surgenaeganhas quoted8 years ago
I

Altı yaşım olanda, balta dəyməmiş meşədən danışan «Gerçək əhvalatlar» adlı bir kitabda əcaib şəkil gördüm. Bu şəkildə nəhəng bir əfi ilan yırtıcı heyvanı udurdu. Şəkil belə çəkilmişdi:

Kitabda yazılmışdı: “Əfi ovunu çey­nə­mə­dən, bütöv udur. Bun­dan sonra tər­pənə bil­mir, altı ay, yediyi həzm olana qədər yatır”.

Mən macəralarla dolu cən­­gəllik həyatı barədə uzun-uzadı düşündüm və rəngli karandaşla özü­mün ilk şəklimi çək­dim. Bu mənim 1 nöm­rəli şəklim idi. Mən be­lə bir şey çək­miş­dim:

Mən əsərimi bö­yük­lərə göstərib, va­­himəli olub-ol­ma­­­dığını soruş­dum.

– Şlyapa niyə va­himəli olur? – deyə eti­raz et­dilər.

Lakin o, şlyapa de­yildi. O fil udmuş əfi ilan idi. Onda mən yaşlılara aydın olsun deyə, əfini içəri tərəfindən çək­dim. Axı böyüklərə gərək həmişə, hər şeyi izah edə­sən. Bu da mənim 2 nömrəli şəklim.

Yaşlılar mənə məs­­ləhət gördülər ki, da­ha ilanı nə xaric­dən, nə da­xildən çə­kim, bu­nun əvə­zi­nə daha çox coğ­ra­fi­ya, tarix, hesab və yazı qaydaları ilə ma­raqlanım. Bax, bu cür, hələ altı yaşımda ikən, mən çox gözəl rəssamlıq sənətindən əl çək­dim. 1 və 2 nöm­rəli şəkillərlə müvəffəqiy­yətsizliyə uğramaqla özümə olan inamımı itirdim. Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.

Beləliklə, mən başqa peşə seçməli oldum və təy­ya­rəçilik öyrəndim. Az qala bütün dünyanı do­lanmışam. Coğrafiya doğrudan da mənim çox ka­rıma gəldi. Mən baxan kimi Çini Arizondan ayı­rırdım. Gecə yolu azanda coğrafiyanı bilməyin xeyri çox­dur.

Mən öz həyatımda hər cür ciddi adamları çox gör­mü­şəm. Yaşlılar arasında uzun müd­dət yaşamışam. Onları lap yaxından gör­müşəm. Etiraf et­məliyəm ki, buna görə də onlar haq­qında yaxşı fi­kirdə deyi­ləm.

Mən başqalarına nisbə­tən ağıllı və qanacaqlı görünən bir yaşlıya rast gələndə, 1 nömrəli şəklimi – mən onu saxlamışdım və həmişə yanımda gəz­dirirdim – gös­tə­rirdim. Mən bu adamın həqiqətən bir şey anlayıb-anlamadığını bilmək istəyirdim. Amma onların hamısı belə cavab verirdilər: «Bu şlyapadır». Mən də daha onlarla nə əfilər, nə cəngəlliklər, nə ulduzlar haqqında danışırdım. Mən onların anla­yışlarına alışmışdım. Mən onlarla bric və qolf oyunları haqqında, siyasət haqqında, qalstuklar barəsində söhbət edirdim. Belə ağıllı bir adamla tanış olduqları üçün yaşlılar da çox məmnun qalırdılar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)