Eltac Xalafovhas quoted7 years ago
ÖZÜM İXTİSAR ETDİYİM YERLƏRDƏN
“Bizi mühasirəyə alıblar... Siyasi rəhbər Lenin də bizim aramızdadır... Bir əmr oxuyur, əmrdə yazılıb ki, sovet əsgəri düşmənə təslim olmamalıdır. Bizdə, yoldaş Stalin demişkən, əsirlər olmur, bizdə satqınlar olur. Uşaqlar tapançalarını çıxartdılar... Siyasi rəhbər əmr etdi: “Lazım deyil. Yaşayın özünüz üçün, siz hələ “cavansız”. Özü isə silahı çıxarıb güllələdi özünü...
Qayıdanda... Onda biz hücuma keçmişdik... Balaca bir oğlanı xatırlayıram. O, haradansa yerin içindən, yeraltı anbardan çıxıb qışqıra-qışqıra üstümüzə yüyürdü: “Öldürün mənim anamı! Öldürün! O bir almanı sevdi...” Onun gözləri qorxudan yupyumru olmuşdu. Onun arxasınca qara bir qarı qaçırdı. Üstü-başı qapqara idi. Qaça-qaça xaç çevirirdi və: “Uşağın sözünə qulaq asmayın. Uşaq allahsızlıq eləyir...” – deyirdi”.
***
“Məni məktəbə çağırdılar... Mənimlə evakuasiyadan qayıdan bir müəllimə danışdı: “Oğlunuzu başqa sinfə keçirmək istəyirəm. Mənim sinfimdə ən yaxşı şagirdlər oxuyur”.
“Oğlumun qiymətlərinin hamısı “beş”dir”.
“Bu əsas məsələ deyil. Oğlunuz almanların əsarəti altında yaşayıb bir müddət”.
“Bəli, bizim üçün çox ağır idi”.
“Mən onu nəzərdə tutmuram... Alman əsarətində olanların hamısı... nəzarətdədir. Yəni siz özünüz də...”
“Nə? Mən sizi anlamıram...”
“Biz onun düzgün inkişaf edəcəyinə inanmırıq. Danışanda dili dolaşır...”
“Bilirəm... Qorxudan qalıb onda. Evimizdə qalan alman zabiti vurmuşdu onu”.
“Görürsünüz ki... Özünüz etiraf edirsiniz... Siz düşmənlə bir yerdə yaşamısınız...”
“Bəs o düşmən dediyinizi Moskvanın burnunun ucuna qədər buraxan kimdir? Bizi burada uşaqlarımızla baş-başa saxlayan kim olub?”
Qorxudan ürəyim ağzıma gəlir. İki gün gözümə yuxu getmədi, elə bilirdim ki, müəllimə dediklərimi xəbər verəcək. Ancaq oğlumu sinfindən çıxartmadı...”
***
“Gündüzlər almanlardan, bir də polislərdən qorxurduq, gecələr də partizanlardan. Mənim axırıncı inəyimi də partizanlar alıb apardı, bircə pişiyim qaldı. Partizanlar ac və qəddar idilər. İnəyi apardılar, mən də düşdüm dallarınca... On kilometrə qədər getdim. Yalvarırdım ki, qaytarsınlar. Üç uşaq ac-susuz evdə məni gözləyirdi...
Müharibədə yaxşı adam axtarsan da tapa bilməzsən...
Özümüzünkülər özümüzünküləri əzirdi. Qolçomaq balaları sürgündən qayıtmışdı. Onların valideynləri həlak olmuşdu, onlar da alman hökumətinə xidmət etmişdilər. Qisas alırdılar. Onlardan biri qoca müəllimi evində güllələdi. Qonşumuz idi. Bir vaxtlar onun atasından “donos” yazıb ora-bura göndərmişdi. Qatı kommunist idi.
Almanlar başlanğıcda kolxozu buraxıb adamlara pay torpaqlar verdilər. Stalindən sonra adamlar dərindən nəfəs almağa başladılar. Biz töycü verirdik... Qayda-qanunla verirdik... Sonra başladılar bizi yandırmağa. Bizi və yaşadığımız evləri. Mal-qaranı alıb apardılar, adamlara da od vurub yandırdılar. Ay qızım, söz tapmağa qorxuram. Sözlər də adamın canına vəlvələ salır... Mən yaxşı qurtardım... heç kəsə pislik arzulamazdım. Hamıya yazığım gəlirdi...”
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)