kitabseverhas quoted7 years ago
Böyük partlayış

...biz də ulduz tozuyuq...

Hilde yelləncəkdə, atasının yanında yerini rahatladı. Saat 12-yə az qalmışdı. Oturub körfəzə baxırdılar, göy üzündə ulduzlar sayrışırdı. Dalğalar limanın altındakı qayalara çırpılırdı.

Atası sükutu pozdu:

- Kainatda kiçik bir planetdə yaşadığımızı düşünmək qəribədi.
- Hə...
- Yer Günəş orbitindəki planetlərdən yalnız biridi. Amma içində həyat olan yeganə planet.
- Bəlkə də bütün kainatda içində həyat olan yeganə planet.
- Ola bilər. Amma o da ola bilər ki, kainatda başqa həyatlı planet də var. Kainat elə nəhəngdi ki! Məsafələr elə böyükdü ki, onu işıq dəqiqələri və işıq illərilə ölçürlər.
- Yəni?
- Bir işıq dəqiqəsi işığın bir dəqiqədə qət etdiyi məsafədi. Bu, uzun yoldu, çünki işıq fəzada bir saniyədə 300.000 kilometr qət edir. Bu o deməkdi ki, bir işıq dəqiqəsi 60 dəfə 300.000 və ya 18 milyon kilometrdi. Bir işıq ili təxminən on trilyon kilometrdi.
- Günəş bizdən nə qədər uzaqdı?
- Səkkiz işıq dəqiqəsindən bir az çox. Yəni isti bir iyun günü bizi oxşayan Günəş şüaları bizə çatanadək səkkiz dəqiqə yol gəlir.
- İşə bir bax.
- Bizim Günəş sistemindəki ən uzaq planet olan Plutonun Yerdən uzaqlığı təxminən beş işıq saatıdı. Astronom teleskopu ilə Plutona baxanda əslində o andan beş saat əvvəli görür. Başqa sözlə, Plutonun görüntüsünün bizə çatması üçün beş saat keçməlidi.
- Təsəvvür eləmək bir az çətindi, amma məncə, başa düşdüm.
- Çox yaxşı, Hilde. Amma biz hələ indi başlamışıq. Bizim Günəşimiz Süd Yolu adlı qalaktikadakı 400 milyard günəşdən biridi. Bu qalaktika bizim Günəşimizin də spiral qollarından birində yerləşdiyi böyük bir diski xatırladır. Aydın bir qış gecəsi biz göyə baxanda bir qrup ulduz görürük. Çünki biz əslində Süd Yolunun mərkəzinə doğru baxmaqdayıq.
- Deməli, buna görə İsveç dilində Süd Yoluna “Qış küçəsi” deyirlər.
- Süd Yolundakı ən yaxın qonşumuza dörd işıq ili var. Bəlkə də o adanın üstündə görünən odu. O ulduzda bizə, Bjerkliyə tuşlanmış bir teleskop olduğunu təsəvvür etsək, bilməliyik ki, o teleskop buranın dörd il əvvəlki vəziyyətini görməkdədi. O, bu yelləncəkdə oturub ayaqlarını yellədən on bir yaşlı qızı görə bilər.
- İnanılmazdı!
- Amma bu, ən yaxın ulduzdu. Qalaktika isə 90.000 işıq ili genişliyindədi. İşıq qalaktikanın bir ucundan digər ucuna çatmaq üçün 90.000 il yol getməlidi. Süd Yolunda bizim Günəşimizdən 50.000 işıq ili uzaqdakı ulduza baxanda zamanca 50.000 il əvvələ baxmış oluruq.
- Bunu fikirləşmək mənim balaca başımdan çox böyük məsələdi!
- Yəni kosmosda bir şey görməyimizin yeganə yolu baxışlarımızı zamanca geriyə tuşlamaqdı. Kainatın bu an necə olduğunu yox, yalnız əvvəl necə olduğunu bilə bilərik. Minlərcə işıq ili aralıdakı ulduza baxanda əslində fəzanın tarixində minlərcə il geriyə səyahət etmiş oluruq.
- İnanılmazdı, qorxuncdu!
- Bütün gördüklərimiz gözümüzə işıq dalğaları kimi çatır. Bu dalğalar fəzada hərəkət edəndə müəyyən bir zaman keçir. Bunu göy gurultusuna bənzətmək olar. Çox vaxt göy gurultusu şimşək çaxandan bir qədər sonra eşidilir. Bunun səbəbi səs dalğalarının işıq dalğalarından daha yavaş hərəkət etməsidi. Eşitdiyimiz göy gurultusu bundan bir müddət əvvəl baş vermiş bir şeyin səsidi. Bu, ulduzlara da aiddi. Bizdən minlərcə işıq ili aralıdakı ulduza baxanda bundan minlərcə il əvvəl “çaxmış şimşəyi” görürəm.
- Aydındı.
- Amma indiyə qədər yalnız öz qalaktikamızdan danışdıq. Astronomlara görə, kainatda bunun kimi təxminən yüz milyard qalaktika və bu qalaktikaların hər birində təxminən yüz milyard dənə ulduz var. Süd yoluna ən yaxın qonşu qalaktikaya “Andromeda nebula” deyilir. O qalaktika bizim qalaktikadan iki milyon işıq ili uzaqdadı. Yəni işığın oradan bizə çatması iki milyon il çəkir. Göydə Andromeda nebulaya baxanda iki milyon il əvvələ baxmış oluruq. Həmin qalaktikada ağıllı bir astronom varsa (onun bu an ağıllı teleskopunu Yerə tuşladığını təsəvvür edə bilirəm), bura baxırsa, bizi görə bilməz. Görsə, görsə, ibtidai insanları görər.
- Heyrət!
- Bu gün bildiyimiz qalaktikaların çoxu bizdən təxminən on milyard işıq ili uzaqdadı. Yəni bu qalaktikalardan siqnallar alanda kainat tarixində on milyard il keçmişə getmiş oluruq. Bu, bizim Günəş sistemimiz kainatda mövcud olandan bu yana keçmiş müddətin təxminən iki qatıdı.
- Başım gicəlləndi!
- Zamanda belə bir geri dönüşün nə demək olduğunu qavramaq çox çətindi. Amma astronomlar kainat haqda qavrayışımızı təsirləndirən bundan da vacib bir şey kəşf ediblər.
- Danış, danış!
- Kosmosda heç bir qalaktika sabit deyil. Bütün qalaktikalar qorxunc sürətlə bir-birlərindən uzaqlaşırlar. Uzaqlaşdıqca sürət daha da artır. Beləcə, qalaktikalar arasındakı məsafə getdikcə çoxalır.
- Təsəvvür etməyə çalışıram.
- Bir şarın üzərində qara nöqtələr qoyursan. Şarı şişirdikcə bu nöqtələr bir-birlərindən uzaqlaşır. Eyni şey qalaktikalara da aiddi. Buna görə də deyirlər ki, kainat genişlənir.
- Kainat niyə genişlənir?
- Astronomların çoxu bu mövzuda ortaq qənaətdədi: Bundan təqribən 15 milyard il əvvəl kainatı əmələ gətirən maddələr kiçik bir sahədə toplanmışdı. Bu materiya elə sıxılmlış vəziyyətdə idi ki, cazibə onu çox qaynar edirdi. Vaxt keçdikcə bu qaynar kütlə elə sıxıldı və qaynarlaşdı ki, partladı. Buna böyük partlayış, yaxud ingiliscə adıyla “the big bang” deyilir.
- Bunu fikirləşəndə belə, titrəyirəm.
- Həmin böyük partlayışdan sonra bu kütlə parça-parça olub kainata səpələndi. Vaxt keçdikcə soyuyan bu parçalar ulduzları, qalaktikaları, peykləri, planetləri əmələ gətirdi.
- Demişdin ki, kainat hələ də genişlənir.
- Demişdim. Bu genişlənmənin də səbəbi milyard illər əvvəl baş vermiş həmin partlayışdı. Kainatın dəyişməz bir coğrafiyası yoxdu. Kainat hərəkətdədi. Kainat - partlayışdı. Qalaktikalar hələ də böyük sürətlə bir-birlərindən ayrılmağa davam edirlər.
- Əbədi belə olacaq?
- Ola bilər. Amma başqa bir ehtimal da var. Albertonun Sofiyə planetlərin Günəşin ətrafında qalmasını təmin edən iki qüvvədən bəhs etdiyi yadındadı?
- Cazibə və ətalət?
- Doğrudu, həmin bu qanunlar qalaktikalara da aiddi. Çünki kainat genişlənməkdə olsa da, cazibə əks istiqamətdə işləyir. Bir vaxt, bəlkə bundan milyardlarca il sonra böyük partlayışın təsiri azaldıqca göy cismləri cazibənin təsirilə yenidən bir yerə toplanacaqlar. Onda genişlənmənin əksinə, “yığılma” yaşanacaq. Lakin məsafələr çox uzun olduğuna görə, bu, yavaşıdılmış film kimi baş verəcək. Bunu şarın ağzını açanda havanın boşalmasına bənzətmək olar.
- Bütün planetlər yenidən bir sıx nüvəyə yığılacaqlar?
- Bəli, elədi. Onda nə olacaq, səncə?
- Yenidən Böyük Partlayış olacaq, kainat yenidən genişlənməyə başlayacaq. Çünki eyni təbiət qanunları işləyəcək. Beləcə, ortalığa yeni ulduzlar, yeni qalaktikalar çıxacaq.
- Mühakimə qabiliyyətinə əhsən! Astronomların kainatın gələcəyi haqda iki ssenariləri var: ya kainat həmişə getdikcə böyüyəcək və qalaktikalar arasındakı məsafələr artacaq, ya da bir vaxt gələcək ki, kainat kiçilib sıxılmağa başlayacaq. Bunu müəyyən edən amil kainatın nə qədər ağır və kütləli olacağıdı. Astronomlar bunu hələ dəqiq bilmirlər.
- Kainat çox ağır olsa və kiçilməyə başlasa, onda bəlkə də bu, kainatın indiyə qədər bir çox dəfə sıxılıb bir çox dəfə partladığını deməyə əsas verir.
- Bəli, belə nəticə çıxır. Ola bilər ki, kainatın genişlənməsi yalnız bu dəfə baş verir. Kainatın əbədi genişlənəcəyini düşünsək, onda hər şeyin necə yaranması sualı daha da kəskinləşir.
- Bəli. Qəfildən partlayan maddələr kütləsi necə əmələ gəlib?
- Xristian üçün Böyük Partlayış elə yaradılış anı deməkdi. İncildə Tanrının “İşıq olsun!” dediyi yazılıb. Albertonun Xristianlığın tarixə xətti baxışı olması haqda dediklərini yəqin xatırlayırsan. Kainatın böyüməyə davam edəcəyi fikri bu baxımdan Xristianlığın baxış bucağına uyğundu.
- Eləmi?
- Şərqdə isə tarixə dairəvi baxış hakimdi. Bu baxışa görə, tarix həmişə təkrarlanır. Məsələn, Hindistandakı qədim bir nəzəriyyə kainatın daim genişlənib yığıldığını deyir, buna hindlilər “Brahmanın gündüzü” və “Brahmanın gecəsi” deyirlər. Bu ideya şübhəsiz ki, kainatın əbədiyyən dairəvi prosesdə olması fikrinə uyğundu. Bu mənə döyünən böyük bir kosmik ürəyi xatırladır...
- Məncə, bu nəzəriyyələrin ikisini də qavramaq çətindi, ikisi də adamı çox həyəcanlandırır.
- Və bu, Sofinin bağda oturub düşündüyü sonsuzluq paradoksuna bənzəyir: Kainat ya həmişə mövcud olub, ya da bir vaxtlar yoxdan var olub...
- Ah! - Hilde əlini alnına çırpdı.
- Nə oldu?
- Deyəsən, alnımı ağcaqanad dişlədi.
- Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa çalışır...
***
Sofi ilə Alberto qırmızı maşında oturub mayorun Hildeyə kainatla bağlı danışdıqlarını dinləyirdilər.
Rollar tam dəyişib, fikir verirsən?
Nə mənada?
Əvvəllər onlar bizə qulaq asırdılar, amma biz onları görə bilmirdik. İndi isə biz onları dinləyirik, onlar bizi görə bilmirlər.
- Bir şey də var.
- Nə?
- Biz başlayanda Hilde və mayorun içində yaşadığı reallıqdan başqa reallıq bilmirdik. İndi isə onlar bizim gerçəkliyimizdən xəbərsizdilər.
- İntiqam şirin şeydi.
- Amma mayor bizim həyatımıza müdaxilə edə bilirdi.
- Bizim dünyamız onun müdaxiləsindən başqa bir şey deyildi zatən.
- Mən bizim də onların dünyasına müdaxilə edə biləcəyimizə ümidimi itirməmişəm hələ.
- Amma bunun mümkünsüz olduğunu bilirsən. “Sinderella” kafesində nə olduğunu gördün. Soyuducunu açıb Cola şüşəsi götürməyə çalışmağın hələ də gözümün qarşısındadı.

Sofi susurdu. Mayor Böyük Partlayışdan danışırdı... Bu termin onun başında fikir qatarını hərəkətə gətirirdi. Maşının içini axtarmağa başladı.
- Neynirsən? – Alberto soruşdu.
- Heç.
Bir ingilis açarı tapdı. Maşından çıxıb Hilde və atasının oturduğu yerə getdi, düz onların qarşısında dayandı. Əvvəlcə Hildenin baxışlarını tutmağa çalışdı, amma bu faydasız oldu. Axırda əlindəki ingilis açarını qaldırıb var gücülə Hildenin başına çırpdı. Hilde “Ayy” dedi. Sofi ingilis açarını qaldırıb bu dəfə mayorun alnına çırpdı, amma o heç nə hiss etmədi.
- Nə oldu? – atası Hildedən soruşdu.
- Deyəsən, alnımı ağcaqanad dişlədi.
- Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa çalışır...
Sofi əyilib yelləncəyi itələdi. Yelləncək elə bil yerinə mıxlanmışdı. Amma deyəsən, axırda bir millimetr də olsa, tərpədə bildi.
- Deyəsən, külək qalxdı.
- Yox, külək nə gəzir. Hava istidi.
- Təkcə bu deyil. Burada bizdən başqa nəsə də var.
- Burada özümüzük, bir də ilıq yay gecəsi.
- Yox, havada başqa bir şey də var.
- Nə ola bilər ki?
- Alberto və onun gizli planı yadındadı?
- Necə unuda bilərəm?!
- Şənlikdən birdən-birə yox oldular. Sanki yer aralandı, içinə girdilər...
- Hə, amma...
- “...yerin altına girdilər”.
- Hekayə haradasa bitməlidi. Mən də elə bir şey uydurmuşdum. Bunu ciddi sanma.
- Hə, amma sən hekayəni elə bitirdin. Davamını yazmadın. Yaxşı, bəs sonra nə oldu? Bir fikirləş, bəlkə onlar indi burdadılar...
- Doğrudan, buna inanırsan?
- Mən hiss edirəm, ata.
***
Sofi qaça-qaça maşına qayıtdı.
Çox təsirlidi, - Sofi əlində ingilis açarı maşına oturanda Alberto dedi. - Sənin qeyri-adi qabiliyyətlərin var, Sofi.
***
Mayor qolunu Hildenin boynuna salmışdı.
Dalğaların bu əsrarəngiz səsini eşidirsən?
Hə. Sabah kateri suya salmalıyıq.
Küləyin qəribə pıçıltısını eşidirsən? Qovaq yarpaqlarının necə titrəşdiyini görürsən?
Biz canlı planetdə yaşayırıq, bunu bilirsən, Hilde...
Yazmışdın ki, sətirlərin arasında nə isə ola bilər?
Mən yazmışdım?
Bəlkə bu bağda da sətirlərin arasında nə isə var.
Təbiət sirlərlə doludu. Amma indi biz ulduzlardan danışırıq, Hilde
Bir azdan suda da ulduzlar olacaq.
Hə. Sən balaca olanda fosfora belə deyərdin. Bir mənada haqlıydın da. Çünki fosfor da bütün başqa maddələr kimi bir vaxt bir ulduzun parçası olub.
Biz də?
Hə, biz də ulduz tozuyuq.
Gözəl dedin.
Radioteleskoplar milyardlarca işıq ili uzaqdakı qalaktikalardan gələn işıqları alanda əslində kainatın Böyük Partlayışdan dərhal sonrakı vəziyyətini görürlər. İnsanın kosmosda gördüyü yeganə şey milyonlarca il əvvəlki qalıqlardı. Ulduz falçısının edə biləcəyi yeganə şey olsa-olsa, keçmişi tapıb çıxarmaqdı.
Çünki ulduzlardan gələn işıq hələ bizə çatmamış planetlər bir-birindən ayrılıblar.
Bundan bir neçə min il əvvəl ulduzların düzəni bugünkündən fərqli idi.
Əvvəllər bunları heç bilmirdim.
Buludsuz bir gecədə göyə baxanda kosmos tarixində milyonlar, bəli, hətta milyardlarca il geriyə gedə bilirik. Bir mənada yuvamıza dönürük.
Yəni?
Sən də, mən də Böyük Partlayışla əmələ gəlmişik, çünki kainatdakı bütün substansiyalar üzvi bir tamdı. Bundan milyardlarca il əvvəl bütün maddələr elə sıx kütlə halında idi ki, iynə ucu boyda bir sahə milyardlarca ton ağırlığında idi. Bu “ilk atom” son dərəcə böyük cazibəyə görə partlamışdı... İndi biz göyə baxanda sanki o itən şeyi, özümüzə gedən yolu tapmağa çalışırıq.
Nə qəribə sözlərdi bunlar.
Kainatdakı bütün ulduzlar və qalaktikalar eyni maddədən yaranıb. Bir az burada, bir az orada. Qalaktikalar arasında milyardlarca işıq ili məsafə ola bilər, amma onların hamısının mənşəyi birdi. Bütün ulduzlar, planetlər eyni ailəyə məxsusdu.
Aydındı.
Yaxşı bəs bu substansiya nədi? Milyardlarca il əvvəl partlayan şey nə idi? O haradan əmələ gəlmişdi?
- Həə, bax, bu, böyük sualdı. Bu sualın hamımıza dərindən aidiyyatı var. Çünki biz də bu maddədənik. Biz milyardlarca il əvvəlki o böyük ocaqdan bir qığılcımıq.
- Bu da gözəl fikirdi.
- Hər halda biz rəqəmlərin əhəmiyyətini şişirtməməliyik. Əlində bir daş tutsan, kifayətdi. Kainat portağal boyda bir daşdan da ibarət olsaydı, belə bir sual bizi narahat edəcəkdi: Bu daş haradan əmələ gəlib?
***
Sofi qəfildən maşının içində ayağa qalxıb barmağını körfəzə uzatdı.
- Qayığa minmək istəyirəm, - dedi.
- Qayıq bağlıdır. Üstəlik, avarları çəkməyə heç vaxt gücümüz çatmaz.
Gəl, sınayaq. Axı bu gün Yay bayramıdı.
Ən azı ora gedə bilərik.

Onlar maşından çıxıb qaça-qaça dənizin sahilinə gəldilər. Qayığı açmağa çalışdılar. Amma olmadı.
- Sanki bunu çəkiclə aşağı vurublar, - Alberto dedi.
- Eybi yox, vaxtımız çoxdu.
- Əsl filosof heç vaxt təslim olmamalıdı. Bunu bir... aça bilsək...

* * *

- Göydə ulduzlar çoxaldı, - Hilde dedi.
- Hə, əsil yay gecəsidi.
- Amma qışda ulduzlar daha çox parıldayırlar. Livana getməyindən əvvəlki gecəni xatırlayırsan? Yeni ilin ilk günü idi.
- Sənə fəlsəfə haqda bir kitab yazmaq onda ağlıma gəlmişdi. Çünki Kristiansanddakı kitabxanaya getmiş, orada gənclər üçün yazılmış bir dənə də fəlsəfə kitabı tapmamışdım.
- İndi isə sanki ağ dovşanın tüklərinin lap ucundayıq.
- Görəsən, bu işıq ili gecəsində ətrafda kimsə varmı?
- Qayıq öz-özünə açıldı, suya düşdü!!!
- Aa, hə...
- Ola bilməz. Sən gəlməzdən əvvəl özüm düşüb yoxlamışdım.
- Doğrudan?
- Sofinin Albertonun qayığını götürməsi yadıma düşdü. Qayıq gölün ortasında yırğalana-yırğalana qalmışdı.Yadındadı?
- Mərc gəlirəm, yenə odur.
- Sən ələ sal. Bütün axşamı burada nə isə qəribəlik hiss etmişəm.
- Birimiz suya girməliyik.
- İkimiz də girək, ata.

Jostein Gaarder - 1952-ci ildə Norveçin paytaxtı Osloda doğulub. Uzun müddət ali məktəbdə fəlsəfədən dərs deyib. 1986-cı ildə kiçik hekayələri nəşr olunub. Sonra “Təkdaş müəmması” və “Sofinin dünyası” adlı ilk iki romanı işıq üzü görüb. “Sofinin dünyası” indiyədək 50-dən artıq dilə tərcümə edilib. Yazıçı, ailəsilə birlikdə, Osloda yaşayır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)