b0497577606has quoted8 years ago
10

Lakin onların bütün hesablamaları yanlış çıxdı. 8 noyabr günü artıq sona yetişir, yoldakı yubanmalara görə isə heç kim narahat olmurdu. Onlar əldən düşmüşdülər, lakin yorğunluq barədə düşünmürdülər. Şəhərin havasında aşkarcasına canlanma sezilirdi: müəyyən hadisələrin baş verəcəyi bəlli idi. Antuan haqlı çıxdı: dəmir pərdənin o biri tayında dörd gün əvvəl Şərqi Berlin əhalisinin azadlıq tələbli çoxmilyonlu nümayişi keçirilmişdi. Minlərlə əsgəri və gözətçi itləri, gecə-gündüz gözünü yummayan keşikçiləri olan hasar bir-birini sevən və əvvəllər birlikdə yaşayıb, indi isə ümidsizcə görüşəcəklərini gözləyən insanları bir-birindən amansızcasına ayırırdı. Budur, iyirmi səkkiz il idi ki, qohumları, dostları, qonşuları bir-birindən sadəcə tikanlı məftilli və gözətçi buruqlu qırx üç kilometrlik beton hasar ayırırdı. Bu hasar barbar qəddarlıqla “soyuq müharibə”nin gəlişini xəbər verən o dərdli-kədərli bir yayda ucaldılmışdı.

Kafedə bir stolun ətrafına toplaşan dostlar ətrafdakıların danışıqlarına diqqət yetirirdi. Antuan liseydə öyrəndiyi alman dili biliklərini səfərbər edərək, Matiasla Culiya üçün mümkün qədər aydın şəkildə berlinlilərin dediklərini tərcümə etməyə çalışırdı. Kommunist rejimi çox sürməyəcək. Bəziləri hətta tezliklə buraxılış məntəqələrinin açılacağını iddia edirdi. Hər şey Qorbaçovun oktyabr ayında ADR-i ziyarət etməsindən sonra dəyişmişdi. Pivə içmək üçün iki-üç dəqiqəliyə kafeyə gəlmiş “Tagesşpigel”in müxbiri redaksiyalarında qarışıqlıq və xaosun hökm sürdüyünü xəbər verdi.

Adətən, bu saata qədər nəşriyyatdan çıxmış qəzetlər indiyə­dək gəlib çıxmamışdı. Mühüm bir hadisə yetişirdi, lakin bunun dəqiq nə olacağından heç kimin xəbəri yox idi.

Gecənin gəlişilə yol yorğunluğu özünü büruzə verdi. Culiya durmadan əsnəyirdi, üstəlik hıçqırıq da onu üstələmişdi. Matias bu bəladan qurtulmaq üçün bütün üsullardan istifadə edərək, ilk öncə Culiyanı möhkəm və qəfil qışqırıqla qorxutmağa çalışdı. Lakin bütün cəhdləri, sadəcə, qaqqıltı ilə sonuclanır, Culiya isə daha çox hıçqırmağa başlayırdı. Onda işə Antuan girişdi. O, Culiyanı bir neçə mürəkkəb hərəkət etməyə məcbur etdi – məsələn, bir stəkan su içib, başını aşağı salmaq və əllərini açmaq tələb olunurdu. Antuan bu üsulun ən effektiv üsul olduğuna inandırsa da, bu dəfə o da yaramadı – spazmalar daha da gücləndi. Bar müştərilərinin bəziləri öz üsullarını təklif edirdi: məsələn, bir pinta suyu birnəfəsə içmək, axıra qədər; burnunu tutaraq mümkün qədər uzun müddət nəfəs almamaq; yerə uzanıb dizlərini qatlayaraq, ayaqları qarına doğru yığmaq və s. Piştaxtanın yanında sakit dayanıb pivə içən göyçək bir həkim Culiyaya, demək olar ki, qüsursuz ingiliscəsində sadəcə istirahət etməsini məsləhət görənədək onlar ixtiraçılıq sahəsində bir-birilə yarışmağı davam etdirdi. Həkimin qeyd etdiyinə görə, Culiyanın gözlərinin altındakı qaramtıl torbalar onun son dərəcə yorulduğunun əlaməti idi və yuxu bu halda ən yaxşı dərmandır. Üç dost ucuzvari gənclər üçün hostel9 axtarmağı qərara aldı.

Antuan belə bir daldalanacağı harada tapmaq mümkün olduğu ilə maraqlandı. Lakin yorğunluq ona da aman verməmişdi: barmen onun nə demək istədiyini anlamamışdı. Nəhayət, onlar bir balaca mehmanxanada iki nömrə kirayələyib, birində iki oğlan, digərində isə Culiya yerləşdilər. Onlar çətinliklə dördüncü mərtəbəyə qalxıb, hər kəs öz otağına gedərək özlərini çarpayılarına zorla yetişdirdilər. Düzdür, Antuan gecəni yerə sərilmiş adyalda keçirməli oldu, çünki Matias çatar-çatmaz çarpayıda köndələn vəziyyətdə dərin yuxuya getdi.

Portretçi qadın əlindəki şəkli heç cür bitirə bilmirdi. O, dəfələrlə öz sifarişçisini rahat oturmağa səsləsə də, Entoni Uolş onu, demək olar ki, dinləmirdi. Zavallı qadının tez-tez qızına baxmaq üçün üzünü çevirən Entoni Uolşun sifətindəki ifadəni tutmaq cəhdləri çox zaman uğursuzluqla nəticələnirdi. Culiya əvvəlki kimi gözünü sərgiyə çıxarılmış şəkillərdən çəkmirdi. Adama elə gəlirdi ki, onun dalğın baxışı o şəkillərdə başqa, uzaq obrazlar axtarırdı. Ata rəssam qadına poza verdiyi vaxtda, qız gözünü o portretdən ayırmırdı… Entoni onu səsləsə də, Culiya cavab vermədi.

Üç nəfər dostun balaca mehmanxananın holunda toplandığı unudulmaz 9 noyabr gününün günortaçağı idi. İlk öncə onlar şəhəri gəzib bələd olmağı qərara aldılar. Daha bir neçə saat, Tomas, cəmi bir neçə saat və mən sənə rast olacağam.

Əvvəlcə onlar Qələbə kolonnasını görməyi qərarlaşdırdılar. Matias bu kolonnanın Vandom kolonnasından daha əzəmətli göründüyünü qeyd etdi, Antuan isə belə müqayisələrin mənasız olduğu qənaətində idi. Culiya onlardan həmişəmi itlə pişik kimi yola getdiklərini soruşduqda hər iki yoldaş onun nə demək istədiyini anlamayaraq, təəccüblə gözlərini ona zillədilər. Sonra onların marağını Kurfyurstendamın əsas ticarət yolu cəlb etdi, bunun ardınca onlar təxminən yüz küçəyə yaxın yolları piyada keçir və yalnız Culiyanın yorğunluqdan ayaqlarını hiss etmədiyi vaxtlarda tramvaya oturub gedirdilər. Günortaçağı onlar qeysər II Vilhelmin şərəfinə inşa edilmiş Xatirə kilsəsinin qarşısına gəlib çıxdılar: bu binanın İkinci Dünya müharibəsi zamanı bombardmana məruz qalaraq uçub dağıldığına görə berlinlilər bu binanı “çürük diş” adlandırırdı, salamat qalan hissəsi isə orijinal bir formada olduğu üçün indiki adını almışdı. Kilsənin xarabazarlığı xatirə nümunəsi kimi qorunub saxlanmışdır.

Axşam yeddinin yarısında səyyahlar parkın yanında dayanıb orada gəzişməyi qərara aldılar.

Tezliklə onlar Şərqi Almaniya hökumətinin müasir dünyanın simasını dəyişəcək, ya da ən azından XX əsrin sonuna səbəb olacaq bəyannamə elan etdiyini öyrəndilər. Bundan sonra Şərqi Almaniya vətəndaşlarına xaricə gedib-gəlmək və maneəsiz Qərbə keçmək imkanları verilirdi. Hasar yanındakı nəzarət məntəqələrində keşik çəkən əsgərlərə atəş açmamaq və itləri buraxmamaq əmri verilmişdi. “Soyuq müharibə” illərində bu biabırçı hasardan keçməyə cəhd göstərən neçə-neçə kişi, qadın və uşaqların həlak olduğunu düşünmək belə vahiməyə səbəb olur! Nümunəvi xidmət keçən keşikçilərin güllə-baranı altında yüzlərlə qoçaq həyatı ilə vidalaşmışdır.

Nəhayət, indi berlinlilərin hərəkət etməsinə məhdudiyyətlərin götürülməsilə azadlıq elan olunmuşdu! Bu yerdə müxbirlərdən biri hökumət nümayəndəsindən bu sərəncamın nə vaxt qüvvəyə minəcəyi barədə maraqlandı. Sualı tam dərk etmədən o cavab verdi: “Elə bu dəqiqədən”.

Axşam saat səkkizdə bu məlumat hər iki Almaniyanın bütün televiziya və radiokanalları ilə yayımlandı: inanılmaz bir xəbər güclü təsir bağışlamışdı.

Minlərlə Qərbi Almaniyalı sərhəd məntəqələrinə axışıb gəldi. Minlərlə Şərqi Almaniyalı da eyni cür davrandı. Şiddətlə və sevinclə azadlığa doğru can atan insanların arasında iki nəfər fransız oğlan, bir amerikalı qız da var idi.

Saat 22:30-da Qərbi və Şərqi Almaniyanın hər bir sakini nəzarət məntəqələrinə səpələndilər. Hadisələrin belə bir istiqamət almasına hazır olmayan hərbçilər qəfil azadlıqdan məst olmuş çoxminli insan izdihamında itib getdi və bir anda özlərini Hasarın düz yanında buldular. Bornhaymer-ştrassdakı şlaqbaumlar yuxarı qaldırıldı və hər iki Almaniya birliyinə doğru irəlilədi.

Sən şəhərlə, küçədən-küçəyə azadlığa doğru addımlayırdın, mən isə idarə olunduğum gücü anlamadan sənə doğru gəlirdim. Axı nə bu qələbə, nə də bu ölkə mənim deyildilər, küçələr də mənə yad idi, hərçənd yox – mən burada yad idim. Mən də irəli qaçdım, qaçdım ki, bu cansıxıcı dəstənin içindən azadlığa çıxım. Antuanla Matias məni qoruyurdu: biz ümidlə dolu rəssamların canfəşanlıqla göy qurşağının bütün rənglərinə boyadığı ucsuz-bucaqsız beton hasar boyunca qaçırdıq. Keçid məntəqələrindəki intizarın dözülməzliyi sənin bəzi həmvətənlərinin Hasara dırmanmasına səbəb olmuşdu. Biz də dünyanın bəri tayında duranlar – onları müşahidə edirdik. Mənim sağ tərəfimdə tanımadığım insanların hasardan hoppanıb düşmələrinə kömək məqsədilə minlərlə əl uzanır, sol tərəfimdə bəziləri hələ dağılmamış dəmir hasarın arxasındakı əsirləri bir neçə saniyə də olsa, tez görmək üçün nisbətən güclülərin çiyninə dırmaşırdı. Bizim çılğın səsimiz sizin haraylarınızla qarışırdı və bu ümumi xor sizi ruhlandırır, qorxunu dəf edir və sizin burada, bizimlə bərabər olacağınızı təsdiqləyirdi. Qəfildən mən Nyu-Yorkdan qaçmış amerikalı – sənin sonda insaniyyətlik qazanan vətəninə qalib gəlmiş bir ölkənin övladı alman qadını olmağa başladım; mən də Matias kimi, sadəlövh gənclik vəcdilə “İch bir ein Berliner” sözlərini pıçıldadım və hönkürtü ilə ağlamağa başladım. Ah, mən necə də ağlayırdım, Tomas…

O axşam Monrealın köhnə limanı sahilində dolaşan turistlər arasında yoxa çıxan Culiya da ağlayırdı. O, kömürlə çəkilmiş şəklə baxıb gözlərindən sel tökürdü.

Entoni Uolş gözünü ondan çəkmirdi. O, yenidən qızını səslədi:

– Culiya! Sən özünü yaxşı hiss edirsən?

Lakin qızı atasını eşitmək üçün ondan çox uzaq məsafədə idi – onları ötüb-keçən iyirmi il ayırırdı.

… Camaat anbaan çoxalır və daha güclü qaynaşırdı. Vəhşi basabasda insanlar Hasara yaxınlaşmağa çalışırdı. Bəziləri əllərinə keçənlə hasarı döyəcləməyə çalışırdı: vintaçanlarla, daşlarla, buz baltaları ilə, cib bıçaqları ilə; əlbəttə, bu, mənasız idi və beton bu zərbələrə tabe olmurdu. Lakin insanlar bu maneəni yer üzündən tezliklə silməyə can atırdı! Birdən məndən cəmi bir neçə metr aralıda möcüzə baş verdi: Berlinə dünyanın ən adlı-sanlı violonçel çalanlarından biri gəlmişdi10. Baş verənləri öyrəndikdə o da bizə – sizə birləşdi. Violonçelini sazlayıb çalmağa başladı. Bunun həmin axşammı, yoxsa ertəsi günmü olduğunu xatırlamıram. Amma fərqi nədir ki? Əsası odur ki, onun melodiyası o Hasarı da sarsıtmışdı. Adicə fa, lya, si notlarından ibarət bu melodiya şəxsən sizin üçün səslənirdi, bura azadlıq şərqisinin doğulduğu mühit idi. Və bilirsənmi, həmin anlarda ağlayan yalnız mən deyildim. O gecə mən çoxlu gözyaşı gördüm; iyirmi səkkiz il boyunca görüşmələri, bir-birinə toxunmaları, sarılmaları, bir havanı udmaları qadağan olunan ana-balanın bu uzun ayrılıqdan qurtularaq qucaqlaşmasını və sel kimi axıtdıqları göz yaşlarını; minlərlə tanımadığı insanların arasında öz oğullarını axtaran ağbirçək ataların göz yaşlarını; yalnız göz yaşlarının onlara dəymiş zərəri yuyub aparmaq qabiliyyətində olduğu üçün berlinlilərin axıtdığı göz yaşlarını. Sonra isə minlərlə başqa simalar arasında mən Hasarın lap yuxarısında sənin üzünü gördüm, sənin tozdan bozarmış üzünü, sənin gözlərini. Sən mənim orda, Hasarda gördüyüm ilk adam idin – Qərbin ilk qızını görən Şərqin ilk oğlanı, bu qız isə mən idim.

– Culiya! – deyə Entoni Uolş yenidən səsləndi.

Culiya bir kəlmə deməyə taqət tapmadan bir anlığa üzünü atasına çevirdi və yenidən gözünü portretə dikdi.

Sən uzun dəqiqələr boyunca orda, Hasarın düz yuxarısında dayanmışdın və bizim baxışlarımız heç cür bir-birindən ayrıla bilmirdi. Sənin qarşında yeni dünya var idi, o, bütünlüklə sənə məxsus idi və sən mənə elə baxırdın ki, sanki bizi möhkəm, gözə görünməyən bir bağ bağlayır. Mən axmaq kimi ağlamağa davam edirdim və birdən-birə sən mənə gülümsədin. Sən bir az aşağı oturaraq Hasardan hoppandın və mən də başqaları kimi sənə qucaq açdım. Sən mənim açıq qollarıma düşdün və biz ikimiz də sənin indiyə qədər ayaq basmadığın torpağa yıxıldıq. Sən almanca üzr istədin, mən isə ingiliscə salamlaşdım. Sonra biz ayağa qalxdıq, sən də mənim çiyinlərimdən tozu elə çəkinmədən çırpdın ki, sanki həmişə bunu etmişdin. Sən nəsə deyirdin, amma mən heç nə anlamırdım. Və bunu görərək sən vaxtaşırı mənə başınla işarə edirdin. O dəqiqələrdə sən dəhşətli dərəcədə gülməli idin və məni gülmək tutdu. Yəqin ki, mən səndən də gülməli idim. Bu yerdə sən əlini mənə uzadıb sonralar mənim aramsız olaraq təkrarladığım adını dedin – mənim uzun müddətdən bəri təkrar etmədiyim Tomas adını…

Sahil kənarı ilə gəzən bir qadın ona toxunaraq itələdi və üzr istəmək heç ağlına da gəlmədi. Culiya ona əhəmiyyət vermədi. Səyyar bəzək-düzək alverçisi onun gözünün önündə ağacdan düzəldilmiş muncuq əsdirirdi, Culiya isə onun dediklərinin heç birini eşitmədən yavaşca başını buladı. Entoni rəssam xanıma on dollar verib ayağa qalxdı. Qadın da ona çəkdiyi rəsmi uzatdı. Üzünün ifadəsi çox düzgün qələmə alınmışdı, oxşarlıq heyranedici idi. Entoni razılıqla əlini yenidən cibinə salıb mükafatın dəyərini ikiqat artırdı. Sonra Culiyaya yaxınlaşdı:

– On dəqiqədir bu cür diqqətlə baxdığın nədir?

Tomas, Tomas, Tomas… Sənin adının tələffüzünün nə qədər şirin olduğunu unutmuşdum. Bu qarşımdakı sənə oxşar şəkli gördüyüm ana qədər sənin səsini, yanaqlarındakı batıqları, təbəssümünü, hər şeyi unutmuşdum. Sənin bu lənətə gəlmiş müharibəyə reportaj dalınca getməyini heç vaxt istəmirdim! Sənin mənə reportyor olmaq istədiyini dediyin gün bunun nə ilə nəticələnəcəyini bilsəydim, səni bu ideyanın çox pis olduğuna inandırmağa çalışardım.

Sən isə fotoreportajların daşürəkli olmasına, qəlblərimizi sızıldatmasına baxmayaraq, həyatımız barədəki həqiqətləri dünyaya yayan bir məsləyin pis ola bilməyəcəyini deyəcəkdin. Sən qəfil ciddi bir tərzdə deyərdin: “Mətbuat Hasarın o biri tərəfindəki həyatdan xəbərdar olsaydı, ölkə hökuməti bu Hasarın uçurulmasını daha əvvəl əmr edərdi”. Lakin onlar axı bilirdi, Tomas, onlar sizin hər birinizin həyatınızı tam düzgün bilirdi, onlar sizi təqib edirdi, amma hökmdarlar qorxaq olur, onlar dəyişikliklərdən qorxurlar və mən sənin sözlərini xatırlayıram. Sən deyirdin ki, fikir və söz azadlığı olan, cəza tədbirlərindən çəkinilməyən bir ölkədə doğulmaq lazımdır. Bu mövzuda biz səninlə gecə-gündüz mübahisə etsək də, yenə də sözlərimiz tükənmirdi. Bizim o mübahisələrimiz üçün nə qədər darıxdığımı bir bilsəydin, Tomas.

Mənim getmək məcburiyyətində qaldığım o gündəki kimi, mən yenə də tutarlı arqument tapmadan məğlub olduğumu boynuma alardım. Bir də, bu qədər uzun müddət azadlıq eşqilə alışıb-yanan adamı mən necə qoruya bilərdim?! Hə, sən haqlı idin, Tomas, sən özünə dünyanın ən gözəl sənətlərindən birini seçmişdin. Məsudla görüşə bildinmi? Sizin ikinizin də artıq qaranlıq dünyada olduğunuz bir vaxtda o sənə müsahibə verdimi və bu görüş belə yüksək qiymətə dəydimi? O səndən uzun illər sonra öldü. Pandcşer vadisindəki dəfn yürüşündə minlərlə insan iştirak edirdi, lakin sənin qalıqlarını heç kim toplaya bilmədi. O bədbəxt mərmi sənin qrupunu tikələrə parçalamazdan öncə mən qorxaraq səni tərk etməsəydim, görəsən, həyatım necə olardı?

Entoni əlini Culiyanın çiyninə qoydu:

– Sən kiminlə danışırsan?

– Heç kimlə, – deyə Culiya diksinərək cavab verdi.

– Bu şəkil səni açıq-aşkar tilsimləyib, dodaqların da titrəyir.

– Rahat burax məni, – deyə Culiya pıçıldadı.

Mən özümün birdəqiqəlik utancaqlığımı, davamsız qətiyyətsizlik hissimi xatırlayıram. Mən “dostlar” sözünü xüsusilə vurğulayaraq və anlamağın üçün altı-yeddi dəfə təkrarlayaraq səni Antuan və Matiasla tanış etdim. Bu ağılsızlıq idi, sənin o vaxtkı ingiliscən bərbad idi. Lakin sən, zənnimcə, yenə də məni başa düşdün və dostcasına onların çiyinlərini şappıldatdın. Matias səni azadlıq münasibətilə təbrik edərək möhkəm qucaqladı. Antuan əlini sıxmaqla kifayətləndi, lakin o da Matias qədər həyəcanlı idi. Və biz dördümüz birlikdə şəhəri gəzməyə yollandıq. Sən kimisə axtarırdın və mən, az qala, axtardığın adamın qadın olduğunu düşünmüşdüm, amma yox, o sənin uşaqlıq dostun idi. On il əvvəl o dostun ailəsilə birlikdə Hasarın bu biri üzünə qaçmağı bacarmışdı və o vaxtdan bəri siz onunla görüşmürdünüz. Lakin elə küçədəcə bir-birilə qucaqlaşan, mahnı oxuyan, yeyib-içən, rəqs eləyən minlərlə insan arasında dostu tapmaq mümkün idimi?! Sən onda belə dedin: dünya böyükdür, dostluq – sonsuz. Bilmirəm, Antuanı sənin ləhcənmi, yoxsa sadəlövhlüyünmü güldürdü, amma mən sənin bu fikrini çox gözəl hesab edirdim. Necə olmuşdu ki, həyatın sənə bu qədər amansızcasına yanaşmasına baxmayaraq, sən o uşaqlıq saflığını qoruyub saxlaya bilmişdin? Halbuki bizim adı çıxmış azadlıqlarımız bu saflığı içimizdə boğmuşdu. Biz sənə yardımçı olmaq qərarına gəldik və Qərbi Berlinin küçələrini bərabər dolaşmağa başladıq. Sən elə qətiyyətlə addımlayırdın ki, sanki dostunla çoxdan bir-birinizə görüş təyin etmişdiniz. Yolboyunca sən yoldan keçənlərlə toqquşaraq hamının üzünə zillənib baxırdın. Antuan hansısa bir meydanın mərkəzində donub-qalaraq qışqıranda hələ günəş çıxmamışdı: “İlahi! Bu adamın, heç omlasa, adını bilmək olarmı? Budur, neçə saatdır axmaq kimi adını belə bilmədiyimiz adamı axtarırıq!” Sən onun nə demək istədiyini anlamamışdın. Onda Antuan daha möhkəm bağırdı: “Adı… Name… Vorname!” Sən də həyəcanlanıb var-gücünlə “Knapp!” deyə bağırdın. Sənin dostunun adı Knapp idi. Antuan da sənə acıqlı olmadığını sübut etməyə çalışaraq yenidən “Knapp! Knapp!” deyə qışqırmağa başladı.

Matias dəli kimi qaqqıldayaraq ona qoşuldu, elə mən də möhkəm qışqırmağa başladım: “Knapp! Knapp!” Biz sənin on ildən artıq idi ki axtardığın adamın adını çağırıb şad-xürrəm rəqs edə-edə küçələri dolaşırdıq.

Qəfildən o nəhəng izdihamın içində kimsə geriyə çöndü və mən bir kişi sifəti gördüm. O, təxminən sən yaşlarda idi. Sizin baxışlarınız toqquşdu, mən isə o anda bir qısqanclıq sancması duydum.

Siz sürüsündən uzaq düşmüş və meşənin o biri ucunda görüşmüş iki canavar kimi yerinizdə donub bir-birinizə zillənmişdiniz. Bir andan sonra Knapp sənin adını çəkdi: “Tomas?” Bozumtul Qərbi Berlin yollarının fonunda ikiniz də nə qədər gözəl görünürdünüz! Sən titrəyə-titrəyə dostunu qucaqlayırdın, sizin simalarınız isə qeyri-adi bir sevinc saçırdı. Antuan ağlayır, Matias isə onu sakitləşdirərək, ayrılığın uzun olduqca, görüşün bir o qədər şirin olduğuna inandırmağı çalışırdı. Amma Antuan göz yaşları içində boğularaq, belə görüşün bir möcüzə olduğunu təkrarlayırdı. Sən başını yenidən tapdığın dostunun çiyninə dirədin. Lakin mənim sənə baxdığımı görəndə özünü düzəldib öncə dediklərini təkrarladın: “Dünya böyük, dostluq isə sonsuzdur!” – və Antuan əvvəlkindən də möhkəm hönkürüb ağlamağa başladı.

Biz bir barın terrasında əyləşdik. Hava soyuq idi, lakin bu bizim vecimizə də deyildi. Knappla sən bir qədər aralıda oturdunuz. İtirilmiş on ilin xüsusi sözlərə, bəzən, isə sadəcə, bir susqunluğa ehtiyacı var idi. Biz nə o gecə, nə də ertəsi gün bir-birimizdən ayrılmadıq. İkinci günün səhərçağında sən Knappa getməli olduğunu izah edirdin. Sən artıq burda qala bilməzdin: nənən Hasarın o biri tayında yaşayırdı və onu uzun müddətə yalnız qoymaq olmazdı, çünki sən onun həyatdakı yeganə dayağı idin. Bu qış onun yüz yaşı tamam olacaqdı. Ümid edirəm ki, o dünyada onunla da görüşmüsən. O mənim necə də xoşuma gəlmişdi – sənin nənən! Bizim otağımızın qapısını döyməzdən öncə uzun, ağarmış saçlarını hörərkən necə də gözəl idi! Sən, işlərin yolunda gedəcəyi təqdirdə, Knappa ən qısa müddətdə qayıdacağını söz vermişdin. O Qərbə gedən yolun bir daha bağlanmayacağını iddia edir, sən isə “Ola bilər. Lakin biz on il də gözləməli olsaq belə, mən hər gün səni düşünəcəyəm”, – deyə cavab verdin.

Sən ayağa qalxıb sənə etdiyimiz hədiyyəyə görə bizə təşəkkürünü bildirdin. Düzdür, biz xüsusi bir şey etməmişdik, lakin Matias yenə də bunları dedi: “Dəyməz. Sənə bir faydamız dəydiyinə çox şadıq”. Sonra da Antuan səni keçid məntəqəsinə yola salmağı təklif etdi.

Biz yenidən yola düşdük. Hamı evinə gedirdi, çünki inqilab öz yerində, bu insanların evləri isə şəhərin müxtəlif hissələrində yerləşirdi.

Yolda sən mənim əlimi öz əlinə götürdün, mən də onu geri çəkmədim; beləcə, biz bir neçə kilometri bərabər getdik.

– Culiya, titrəyirsən, qorxuram xəstələnəsən. Gəl otelə qayıdaq. İstəyirsənsə, bu portreti alaq, isti oteldə ürəyin istəyən qədər ona bax.

– Yox, onu burda qoymaq lazımdır, o satılmır. Xahiş edirəm, daha bir neçə dəqiqə duraq, sonra gedək.

Keçid məntəqəsinin hər iki tərəfindən olan insanlar hələ də qəzəbli-qəzəbli Hasarı döyəcləyirdi. Burada biz ayrılmalıydıq. Sən əvvəl Knappla vidalaşdın. “İmkan olan kimi zəng elə” – deyə Knapp sənə öz vizitkasını uzadaraq dedi. O,müxbir idi, sən də ona görəmi bu sənəti seçdin? Yoxsa siz ikiniz də gənc ikən jurnalistika ilə məşğul olmağa and içmişdiniz? Mən dəfələrlə sənə bu sualı vermişdim, sən isə hər dəfə hiyləgər təbəssümlə cavabdan boyun qaçırırdın – səni çox bezdirəndə, həmişə canını məhz bu yolla qurtarırdın. Sən Antuanla Matiasın əllərini sıxıb görüşdün və yalnız ondan sonra üzünü mənə tutdun.

Kaş mənim o vaxt nə qədər qorxduğumu biləydin, Tomas, qorxurdum ki, heç zaman dodaqlarını duymayacağam. Sən mənim həyatıma bir yay kimi daxil oldun – qəfildən, xəbərdarlıq etmədən, səhərçağı otağa günəş şüaları daxil olan kimi. Sən yanağıma sığal çəkərək əyilib astaca gözlərimdən öpdün. “Çox sağ ol”. Bu sənin məndən aralanarkən dediyin yeganə söz idi. Knapp bizi izləyirdi, mən onun diqqətli baxışını gördüm. Sanki o məndən iki yaxın dostu ayıran o illərin əbədi olaraq yaddaşdan silinməsinə dair təsəlliverici sözlər gözləyirdi. İndi isə bu dostların biri öz redaksiyasına, digəri isə Şərqi Berlinə qayıdırdı.

Mən sənin dalınca “Məni də özünlə apar! Mən sənin nənənlə tanış olmaq istəyirəm!” – deyə səsləndim və cavab gözləmədən əlindən yapışdım və inandırım səni ki, heç bir qüvvə mənim barmaqlarımı ayırıb sənin əlini buraxmağa qadir deyildi. Knapp çiyinlərini dartdı və sənin çaşqın üzünə baxıb dedi: “İndi artıq yol açıqdır, ürəyiniz istədiyi vaxt gələ bilərsiniz”.

Antuan məni fikrimdən daşındırmağa, bunun ağılsızlıq olmasına inandırmağa çalışdı. Bəlkə də o haqlı idi, lakin mən həyatımda heç bir vaxt belə məstlik hiss etməmişdim. Matias Antuanı dirsəklədi... yəni nə işin var qarışırsan? Sonra mənə tərəf qaçıb məni qucaqladı. “Parisə qayıdanda bizə zəng elə”, – deyə pıçıldadı və bir parça kağızda tələsik telefon nömrəsini cızma-qara elədi. Mən də, öz növbəmdə, onların hər ikisini qucaqladım və beləcə onlardan ayrıldım. Tomas, ondan sonra mən heç vaxt Parisə dönmədim.

Mən səninlə getdim. 11 noyabr günü sübh çağında, ümumi qarışıqlıqdan istifadə edərək, biz Şərqi Almaniyaya keçdik; o səhər şəhərin bu hissəsinə daxil olan ilk amerikalı tələbə qız, böyük ehtimalla, mən idim, birinci olmasam da, hər halda, ən xoşbəxti idim.

Bilirsənmi, axı mən öz əhdimə sadiq qaldım. O qaranlıq kafeni xatırlayırsanmı? Orada sən bizim nə vaxtsa ayrılacağımız təqdirdə belə, mənim xoşbəxt olacağıma dair mənə and içdirdin. Sənin nə üçün elə dediyini yaxşı anlayırdım: bəzən mən səni təngə gətirirdim, azadlıq həsrətindən o qədər iztirablara məruz qalmışdın ki, həyatını mənim həyatımla bağlamağa cəsarət etmirdin. Və mən bu anda sadiq qaldım, hərçənd, o anda sənə çox qəzəblənmişdim – axı bu sözlərlə sən mənim səadətimə kölgə saldın.

Mən ailə qurmağa hazırlaşıram, Tomas, daha doğrusu, ötən şənbə ailə qurmalıydım, lakin toyu təxirə salmalı olduq. Bu, uzun hekayədir, lakin məni bura məhz o gətirib çıxarıb. Və bəlkə də məhz ona görə gətirib çıxarıb ki, mən sonuncu dəfə sənin üzünü görə biləm. Orada, göylərdə mənim əvəzimdən nənəni öp.

– Culiya, bu ağılsızlıqdır! Özünü kənardan görsəydin, dəhşətə gələrdin! Eynilə batareyasının istifadə müddəti bitmiş atana bənzəyirsən! On beş dəqiqədir ki, bu şəkillərin qarşısında donub-qalmısan, üstəlik burnunun altında, Allah bilir, nə danışırsan…

Cavab vermək əvəzinə Culiya cəld irəli yeridi. Entoni Uolş ona yetişmək üçün addımını tezləşdirdi.

– Nə baş verdiyini öyrənə bilərəm, ya yox? – deyə Entoni Culiyaya çatanda israrla soruşdu.

Lakin Culiya tərs bir sükuta qapılmışdı.

– Bir bura bax, – deyə Entoni qızına öz portretini göstərərək davam etdi, – əla alınıb, hə? Al, götür, onu sənə bağışlayıram, – deyə sevincək əlavə etdi.

Culiya heç cür reaksiya vermədi.

– Yaxşı, mən onu sənə sonra verərəm, yəqin ki, indi əhvalın yerində deyil.

Culiya əvvəlki kimi susmağa davam etdiyi üçün Entoni davam etdi:

– De görüm, sənin o diqqətlə baxdığın portretdəki adam nə üçün mənə bu qədər tanış gəlir? Sənin orda, sahil kənarındakı qəribə davranışının səbəbi təsadüfən o deyilmi? Nə baş verdiyini anlaya bilmirəm, amma bu üz mənə həddindən artıq çox tanış gəlir, sanki bir dejavu hissi!

Gəlsənə bir tanış olmasın. Sən mənim dalımca Berlinə qaçaraq gəldiyin gün yumruğunu məhz bu üzə endirmişdin. Bu isə mənim on səkkiz yaşımda ikən sevdiyim insanın üzü idi, məni Nyu-Yorka zorla göndərərək, sən bizi bir-birimizdən ayırdın!

9 Hostel (ing) – əlahiddə rahatlıq xidmətləri olmayan ümumi mehmanxana

10 Mstislav Rostropoviç
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)