Gulshan Jabihas quoted8 years ago
Fəqət Mirzə Fətəli nə qədər rus ədəbiyyatı və mühiti təsirində olsa da, bununla bərabər yenə öz mənliyini itirməmiş və öz ədəbi istedadının qüvvətilə təqlidçi olmaqdan daha artıq bir yaradıcılığı üçün ancaq ümumi və əsas bir şəkil almış və həmin əsasda böyük bir sənətkar məharətilə öz həyatımızdan yaratdığı əsərləri üçün istifadə etmişdir. Ona görə də bizim, xüsusilə, teatr ədəbiyyatımızın yaranmasına ilk addımı atan o olduğuna və bu cəhətcə bizdə ilk yazıçı olduğuna baxmayaraq, yazılarında orijinal bir yazıçı olmaq üzrə qüvvətli ədəbi bir varlıq ərz etmişdir. Əsərləri az-çox uzaq bir keçmişin məhsulu olduğuna, fikir və fəlsəfə etibarilə indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox yazıları bu gün belə öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır. Onun bir çox mövzuları bu gün belə öz bəkarətini saxlamış, bir çox tipləri də xalqımızın çox gözəl bildiyi və tanıdığı tiplərdir. Qəribədir ki, Mirzə Fətəli nisbətən uzaq keçmişdə yazdığına və başladığı üsulda ilk yazıçı olduğuna baxmayaraq, bir çox əsərlərində mahir və qəti bir realist olmuş və bu cəhətcə o zamanın rus ədəbiyyatında deyil ki, təqlidçi olmamış, deyil ki, umuz-umuza getmiş, hətta qısa irəliləmək təlaşı da göstərmişdir. Bunlar hamısı Mirzə Fətəlinin nə qədər böyük ədəbi dühayə malik olduğunu çox açıq göstərir zənnindəyik. Yalnız burası vardır ki, Mirzə Fətəli öz əsərlərində zamanının iqtiza etməsi və ya vəzifəsinin tələb etməsi üzərindəmi, hər halda çarizmin mənfəətini gözləmiş və yazılarının çoxunda çar hakimiyyətinin güclənməsinə, möhkəmlənməsinə, əhalinin çar qanunlarından çıxmamasına çalışmışdır. Bunu əhalininmi, ya çarizminmi mənafeyi nöqteyi-nəzərindən yapması da başqa bir mübahisədir ki, hələlik biz bunu bir tərəfə buraxırıq. Mirzə Fətəli üzərində bu qədər durduğumuz, ondan sonrakı aşağıda adlarını göstərəcəyimiz bir taqım yazıçılarımızın onun təsiri altında bulunduğu və ona təqlid etdiyi üçündür.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)