Murad Muradovhas quoted7 years ago
I HİSSƏ

(17 İyun, 1982 Çərşənbə)
Böyük dura-dura kiçiyi ərə vermək yaxşı adət deyil.
Şinasi, “Şair evlənməsi”
Söylənməli yalan ağızda, axmalı qan damarda, qaçmalı qız evdə qalmaz.
Beyşehir xalq deyimi
(İmrənlər tərəfləri)
MÖVLUD VƏ RAYİHƏ
QIZ QAÇIRMAQ ÇƏTİN İŞDİ
Bu, boza1 və qatıq satan Mövlud Karataşın həyatının və arzularının hekayətidi. Mövlud Asiyanın lap qərbindəki bir yerdə, tutqun gölə uzaqdan baxan Orta Anadolu kəndində, 1957-ci ildə doğuldu. On iki yaşında olanda İstanbula gəldi və ondan sonra daim orada, dünyanın paytaxtında yaşadı. İyirmi beş yaşında öz kəndindən bir qız qaçırdı; bu, qəribə bir şey oldu, bütün həyatını müəyyən elədi. İstanbula qayıtdı, evləndi, iki qızı oldu. Qatıqçılıq, dondurmaçılıq, plovçuluq, ofisiantlıq kimi cürbəcür işlərdə durub-dayanmadan çalışdı. Amma axşamlar İstanbulun küçələrində boza satmaqdan və qəribə xəyallara düşməkdən heç vaxt əl çəkmədi.
Qəhrəmanımız Mövlud uzunboylu, sağlam, ancaq incə quruluşlu, yaraşıqlıydı. Qadınlarda mərhəmət oyandıran uşaqsayaq sifəti, qumral saçları, diqqətli və ağıllı baxışları vardı. Yalnız gəncliyində yox, qırx yaşından sonra belə sifətinin uşaqsayaq olmasını və qadınların onu gözəl hesab eləməsini, Mövludun bu iki əsas xüsusiyyətini hekayətimizin başa düşülməsi üçün aradabir oxucularımıza xatırladacağam. Siz də görəcəksiniz ki, Mövludun həmişə xeyirxah və xeyirxah niyyətli olmasını – bəzilərinə görə isə saflığını – ayrıca xatırlatmağa ehtiyac qalmayacaq. Oxucularım, mənim kimi, Mövludla tanış olsaydılar, onu yaraşıqlı və uşaqsayaq hesab eləyən qadınlara haqq qazandırar, hekayətimi maraqlı eləmək üçün şişirtmədiyimlə razılaşardılar. Bu səbəbdən tamamilə həqiqi hadisələrə əsaslanan bu kitab boyu heç nəyi şişirtməyəcəyimi, onsuz da olub-keçmiş bəzi qəribə hadisələri oxucuların daha yaxşı izləyib başa düşmələrinə kömək eləyəcək tərzdə sıralamaqla kifayətlənəcəyimi bildirim.
Qəhrəmanımın həyatını və arzularını daha yaxşı başa salmaq üçün hekayətimizin ortasındakı bir yerdən başlayacaq, əvvəlcə Mövludun 1982-ci ilin iyununda (Konyanın Beyşehir qəzasına daxil olan) qonşu Gümüşdərə kəndindən qız qaçırmağını danışacağam. Mövlud onunla qaçmağa razı olan qızı ilk dəfə dörd il əvvəl İstanbulda, bir toyda görmüşdü. Bu əmisinin böyük oğlu Qorqudun 1978-ci ildə Məcidiyyəköydəki toyuydu. Mövlud İstanbulda toyda gördüyü çox gözəl və uşaq yaşındakı (on üç yaşındaydı) onu bəyənməsinə heç inanmamışdı. Qız əmisi oğlu Qorqudun arvadının bacısıydı və bacısının toyuna görə gəldiyi İstanbulu ömründə ilk dəfəydi görürdü. Mövlud ona üç il sevgi məktubları yazdı. Qız cavab vermədi. Amma məktubları ona çatdıran Qorqudun qardaşı Süleyman elə hey Mövluda ümid verdi, dedi ki, davam eləsin.
İndi qız qaçıranda Süleyman yenə əmisi oğlu Mövluda kömək eləyir: Süleyman Mövludla İstanbuldan uşaqlığını keçirdiyi kəndə geri gəldi, özünə məxsus olan “Ford” yük maşınının sükanı arxasına keçdi. İki dost kimsənin gözünə görünmədən qaçırma planı qurdular. Həmin plana görə, Süleyman Mövludla qaçıracağı qızı Gümüşdərə kəndindən bir saatlıq məsafədəki yerdə yük maşınıyla gözləyəcək, hamı aşiqlərin Beyşehir tərəfə getdiyini güman eləyəndə onları quzeyə aparacaq, dağları aşıb Akşehir dəmiryol vağzalına qoyacaqdı.
Mövlud planını dörd-beş dəfə yoxlamış, soyuq bulaq, dar dərə, ağaclı təpə, qızgilin evinin arxa həyəti kimi vacib məkanların hər birinə əvvəlcədən iki dəfə baş çəkmişdi. Süleymanın sürdüyü yük maşınından yarım saat əvvəl düşmüş, yolun üzərindəki kənd qəbiristanlığına girmiş, qəbir daşlarına dua eləmiş, hər şeyin öz qaydasında getməsi üçün Allaha yalvarmışdı. Özünə belə etiraf eləyə bilmirdi, amma Süleymana o qədər də etibarı yox idi. Düşündü ki, bəs Süleyman maşınla dediyi yerə, bulağın başına gəlməsə necə olacaq. Fikrini dolaşdırdığına görə özünə qorxunu qadağan elədi.
Mövludun əynində düz atasıyla qatıq satdıqları orta məktəb illərindən qalma, Bəyoğlundakı bir dükandan aldığı təzə qumaş şalvar və mavi köynək, ayağında əsgərliyə getməmişdən əvvəl “Sümerbank”dan aldığı ayaqqabılar vardı.
Hava qaralandan bir az sonra Mövlud uçuq divara yaxınlaşdı. Qızların atası Boynuəyri Abdurrahmanın ağ rəngli evinin arxa pəncərəsi qaranlıq idi. On dəqiqə tez gəlmişdi. Özünə rahatlıq tapmır, elə hey qaranlıq pəncərəyə baxırdı. Ağlına keçmiş vaxtlarda qız qaçıranda qan davası tələsinə salınıb vurulanlar və gecə qaranlıqda qaçanda yolunu yanılıb ələ keçənlər gəlirdi. Qız son anda fikrindən daşınıb qaçmayanda rüsvay olanları da xatırlayıb səbirsizliklə ayağa qalxdı. Özünə dedi ki, Allah onu qoruyacaq.
İtlər hürüşdülər. Pəncərə bir anlığa işıqlandı və qaraldı. Mövludun ürəyi sürətlə döyünməyə başladı. Evə doğru getdi. Ağacların altında qımıltı eşitdi, qız az qala pıçıltıyla adını çağırdı:
– Möv-lud!
Bu əsgərlikdən yazdığı məktubları oxumuş, ona etibar eləyən bir adamın səsiydi. Mövlud yüzlərlə məktubu bir-bir sevgiylə, istəklə yazmağını, bütün varlığını o gözəl qızı yola gətirməyə həsr elədiyini, xoşbəxtlik arzularını xatırladı. Bax, axırda qızın qəlbini ələ almağa nail olmuşdu. Heç bir şey görə bilmirdi, amma sehrli gecədə səsə doğru yuxudagəzər kimi ­gedirdi.
Qaranlıqda bir-birlərini tapdılar. Öz-özlərinə əl-ələ tutub qaçmağa başladılar. Amma on addım sonra itlər hürüşməyə başlayanda Mövlud çaşıb yolunu itirdi. Sövqi-təbii irəliləməyə çalışdı, amma fikri qarışmışdı. Gecənin içində ağaclar gah peyda olub, gah yoxa çıxan beton divarlara oxşayırdılar, yanlarından eynilə yuxulardakı kimi toxunub-eləmədən keçirdilər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)