdılar, sıranın lap axırında Saburo gəlirdi və onun çiynində içində ərzaq olan naxışlı şaldan bağlama vardı.
Onlar müharibəyədək Yakitinin üzümlüyü olan baxımsız sahəni ötüb keçdilər. İndi həmin sahənin üçdə birində şaftalı tingləri basdırılmışdı. Ağaclar əməlli-başlı çiçəkləmişdi. Sahənin qalan hissəsində yana əyilmiş, qasırğadan şüşələri sınmış üç istixana vardı. İylənmiş yağış suyu paslanmış dəmir çənləri doldurmuşdu. Üzüm tənəkləri cırlaşmışdı, saman günəş altında bərq vururdu.
– Baho, buralar gör necə cəngəllik olub! İndi bir az pulumuz olan kimi təmirlə məşğul olarıq, – Yakiti qalın əsasıyla istixananın dirəyinə vura-vura dilləndi.
– Ata, siz elə hey bu barədə danışırsınız, – Kensuke dedi. – Bu istixanalar, yəqin ki, əbədilik belə də qalacaq.
– Deməli, sənin sözündən belə çıxır ki, mən əbədiyyətə pul qoyuram?
– Yox, heç də bunu nəzərdə tutmurdum! – Konsuke qızışdı. – Pulunuz olanda, həmişəki kimi, ya təmirə lap çox, ya da lap az pul gedəcək.
– Hə, deməli belə! Eynilə bu cür mən heç vaxt sizə az, yoxsa çox xərclik verdiyimi bilmirəm.
Beləcə, danışa-danışa təpənin üstünə qalxdılar – orda üç şam ağacı bitmişdi. Onların altında bir neçə cır gilənar çiçəkləmişdi. Cəmi beş ağac saydılar.
Ətrafdakı dağlarda o qədər də çox sakuro ağacı yox idi, ona görə də naxışlı tatamilərini digərlərindən çox şübhəli görkəmilə fərqlənən bir ağacın çətiri altında açdılar. Suqimoto ailəsi sıraya düzülüb bura gələndə əksər ağacın altında yerli kəndlilər məskən salmışdılar. Onlar hörmətlə baş əyir, amma həmişəki kimi öz yerlərini güzəştə getmirdilər.
Konsuke və Tisko kəndlilərə baxa-baxa pıçıldaşmağa başladılar. Yakiti az-çox gözəl mənzərə görünən yamacı seçib hamıya tatamilərini sərməyi tapşırdı. Tanış fermerlərdən biri, dama-dama pencəkli və şaftalı rəngli qalstuklu kişi əlində süzülməmiş sake şüşəsi yaxınlaşıb bayram şərəfinə içməyi təklif elədi. Konsuke etinasızlıqla fincanı alıb içdi.
“Niyə axı? – Esuko beynindən keçirdi. O Konsukeyə baxır, fikirləşirdi. – Konsuke o sakeni onun əlindən niyə aldı? Axı bayaq həmin adam barədə pis şeylər danışırdı. Əgər sadəcə, içmək istəsəydisə, burda qəribə bir şey yoxdu. Aydındır! O bunu ələ salmaq üçün – arxasınca ələ saldıqlarından xəbəri olmayan adamı lağa qoymaq üçün elədi. Tfu, bu nə abırsızlıqdır! Altdan-altdan hırıldamaqdan nə ləzzət alırlar? Axı Allah bu cür adamları səfeh əyləncələr üçün yaradır”.
Sonra sake fincanını ərinin ardınca, eynilə onun kimi Tieko aldı.
Esuko imtina elədi. Onun hamıyla birgə sake içməkdən boyun qaçırması qeybət üçün təzə bir mövzuya çevrildi: deməli, həm də vasvasıdır.
* * *
Həmin gün ailə ünsiyyət sarıdan onda xoş təəssürat yaratdı, hər halda Esuko narazılıq üçün səbəb görmürdü. Birincisi, özüylə Yakiti arasında zahirən etinasız münasibətdən razı qalmışdı – onlar sifətlərindəki laqeyd ifadəni saxlaya-saxlaya gözəl əhval-ruhiyyələrini üzə vurmamağı öyrənmişdilər. İkincisi, o, Saburodan razıydı – oğlan süfrə arxasındakı söhbətə qarışmırdı, darıxdırıcıydı, elə hey susurdu. Üçüncüsü, ana qayğıkeşliyilə camaatın zəhləsini tökməyən Asakonun ciddiliyi onu təmin eləyirdi. Və nəhayət, öz düşmənçiliklərini ­xeyirxahlıq maskası altında gizləməyə çalışan Konsuke və arvadı onda ikrah hissi doğurmurdular.
Əlində yabanı çiçəklər olan Nabuko Esukonun dizinə dirsəkləndi.
– Bu çiçəklərin adı nədir, Esuko xala? – Qız soruşdu.
Esuko bilmirdi, ona görə də Saburoya müraciət ­elədi.
Saburo çiçək dəstəsini götürüb dərhal da geri ­qaytardı.
– Sərçəotudu, – oğlan dilləndi.
Esuko çiçəklərin adının qəribəliyindən yox, onun çiçək dəstəsini qıza tez-tələsik qaytarmasından təəccübləndi. Qulaqdan iti olan Tieko söhbətə qarışdı:
– Bu oğlan özünü elə göstərir ki, guya heç nə bilmir, əslindəsə, çox şey bilir! Hə, Tenrinin mahnısını oxu görək! Vəcdə gələcəksiniz, o hər şeyi yadında saxlayır.
Saburo başını aşağı salıb qızardı.
– Zəhmət olmasa, oxu! Niyə utanırsan axı? Oxu görək! – Tieko bişmiş yumurtanı ona uzadıb təkid edirdi. – Bura bax, bunu götür. Bizimçün oxu!
Saburo onun əlindəki yumurtaya baxdı. Oğlanın küçük gözünə oxşayan qara gözlərində günəş şüası əks olundu.
– Mənə yumurta lazım deyil. Mahnınısa oxuyaram, – oğlan utana-utana gülümsədi.
– Bax bunu, – “Əgər bütün aləmə nəzər salsan...”, – Tieko dedi.
Oğlanın sifəti ciddiləşdi. Nəzərləri uzaqlara – kəndə dikildi. Saburo Tenri sektasının litaniyasını imperator fərmanı oxuyurmuş kimi əzbərdən deməyə başladı:
Üfüqdən o yana uzanıb gedən
Minillik aləmə mən nəzər saldım.
Nələr olacağını bircə kəs bilmir,
Aləmin taleyin kim xəbər verər?
Kim bilir, Allahı nə vaxt görərik,
O çox sadə şeylərdən nə vaxt bəhs edər?
– Müharibə vaxtı bu, qadağan idi, – Yakiti dilləndi. – İlk üç misra elə səslənir, elə bil, onun bütün sirri həmin misralardandır. Hər halda məntiqə görə. Məncə, bax buna görə informasiya agentliyi bu mahnını səsləndirmirdi, – o çoxmənalı halda dilləndi.
Həmin gün – onların dağlara ailəvi yürüşü günü heç nə baş vermədi.
Bir həftədən sonra Saburo üç günlüyə icazə aldı. O, hər il aprel ayının iyirmi altısında Tenridə ­keçirilən festivalda iştirak etmək üçün icazə alırdı. Orda ­anasıyla görüşməyə hazırlaşırdı – adətən, bir mehmanxanada yerləşir, sonra Baş məbədi ziyarət eləyirdilər.
Esuko möminlərin və bütün ölkə möminlərinin ianələri hesabına tikilmiş məbədin yerləşdiyi Tenridə heç vaxt olmamışdı. İanə yığımı “sərv yardımı” adlanırdı. Məbədin ortasında mehrab yerləşir. Onu möcüzəli adlandırırlar. Danışırlar ki, qiyamət günü onun üzərinə səmavi manna düşməlidir; əgər bu, qışda olacaqsa, onda günəş şüasının məbədin damındakı pəncərədən içəri düşdüyü kimi, qar lopaları şəklində küləkdə fırlana-fırlana, rəqs eləyə-eləyə düşməlidir.
“Sərv inamı” sözündə dua sədaları, zəhmətkeşlik əhvalı aydın duyulur, təzə ağac qoxusu hiss olunur. Ağır işlər görmək iqtidarında olmayan, torpağı burun dəsmalında daşıyan qoca haqqında bir rəvayət də var.
“Yaxşı, bu barədə bəsdi... Saburonun olmadığı üç qısa gün ərzində məndə onun yoxluğuyla bağlı heç bir yeni hiss oyanmadı. Uzunmüddətli zəhmətdən və qayğılardan sonra şaftalının əlinə götürüb onun ağırlığından ləzzət alan bağban kimi, Saburo icazə alıb gedəndə əllərimin necə ağırlaşdığını duydum – bu, şirin ağırlıq idi. Həmin üç gündə özümü tənha hiss elədiyimi desəm, yalan danışaram. Onun ­yoxluğunun doğurduğu hiss ağır və qoxuluydu. Ləzzət idi! Evdə hara – bağa, mətbəxə, emalatxanaya, onun yataq otağına – girsəm, hər yerdə onun varlığını hiss edirdim.
Saburonun otağındakı pəncərədən adyalı havaya verirdilər. Adyal nazik, tünd-göy rəngli parçadandı. Esuko şam yeməyi üçün Çin kələmi və küncüt almaq məqsədilə şəhərin o biri başına yollandı. Saburonun yatağının pəncərəsi güneyə-günbatana baxırdı. Günortadan sonra otağa günəş girir, şüalar bütün künc-bucağa soxulurdu. Otağın o başında cırıq fusuma var idi. Esuko içəri baxmaq üçün yaxına gəlməyə cəsarət eləmədi. Onun diqqətini qüruba enən günəşin şüalarında duyduğu zərif qoxu cəlb etdi: bu, günün altında uzanmış küçüyün qoxusuydu. O, bir anlığa oğlanın dərisinin qoxusunu verən sürtülmüş və duz bağlanmış yerləri nəzərdən keçirdi. Esuko iyrənə-iyrənə barmağını adyala vurdu – adyal sanki tanımadığı bir heyvan idi. İsinmiş havadan şişən parça onun təmasını itaətlə qəbul elədi. Esuko geri sıçradı. O daş pillələrlə yavaş-yavaş palıdların altına, tarlaya tərəf endi.
* * *
Nəhayət, Esuko yenidən yuxuya – arzuladığı şirin yuxuya getdi.
8 Gindza – Tokionun baş küçəsi olan Gümüşü küçə
9 Madzyan – Çin aşıq oyunu
10 Tuberoza – ağ gülləri olan çiçək
11 Atami – sakit okean sahilində kurort
12 Krezol – torf və daş kömürdə olan maddə
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)