25
Saplyanı inandırmaq üçün nitq qabiliyyətinin bütün gücünü işə salmalı oldu. Nestor və Klık küçədə, maşında oturub səbirlə onun çətin söhbətinin bitməsini gözləyirdi.
— Biz onları özümüzlə götürməməliyik, — Saplya inad edirdi. — Onlar Generalı aradan götürmüş və indi bizi öldürməyə hazırlaşan həmin real qatillər ola bilər. Klıka güvənmək olmaz, mən onu tanıyıram.
— Başqa yolumuz yoxdur, — Dronqo əmin edirdi, — yaxşısı budur, biz birləşək. Bu, qətllər haqda nəsə öyrənməyin yeganə yoludur. Yoxsa sən Ryaboy qarşısında özünə bəraət qazandıra bilməzsən. Onsuz da boğaza qədər zibilin içindəsən.
— Niyə? — Saplya dərhal narahat oldu, — niyə elə düşünürsən ki, mən Ryaboy qarşısında özümü təmizə çıxarmalıyam?
— Bəs Praqadakı iri məğlubiyyətini necə izah etmisən? — birdən Dronqo soruşdu.
— Nə məğlubiyyət? — heç vaxt özünə hakimliyi itirməyən Saplya birdən həyəcandan soyudu. — Nə haqda danışırsan?
— Düz eşitdin. — Dronqo üçün vacibi psixoloji olaraq qəzəb oyatmaq idi. Bunun dalğasında isə Saplyanı özünə daha çox bağlamaq üçün məcburi etirafı qoparmaq niyyəti gizlənirdi.
— Praqanın bura nə dəxli?
— Sən Mixonun “Ukrayna” mehmanxanasından götürdüyün pulları unutmusan? — Dronqo soruşdu. — Onları götürüb şeflərindən gizlədərək Praqadakı kazinoda uduzmusan. İndi yadına düşdü?
Saplya qəzəbdən bozardı. Əllərini sanki silah axtarırmış kimi məntiqsiz şəkildə stolun üstündə gəzdirdi.
— Hardan, — o pıçıldadı, — sən orda pul olduğunu hardan bilirsən?
— Mənə məlun olan tək bu deyil, — Dronqo başa düşdü ki, həmsöhbətinin özünə gəlməyə vaxt tapması üçün söhbətin təzyiqini bir qədər azaltmaq lazımdır. Yoxsa o, küncə sıxışıb ağlagəlməz addım ata bilər.
— Daha nə? — Saplya Dronqonu izləyərək ağır-ağır stula çökdü.
— Sən axı Praqaya yenidən qayıtmısan. Hətta ordakı krupyenin səni üzdən tanıyacağını düşünüb onu aradan götürmüsən, — o da stulunu həmsöhbəti ilə üzbəüz qoyub oturdu. Onun gözlərini görməyə çalışırdı, — amma sən bütün bunları nahaq etmisən, Ryaboyun adamları sənin haqqında hər şeyi öyrəniblər. Onlar hətta sənin kazinoda uduzduğun pulların nömrəsini Moseşvilinin ölümündən qabaq bankdan aldığı əsginaslarla tutuşdurublar. Onların hansı nəticəyə gəldiklərini təsəvvür edirsən?
— Nömrələr uyğun gəlib, — deyəsən Saplya hissiyyatsız dayanmağı bacarırdı. Buna çox böyük qüvvə sərf etsə də, bacarırdı.
— Doğrudur. Onlar uyğun gəlib. Bundan başqa Ryaboyun adamları onu da öyrəniblər ki, kazinoya məhz sən gəlmisən. Mafiyadan gizlədilmiş böyük məbləğdə pulu məhz sən uduzmusan və çex krupyeni də onun səni tanıyıb ələ verəcəyindən ehtiyatlanaraq məhz sən aradan götürmüsən. Kifayətdir?
— İndi mən səni öldürməliyəm, — Saplya bir qədər melanxolik şəkildə dedi, — sən həddən artıq çox şey bilirsən.
— Onda yaxşısı budur, Ryaboydan başla, — Dronqo məsləhət gördü, — o da hər şeyi bilir. Və o sənin üçün məndən daha təhlükəlidir.
— Deməli, o hər şeyi əvvəldən bilirmiş, — Saplya fikrə getdi, — hətta məni səni izləmək üçün göndərəndə də. Deməli, onlar məni pis vəziyyətdə qoymaq istəyirmiş. Əgər alınsa, yaxşıdır, alınmasa, o da pis deyil.
— Qorxuram ki, elə olmasın, — Dronqo etiraz etdi, — əgər səndə alınsaydı, səni mükafatlandırardılar. Boynundan güllə ilə. Buna şübhən olmasın. Ola bilsin “Merriotda” bizim hər ikimizi izləyiblər. İndi bu suala cavab ver — axı sən hiss edirdin ki, onlar səni izləyir və başa düşürdün ki, işlər heç də Ryaboyun dediyi kimi getmir?
— Bu haqda danışmağa dəyməz, — Saplya əsəblə dedi, — mənim indi gizlənmək üçün nə pulum, nə də sığınacağım var. Deyəsən, sən haqlısan. Mənim yeganə çıxış yolum qatili tapıb bunun sayəsində situasiyadan sivişib çıxmaqdır.
— Bəlkə, mən artıq onları çağırım? — Dronqo soruşdu.
— Sən bütün bunları mənə qəsdən danışdın ki, mən sizin avantüranızda iştirak etməyə razılıq verim, — Saplya qəzəbsiz dedi, — mən incimədim. Hərənin öz işləmə metodu var. Sənin özününkü, mənim özümünkü. Belə hətta maraqlıdır da. — O ayağa durub mətbəxə keçdi ki, qaz sobasını yandırsın. — Çağır onları, — qapını göstərib əlini yellədi.
“Kalmarın” ikiotaqlı nömrələrinin öz mətbəxi vardı. İkimərtəbəli mehmanxana iki hovuzun və otelin mərkəzində salınmış bağın ətrafında tikilmişdi. Bütün balkonlar düz hovuza açılırdı. Bu, dünyanın hər yerindən bura gələn varlı turistlər üçün istirahət yeri idi.
Dronqo pilləkənlə aşağı düşdü, bağdan və növbətçilərin oturduğu vestibüldən keçib maşına yaxınlaşdı.
— Hər şey qaydasındadır, — o əyilərək dedi, — siz mənimlə gedə bilərsiniz.
— Ümid edirəm, o dişləmir? — Nestor dəqiqləşdirdi.
— Yox, — Dronqo qəhqəhə çəkdi.
Onlar vestibüldən keçib bağa daxil oldular. Ordan da ikinci mərtəbəyə aparan pilləkənə tərəf getdilər.
— Sizin silahınız var? — Dronqo Klıçkovdan soruşdu.
O başını yelləyib tapançasını göstərdi.
— Siz onu mənə verə bilərsiniz? — Dronqo bir daha qeyri-adi xahişi ilə təəccübləndirdi.
— Niyə? — Klıçkov soruşdu.
— Siz bizim ümumi tanışımızı gülləyə tutmayasınız deyə. Onun silahı yoxdur. Sizə təminat verə bilərəm.
— Götürün, — Klık bir dəqiqəlik tərəddüddən sonra silahı ona uzatdı.
Hər necə olsa, o, Dronqoya tam güvənmirdi. Onlar yuxarı qalxıb nömrəyə daxil oldular. Saplya heç yerdə yox idi. Burdan getmək mümkün deyildi. Amma Dronqonun ortağı heç harda yox idi. Yalnız onlar divana əyləşəndən sonra pəncərənin arxasından addım səsləri eşidildi. Heç kimə güvənməyən Saplya hər ehtimala qarşı yataq otağının pəncərəsindən çıxıb indi bağ tərəfdən geri qayıdırdı. O belə hesab edirdi ki, artıq təhlükəsizlik heç vaxt mane olmur.
Otağa girəndə quruyub qaldı. Sonra Klıkla başı ilə salamlaşaraq, aramla divana tərəf getdi və qonaqlarla üzbəüz kresloda oturdu. Dronqo gülümsədi.
— Hamı bir yerdədir. Gəlin görək, Mamontov nə danışıb.
Onlar Dronqonun cihazını maqnitofona qoşub gərgin halda dinləməyə başladılar. İlk iki zəng hansısa sığorta şirkətindən idi.
Üçüncü zəng bir qadından idi.
— Bura bax, Slavik, — o rusca danışırdı, — mən səni gözləyəcəyəm. Axşam mütləq gəl, amma gecikmə.
Dördüncü zəng onlar üçün tamamilə gözlənil- məz oldu.
“Salam Slava”, – səs gəldi. Bu Nağılbazdır, – Klıçkov dərhal tanıdı.
“Sən Georginin ölümü barədə eşitmisən?” – Nağılbaz soruşdu.
“Eşitmişəm. Amma mənlik deyil. Deyəsən, bu gürcü mafiyasının öz işidir. Deyirlər, muzdlu qatilləri Quram Xotivarinin özü göndərib”.
“Onlar Georgi ilə möhkəm dost olublar. Odur ki, Quramln bura qatil göndərməsi inandırıcı görünmür”, – Nağılbaz etiraz etdi.
“Qəzetlərdə tamam ayrı şeylər yazıblar”, – Mamontov cavab verdi.
“Qəzetlərdə hər cür cəfəngiyat yazılır, təki oxucuların diqqətini çəksinlər”.
“Nə etməyi düşünürsən?”
“Baxarıq”, – Nağılbaz cavab verib dəstəyi yeri- nə qoydu.
Mamontov harasa zəng etdi.
“Bu telefon şirkətidir? – Cəllad soruşdu. – Mənə indicə zəng ediblər. Hardan olduğunu deyə bilərsiniz?”
“Hə, əlbəttə, – qadın səsi nəzakətlə cavab verdi, – sizə Yeni Orleandan zəng ediblər. Telefon nömrəsini yazın”, – və nömrəni dedi.
Və nəhayət, altıncı zəng onların gözlədiyi həmin zəng oldu.
“Slava, – kiminsə xırıltılı səsi eşidildi, – biz hamımız səni burda gözləyirik. Cəld bizim yanımıza gəl. Burda kiminsə işi bitib. Bundan sonra necə olacağına qərar vermək lazımdır”.
“Başa düşürəm, – Mamontov istehza ilə dedi, – Nağılbaz zəng etmişdi, General haqda soruşurdu. Əgər bir daha zəng etsə, nə deyim?”
“Hardan zəng etdiyini bilirsən?” – həmin səs cəld soruşdu.
— Bu Ryaboyun özüdür, — Saplya əminliklə dedi.
“Mən telefon nömrəsini öyrənə bildim, – Mamontov razı halda dedi, – yazmaq istəyirsən? O Yeni Orleandadır”.
O, nömrəni dedi.
“Yaxşı, – səs cavab verdi, – o həmişə Vəhşinin etibarlı adamı olub. Deyəsən, bu dəfə o qaça bilməyəcək. Biz səni gözləyirik, gəl”.
Dəstəyi asdı. Bundan başqa zəng yox idi.
— Hər şey aydındır, — Dronqo dedi, — iki qrup formalaşıb. Bir tərəfdə Ryaboy və Cəllad, digər tərəfdə isə Vəhşi və Nağılbaz. Əlbəttə ki, əgər sonuncu Yeni Orleandan sağ çıxa bilsə. Bu, şəxsən mənə mümkün görünür. Yaxşısı budur, özüm ona zəng edim.
— Onun nömrəsini bildiyini necə izah edəcəksən? — Klık soruşdu. — O sənə inanmayacaq və düz də edəcək. Səni sadəcə olaraq, uzaqlara “göndərəcək”.
— İki gün keçib, — Nestor xatırlatdı. — Bu zəng srağagün olub.
— Hər necə olsa, mən zəng edəcəyəm, — Dronqo təlaşla dedi.
Nağılbazın taleyi onu hamıdan daha çox narahat edirdi.
O, Yeni Orleanın nömrəsini yığdı.
– “Şeraton” oteli, sizi dinləyirik, – cavab verdilər.
— Sizin Nağılbazın adı? — Dronqo soruşdu. O onsuz da həyatının hər günü qəhrəmanlıq olan bir adamı çətin vəziyyətdə qoymadan bu cür xırdalıqları xatırlamağa borclu idi.
— Andrey Kiryakov, — Klıçkov cavab verdi.
— Mən bilmək istərdim, sizin mehmanxananızda cənab Kiryakov qalırmı? — Dronqo təşvişlə soruşdu.
On saniyə sonra cavab gəldi.
— Yox, cənab Kiryakov iki gün əvvəl burdan çıxıb.
— Çox sağ olun, — Dronqo sevincdən az qala qışqıracaqdı.
— Biz San-Fransiskoya uçmalıyıq, — o gərgin halda onun cavabını gözləyən adamlara müraciətlə dedi. — Nağılbaz Ryaboyun adamlarından qaça bilib. Hər şeyi sona qədər aydınlaşdırmaq lazımdır.
Üç saatdan sonra onlar Los-Anceles aeroportunda idilər. O elə təyyarəyə keçəcəkdi ki, geri çevrilən Klıçkovun sakitcə söyüş söydüyünü eşitdi.
— Nə olub? — Dronqo soruşdu.
— Orda deyəsən, tanış üz gördüm, — Klıçkov gərgin halda dedi, — lənətə gələsən. Amerika keçid həyətinə çevrilib, keçmiş həmyerlilərindən heç harda gizlənmək olmur.
Onlar təyyarəyə keçib öz yerlərinə əyləşdilər. San-Fransiskoya axşama yaxın çatdılar. Aeroportdan çıxan kimi dərhal iki taksi tutub Şahinin evinə yollandılar. Ənənəyə görə Amerika taksilərində sürücünün yanında heç kim oturmurdu.
— Sən San-Fransiskoda da cihazcıqlarını qoymusan? — Saplya soruşdu.
— Səncə? — Dronqo gülümsədi.
— Hiyləgərsən. Sənin kimisi ilə iş görmək təhlükəlidir, — Saplya rəğbət dolu səslə donquldandı. — Özün qoymusan, yoxsa kimsə kömək edib?
— Sən ki həmişə təklikdə işləyirsən, — Dronqo xatırlatdı, — mən də eynən sənin kimi individualistəm. Səs-küylü yığıncaqları sevmirəm, xüsusən bizim işimizdə.
— Bu doğrudur, — Saplya razılaşdı.
Şahinin evinə demək olar ki, birlikdə çatdılar. Maşınları buraxıb Savçenkonun evi ilə üzbəüz kiçik bir restorana girdilər.
— Deyəsən, orda hər şey qaydasındadır, — beş dəqiqə sonra üzü evə tərəf oturan Saplya dedi.
— Sən elə bilirdin ki, FTB burda tələ quracaq, — Klıçkov dedi, — ona zəng etmək lazımdır.
— Əvvəl bu rayonun müfəttişinin adını öyrənmək lazımdır, — Dronqo xatırladaraq piştaxta arxasında dayanan restoran sahibinə yaxınlaşdı. Hərçənd, buranı daha çox qəlyanaltıxana adlandırmaq olardı. — Cənab, — Dronqo gülümsədi, — sizin rayonun zabitinin adı nədir? Biz onunla görüşmək istərdik.
— Sizin probleminiz var? — müəssisə sahibi olan yapon gülümsədi.
— Yox, əlbəttə. Sadəcə olaraq, bizdən xahiş ediblər ki, əmlakımızla bağlı bəzi məlumatları polis bölməsinə çatdıraq. Biz nəsə almazdan qabaq məlumat almaq istərdik.
— Əlbəttə, — nəzakətli yapon dərhal cavab verdi, — onun adı Brayan Teylordur. Əgər istəsəniz, sizə onun telefonunu verə bilərəm.
— Siz mənə çox kömək etdiniz, — Dronqo hissiyyatla dedi. Sonra telefon nömrəsini götürüb masa arxasında onu gözləyən “ortaqlarına” yaxınlaşdı. — İndi mən bu ərazinin zabitinin həm adını, həm də telefon nömrəsini bilirəm. Bizə maşınlar lazım olacaq. Siz öz kredit kartlarınızla götürə bilərsiniz? — o Saplya və Klıka müraciətlə dedi.
— Əlbəttə, — Klıçkov cavab verdi, — burda bununla bağlı heç bir problem yoxdur.
— Saat yarımdan sonra görüşərik, — Dronqo qərara aldı, — bizim çox az vaxtımız var.
— Mən nə edəcəyəm? — Nestor soruşdu.
— Müşahidə, — Dronqo cəld cavab verdi, — belə təcrübən var ikən sənə burdan getmək olmaz. Bütün xırdalıqlara diqqət et. Bəlkə, FTB-nin öz informatorunu mühafizə etmək üçün adamları var. Mənsə bu müddət ərzində öz cihazımın məlumatlarını almağa çalışacağam. Hərçənd, orda daha çətin olacaq, çox səs-küylü yerdir, binanın o biri tərəfində yanacaqdoldurma məntəqəsi var.
— Bura yapon rayonudur, — Saplya xatırlatdı.
— Nə olsun ki?
— Sən hətta küçədə qadınla münasibətdə olsan belə, sənə diqqət etməyəcəklər. Təki o müqavimət göstərməsin, onların etikası belədir, — Saplya əminliklə dedi.
— Psixoloq, — Dronqo başını buladı, — onda heç bir problem yoxdur. Cəld maşınlara.
Saat yarımdan sonra onlar elə həmin restoranda görüşdülər. Saplya və Klık maşınlarda gəldilər.
— Ümid edirəm, maşınları eyni agentlikdən götürməmisiniz, — Dronqo dedi.
— Bizi axmaq yerinə qoyma, — Klıçkov deyindi — əlbəttə, müxtəlif agentliklərdən götürmüşük.
— Evdən heç kim çıxmayıb, — Nestor bildirdi, — amma Savçenko evdədir, bu dəqiqdir. Mən onun fiqurunu iki dəfə, bax o pəncərədə görmüşəm. Deyəsən ora onun kabinetidir.
— Yaxşı yerləşib əclaf, — Klık amansızlıqla dedi, — xainliklə qazanılmış pullarla həmişə yaxşı yaşamaq olar. Öz Katyama bu nacins haqda danışmışam.
— Katya səninlə Rusiyadan birlikdə gələn rəfiqəndir? — Dronqo soruşdu.
— Hə, niyə soruşursan? — Klık dərhal ehtiyatlandı. — Sən onu əvvəllər tanıyırdın?
— Əlbəttə, yox. Sadəcə mən eşitmişəm ki, sən bura tək gəlməmisən, — Dronqo onu sakitləşdirdi, — belə qısqanclıq olmaz.
— Mən qısqanc deyiləm, — Klıçkov birdən gülümsədi, — o onsuz da mənə heç vaxt xəyanət etməz. İşdə yoxlamışam. Onun kimiləri öz kişilərinin arxasınca Sibirə gedər və susar. Bunu yaxşı bilirəm.
— Təbrik edirəm, — Dronqo dedi. — Mənim balaca bir cihazım var. Bu müddət ərzində mən onu əldə etmişəm. Əvvəlcə burda nə olduğunu dinləyək, sonra isə Savçenkoya zəng edərik.
— Bu nə modeldir? — Nestor cihazı göstərərək soruşdu. — Mən əvvəllər beləsini görməmişəm.
— Yeni model DX-3000, — Dronqo izah etdi, — qurulmuş batareya ilə sizin bir həftə ərzində bütün danışıqlarınızı yaza bilər. Çox faydalı əşyadır, ona ciddi diqqət etmənizi məsləhət görürəm. Ailə dramlarından tutmuş qətllə bağlı bir çox problemlərin həllində kömək edə bilər.
O, cihazı maqnitofona qoşub səsini qaldırdı. Burda da heç bir əhəmiyyəti olmayan zəng var idi. Savçenkonun dövlətdən borc almaqla bağlı xahişi ilə onu bezdirən hansısa tanışlarının zəngi vardı. Bir zəng onların diqqətini çəkdi.
“Danışan Kevindir, – dəstəkdə əmin səs eşidildi, – sən Uvarovun Rusiya səfirliyində nə işlədiyini bilirsən?”
“Bu soyadı birinci dəfədir eşidirəm, – Savçenko cır səslə cavab verdi, – nə olub ki?”
“Onun sizin Rusiyadan gələn ruslarınızla hansısa anlaşılmaz əlaqələri var. Biz heç nə başa düşə bilmirik”.
“Onlar hər necə olsa da, bizim danışığımızı yazıblar, – Dronqo anladı. – İlahi, səfirlikdə belə axmaqları necə saxlayırlar? Hərçənd, digər tərəfdən, əgər Uvarov daha ağıllı olsaydı, səfir və ya konsul işləyərdi. Bu yaşda bu vəzifədə qalıbsa, deməli, heç nəyə yaramır”.
— Bu Uvarov kimdir? — Klıçkov başa düşmədi. — Siz nəsə başa düşdünüz? — o digərlərindən soruşdu.
— Mən Uvarovu tanıyıram, — Dronqo cavab verdi, — heçlikdir. Onlar sadəcə olaraq, səhv ediblər.
Daha iki əhəmiyyətsiz zəngi buraxdılar. Birdən Dronqo tanış intonasiya eşitdi. Səhv etmək mümkün deyildi. Bu, Kapustinin səsi idi.
“Necəsən Petro?” – Kapustin soruşdu.
“Çox sağ ol”, – görünür, bu zəngdən yaxşı heç nə gözləməyən Şahin ehtiyatla cavab verdi.
“Generalın ölümü haqda eşitmisən? – Kapustin soruşdu. – Necə düşünürsən, bunu kim edə bilər?”
“Bilmirəm”, – Savçenko əsəblə cavab verdi, o əlbəttə ki, telefonun dinlənildiyini xatırlayırdı.
“Sən kələk gəlmə, Petro, – Kapustin məsləhət gördü, – tezliklə böyük dava-dalaş başlayacaq. Müəyyənləşdirmək lazımdır. Sem dayı ilə nə fitnələrin varsa, qoy sənin vicdanında qalsın. Amma qalanları... Özün bilirsən. Yaxşı düşün, Petro. Bizə tutarlı adamlar lazım olacaq. Necə bilirsən, bəlkə bütün suları bulandıran elə Ryaboydur?”
“Mən bilmirəm, – Savçenko ağlar səslə dedi, – mən heç nə bilmirəm”.
Bununla da söhbət bitdi.
— Savçenkoya elə indicə zəng etmək, — Nestor saata baxdı, — artıq gecdir. Polisdən bu vaxt zəng etmirlər. Bəlkə yataq, sabah zəng edərik?
— Hə, — Dronqo razılaşmalı oldu, — səhərə qədər gözləmək lazımdır.
Onlar hansısa oteldə nömrə götürüb ənənəvi cütlüklərə bölündülər: Dronqo Saplya ilə, Klıçkov isə Kalandadze ilə.
Maraqlı kampaniyadır. Dronqo məyusluqla düşündü. Orqanlardan qovulan və indi mafiyaya işləyən keçmiş DTK əməkdaşı, vicdanında Dronqonun özünün də tanışlarının qətli olan muzdlu qatil və nəhayət qanuni oğru Vladlen Klıçkov. Və Dronqo özü. Bundan daha rəngarəng publikanı təsəvvür etmək mümkün deyil. Qonşu çarpayıda yatan Saplyanın üzünü görməmək üçün digər böyrü üstə çevrilib yuxuya getdi.
Səhər rahatlıqla səhər yeməyini yeyib iki maşına əyləşərək Savçenkonun evinə yollandılar. Onlar hələ evə çatmamış Dronqo təşvişlə başını bulamağa başladı.
— Nə olub? — Saplya soruşdu.
— Dünən orda polis postu var idi. İndisə yoxdur, — Dronqo dəniz tərəfi göstərdi, — nəsə olub. Bu mənim xoşuma gəlmir.
Onlar evə yaxınlaşandan sonra orda toplanmış maşın və polisi gördülər. Bir daha kiçik restoranlarına getmək məcburiyyətində qaldılar.
— Nəsə olub? — Dronqo restoran sahibindən soruşdu.
O kədərlə başını buladı.
— Bizim qonşumuzu öldürüblər, — o, Savçenkonun evini göstərdi, — bu gecə güllələyiblər. Dəhşətdir, burda həmişə elə qayda-qanun olub, heç kim düşünməzdi ki, belə bir şey mümkündür. Mənim iki azyaşlı uşağım var. Mən elə bilirdim, bura San-Fransiskonun ən sakit rayonudur.
— Onu necə öldürüblər?
— Heç nə bilmirəm. Deyirlər, hansısa qarətçidir.
Dronqo öz komandasının yanına qayıtdı.
— Deyəsən, biz gecikmişik, — o karıxmış halda dedi, — bu gün hansısa qatil Petro Savçenkonu güllələyib. Məncə bu ümumiyyətlə, mistikadır.
Üç cüt göz təşvişlə ona baxırdı.
Bu vaxt onun arxasından xoşagəlməz səs eşidildi:
— Ümid edirəm, mən sizə mane olmadım.
Saplya və Klıkın qəfil gərginləşən üzündən başa düşdü ki, naməlum adam hər iki quldura yaxşı tanışdır. O bu adamı əvvəllər heç vaxt görməmişdi.