b0497577606has quoted8 years ago
XIV FƏSİL
Myuzvell–Xilldə

Təxminən Ceynin Antuanın salonundan çıxıb Koner-Xayza səhər yeməyi yeməyə getdiyi həmin o vaxtda Norman Qeyl səmimi-peşəkar tonda deyirdi:
– Qorxuram ağrılı olsun… Əgər ağrıdarsa, deyin…
– O, təcrübəli əliylə elektrik bormaşınının nazik iynəsini istiqamətləndirirdi. – Di, vəssalam… Miss Ross!
Miss Ross dərhal onun yanında peyda oldu və artıq şüşə çubuqla şüşə lövhənin üzərindəki “Astralit”i qarışdırdı ki, ona lazım olan möhkəmliyi və dişin rəngini verə bilsin.
Norman Qeyl müştərisinin dişini plombladı və soruşdu:
– Digərlərini də plomblamaq üçün siz növbəti ikinci gün gələ bilərsinizmi?
Müştərisi dəsmalla ağzını silərək, geniş izahat verməyə başladı.
Çox təəssüflər olsun ki, o gedir, beləliklə də növbəti görüşü təxirə salmaq lazım gələcək. Hə, əlbəttə, qayıdan kimi xəbər verəcək. Və pasiyent tələsik kabinetdən çıxıb getdi.
– Beləliklə, – Qeyl ah çəkdi, – bu günlük, deyəsən, işimiz bitdi.
– Ledi Xiqqinson zəng etmişdi, xahiş etdi sizə çatdırım ki, növbəti həftəyə təyin olunan görüşü təxirə salır. Gələ bilmir. Ah, hə, polkovnik Blant da dördüncü gün məşğuldur, gəlməyəcək.
Norman Qeylin sifəti tutqunlaşdı. Hər gün eyni şey.
Zəng edirlər. Təyin olunan vizitlərin vaxtını dəyişirlər. Hər cür üzr istəmələr, bəhanələr: işlə bağlı gedir, xaricə səfər edir, sadəcə vəziyyət gəlməyə imkan vermir.
Nə bəhanə gətirmələrinin isə əhəmiyyəti yox idi. Əsl səbəbini Norman Qeyl əlinə bormaşını götürəndə axırıncı müştərisinin gözlərindən oxumuşdu: təşviş və vahimə!.. O, hətta həmin qadının fikirlərini kağıza da yaza bilərdi:
“Ah, aman Allahım, həkim o zavallı qadın öldürüləndə həmin təyyarədə olub… Bəzən insanlar başlarını itirir və ən ağlasığmaz cinayətlər törədirlər… Bu necə də dəhşətlidir. Belə adamlar varlıqlarına öldürmək haqda fikirlər hakim kəsilmiş fanatiklərdir və onlar da hamı kimi görünürlər, mən bu haqda eşitmişəm… Mənə elə gəlir, mən həmişə onda nəsə bir qəribəlik hiss eləmişəm…”.
– Neyləmək olar, – Qeyl dedi. – Miss Ross, belə çıxır, gələn həftə bizim ən sakit həftəmiz olacaq.
– Bəli, demək olar, bütün görüşlərin vaxtı dəyişdirilib. O-o, siz heç olmaya bir qədər istirahət edərsiniz. Yayda siz çox işlədiniz.
– Görünür, artıq payızda da işimiz çox olmayacaq.
Miss Ross susdu. Onu sualdan növbəti telefon zəngi ­yayındırdı.
Miss Ross otaqdan çıxdı.
Alətləri sterilizasiya qabına yığan Norman düşünürdü: “Yaxşı, biz hansı vəziyyətdəyik? Birbaşa deyək, bu mənə ziyan vurur. Maraqlıdır, Ceyninki isə gətirib… Qadınlar dəstə ilə ona baxmaq üçün gedirlər. Onlar mənə baxmalıdırlar – amma istəmirlər, bilirsinizmi… Diş həkiminin kreslosunda oturanda özümü pis hiss edirəm… Əgər birdən diş həkimi hirslənsə?
Qətl necə də qəribə şeydir! Elə güman edirsən, bu, tamamilə aydın işdir, əslində isə heç də elə deyil. O mümkün ola bilən hər cür, həm də ən gözlənilməz nəticələr doğurur… Amma faktlara qayıdaq. Bir diş həkimi kimi, mən, demək olar, iflas etmişəm… Maraqlıdır, əgər onlar birdən-birə bu Xorbarini həbs etsəydilər, onda nə olardı? Mənim müştərilərim dəstə ilə geri qayıdardılarmı? Demək çətindir. Uğursuzluq nə vaxtsa başlamalıdır… Ən sonda nə dərd? Mühüm deyil. Bəs Ceyn… Ceyn çox yaxşıdır. Mən fasiləsiz olaraq onun haqqında düşünürəm. Amma hələlik yalnız düşünürəm… Hələlik. Heyif! – O gülümsədi. – Hisslərim mənə deyir ki, hər şey yaxşı olacaq. O gözləyər… Lənət şeytana, Kanadaya gedər və pul qazanmağı sınaqdan keçirərəm”. O gülümsədi.
Miss Ross qayıdıb gəldi.
– Miss Lori idi. O, çox təəssüflənir ki…
– Amma o Timbuktaya gedir. – Norman onun sözünü tamamladı. – Miss Ross, yəqin yaxşısı, sizin özünüzə başqa iş yeri axtarmağınızdır. Deyəsən, bizim gəmimiz çat verib və suyun dibinə gedir!
– O-o, mister Qeyl! Mən sizi tərk etməyi heç düşünmürəm də…
– Siz misilsiz qızsınız. Qorxaq deyilsiniz! Amma mən ciddi deyirəm. Əgər möcüzə baş verməsə, mən müflis ­olacağam.
– Nəsə baş verməlidir! – miss Ross ucadan səsləndi.
– Məncə, polis utanmalıdır. Onlar hətta nəsə etməyə cəhd belə göstərmirlər.
Norman gülümsədi:
– Mən özüm nəsə etmək istəyirəm, hərçənd nə edəcəyimi qətiyyən bilmirəm.
– O-o, mister Qeyl. Siz bacararsınız! Axı siz çox ­ağıllısınız!
“Mən onun üçün qəhrəmanam, – Norman Qeyl düşündü. – Onun kimi qız, əlbəttə, əla köməkçi ola bilərdi! Amma mənim fikrimdə bir başqasıdır…”.
Həmin günün sonunda o, Ceynlə nahar etdi. Özünü əhvalı çox yaxşı olan birisi kimi göstərmək istəyirdi, amma kifayət qədər həssas olan Ceyn özünün yanılmasına imkan vermədi. Normanın özünü itirməsini, qaşlarının arasındakı balaca qırışı, ağzının kənarlarındakı gərginliyi hiss etdi. Nəhayət, özünü saxlaya bilmədi:
– Norman, nədi, işlər yaxşı getmir?
O, ani olaraq qızı nəzərdən keçirdi, sonra baxışlarını yana çevirdi.
– Hə, elədir… elə də yaxşı deyil. İlin pis vaxtıdır…
– Məni axmaq yerinə qoymaq lazım deyil, – Ceyn sərt tərzdə dedi. – Sən elə bilirsən, mən sənin necə həyəcanlandığını görmürəm?
– Mən həyəcanlanmıram! Sadəcə olaraq, təəssüflənirəm.
– Sən demək istəyirsən ki, müştərilər… ehtiyat edirlər…
– … onların dişini qatil ola biləcək birisinin müalicə etməsindən? Məhz belədir.
– Necə də amansızlıq və haqsızlıqdır!
– Məhz elə! Ceyn, düzünü desəm, mən çox yaxşı diş həkimiyəm. Və mən qatil deyiləm.
– Bu dəhşətdir! Norman, nəsə bir iş görmək lazımdır.
– Bu gün səhər mənim köməkçim miss Ross məhz belə dedi.
– O necə qızdır?
– Ah, bilmirəm. Yöndəmsizin biridir, iri bədənli, sümüklü, sifəti qoyun sifəti kimidir, bütün məsələlərdə müdhiş dərəcədə səriştəlidir.
– Hm, çox gözəlmiş! – Ceyn anlayışla razılaşdı.
Norman bu atmacanı özünün söz ustalığına bir haqq kimi qəbul etdi.
Miss Ross əslində onun təsvir etdiyi qədər də yekəpər deyildi və onun olduqca gözəl sarıya çalan saçları var idi, lakin Norman hiss etdi ki, yaxşısı, onu pis vəziyyətdə təsvir etməsidir.
– Mən heç olmaya nəsə etmək istəyirəm, – o dedi.
– Əgər mən detektiv romanın qəhrəmanı olsaydım, bu sirrə açar axtarmağa çalışardım, azı gizlicə kimisə izləyərdim.
Birdən Ceyn oğrunca onun qolundan yapışıb dartdı.
– Bax, bu da mister Klensi. Həmin yazıçını xatırlayırsan? Bax o divarın yanında oturub. Biz onu izləyə bilərik.
– Amma biz kinoya getməyə hazırlaşırdıq?
– Vacib deyil. Mənə elə gəlir, bütün bunlar elə də sadə deyil. Bu nəyisə qabaqcadan xəbər verir. Sən axı kimisə izləmək istəyirdin! Axı irəlidə nəyin daha yaxşı olduğunu bilə bilməzsən!
Ceynin təşəbbüsü o qədər cəlbedici idi ki, Norman həvəslə onun ideyasını qəbul etdi.
– Sən onun harda nahar etməyə hazırlaşdığını dedin? Mən dönməsəm görə bilmirəm, amma boylanmaq da lazım deyil… – o astadan dedi.
– O bizimlə eyni cərgədə oturur, – Ceyn də elə sakitcə cavab verdi. – Tələsmək və onu qabaqlamaq, ya da heç olmaya onunla birlikdə hesabı verməyə cəhd etmək pis ­olmazdı.
Mister Klensi ayağa qalxıb Din-stritə çıxanda Normanla Ceyn onun arxasınca daban-dabana gedirdilər. Paltosunu qolunun üstündə aparan və onun yerlə süründüyünü hiss eləməyən Klensi xırda addımlarla London küçəsiylə gedirdi.
O özünü bir qədər qəribə aparırdı. Ya iti addımlarla gedir, ya güclə ayaqlarını sürüyürdü və nəhayət, dayandı. Hansısa səkini keçmək istəyəndə və artıq ayağını səkinin qırağına qoyanda birdən yerindəcə donub qaldı və canlı rəsm əsərinə oxşadı.
Onun yolunun istiqaməti də qəribə idi. O dəfələrlə düz bucaq altında dönürdü, beləliklə də bəzi küçələrdən iki dəfə keçmiş olurdu.
– Bax, görürsən, – Ceyn həyəcanlanmış halda pıçıldadı. – O izlənəcəyindən qorxur və bizi izdən yayındırmağa çalışır, yoxsa o nəyə görə bu cür fırlanmalıymış!
Onlar addımlarını yeyinlədərək döngənin arxasına döndülər və az qala təqib etdikləri adamla toqquşacaqdılar. O dayanmış, başını dik tutmuşdu və ət dükanının üzərindəki lövhəyə baxırdı.
Dükan bağlı idi, amma mister Klensinin diqqətini nəsə cəlb etmişdi və o dedi:
– Əla, mənə məhz bu lazımdır. Necə də bəxtim gətirdi!
O, cibindən qeyd kitabçasını çıxartdı, ona bir neçə söz yazdı və özüyçün nəsə anlaşılmaz sözlər mızıldanaraq tələsik irəli addımladı. İndi o, birbaşa Blumsbariyə doğru addımlayırdı. Bəzən dönürdü və onda Ceynlə Norman onun dodaqlarının necə tərpəndiyini görürdülər.
– Bütün bunların arxasında nəsə gizlənir, – Ceyn dedi. – O özünü elə itirib ki, öz-özüylə danışır, amma heç bunun fərqində deyil.
Mister Klensi keçiddə yaşıl işığın yanmasını gözləmək üçün dayananda Normanla Ceyn ona çatdılar. Klensi ucadan danışırdı. Onun sifəti solğun və dalğın idi. Normanla Ceyn onun bir neçə sözünü eşidə bildilər:
– Nəyə görə o danışmır? Axı bunun hansısa səbəbi ­olmalıdır…
Yaşıl işıq yandı. Onlar küçənin o biri tərəfinə keçəndə mister Klensi dedi:
– A-a… Deyəsən, mən bilirəm. Hə, əlbəttə! Bax buna görə də o susmağa məcbur imiş.
Ceyn Normanın əlinin üstünü çimdiklədi.
İndi mister Klensi iti addımlarla yeriyirdi. Paltosu səkinin üzəriylə cansız halda sürünürdü. Mister Klensi tələsik addımlayır, fikri dağınıq olduğundan onu təqib edən iki adamı görmürdü. Qəfildən hansısa evin qabağında dayandı, qapını açdı və içəri keçdi.
Normanla Ceyn baxışdılar.
– Bu onun şəxsi evidir, – Norman dedi. – Blumsbari, Kardinqton-skver, 47. İstintaqda bu ünvanı demişdi.
– Yaxşı, – Ceyn dedi. – O, yəqin hələ çölə çıxmaz. Amma nə olmuş olsa belə, biz bəzi şeyləri öyrənə bildik. Kimsə, hansısa qadın susmağa məcburdur və ya danışmaq istəmir. Aman Allahım, bu hansısa detektiv əhvalata çox oxşamağa başlayır.
– Axşamınız xeyir! – qaranlıqdan kiminsə səsi eşidildi və alçaq boylu adam irəliyə doğru addımladı. Fanarın işığında onun möhtəşəm bığları göründü.
– Eh bien, – Erkül Puaro dedi. – Ov üçün çox gözəl gecədir, elə deyilmi?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)