Rüzgar Mövsümhas quoted8 years ago
– Ancaq məni belə bir məsələ narahat edir: əgər Allah yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə, dünyanın qaydalarını kim nizamlayır?
– Elə insan özü nizamlayır, – boynumuza alaq ki, çox da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə tələsdi.
– Bağışlayın, – naməlum şəxs mülayimcəsinə cavab verdi, – idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına ­malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil? Həqiqətən də, – bu yerdə əcnəbi Berlioza tərəf döndü, – təsəvvür edin, misal üçün, siz başlayırsınız özünüzü, başqalarını idarə etməyə, əmrlər verməyə, necə deyərlər, get-gedə işə alışırsınız və birdən sizdə... öhö... öhö... ağciyər sarkoması peyda olur... – bu yerdə əcnəbi şirin-şirin gülümsədi, sanki, ağciyər sarkoması haqqındakı fikir ona ləzzət verdi, – bəli, sarkoma, – pişik kimi gözlərini qıyıb təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz həyatınızdan savayı daha sizi heç nə maraqlandırmır. Qohumlarınız başlayır sizə yalan söyləməyə, siz narahatlıq hiss edib bilikli həkimlərin, sonra şarlatanların, olur ki, falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də tamamilə mənasızdır, özünüz başa düşürsünüz. Və bütün bunlar faciə ilə bitir: bir az əvvəl nəyi isə idarə etdiyini güman edən şəxs qəfil taxta qutuda ­hərəkətsiz uzanası olur və yaxınları anlayanda ki bu uzanandan daha heç bir xeyir yoxdur, onu sobada yandırırlar
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)