Rüzgar Mövsümhas quoted8 years ago
Otağa keçdilər. Otaqda içində neçə vaxtdan bəri insan yaşamayan mənzilin səliqəsizliyi vardı – küncdə sement qutuları qoyulmuşdu, bir qırağa mismarlar, çəkiclər, mişar və rəndə atılmışdı, qab-qacaq pəncərə ağzına yığılmışdı, qarğıdan hörülmüş həsir səbətlər üst-üstə qalanmışdı, sınıq-salxaq şkafın rəflərində sirkə, abqora şüşələri düzülmüşdü, zivənin dalına döşəklər, üzsüz balışlar və yorğanlar yığılmışdı...
Zaur Təhminəni öpdükcə, oxşadıqca Təhminə:
— Qəsdən, qəsdən səni bura gətirdim, — deyirdi, — axırıncı dəfə, son dəfə, son dəfə səninlə olmaq istəyirdim...
Zaur etiraz eləmirdi, amma çox yaxşı bilirdi ki, sözdür bütün bunlar hamısı, axırıncı görüşləri-filan deyil, yenə görüşəcəklər, yenə sevəcəklər bir-birlərini, çünki Təhminə onsuz – Zaursuz yaşaya bilmir. — Buna lap qəti əmin olmuşdu Zaur, odur ki, sakit idi... Deyir, axırıncı görüşümüzdür, çox gözəl, mən daha görüşmək üçün heç bir təşəbbüs göstərməyəcəyəm, desə, deyəcəyəm ki, “balam, özün qərar vermədin, axır görüşümüzdür?”. Özü məni axtaracaq, özü tapacaq, mən ancaq gözləməliyəm, vəssalam...
Maşına minəndə Təhminə:
— Amma səni o bağa aparmağımın bir səbəbi də var idi: — Bu səbəbi heç vaxt bilməyəcəksən.
— Nə səbəbdir ki?
— Demərəm.
Zaur inad eləmədi. Bilirdi ki, təkid eləməsə Təhminə özü deyəcək. Amma bu səfər belə olmadı. Təhminə heç bir şey demədi. Nə onda, nə sonra.
... Və Zaur bağa gəlmələrinin bu ikinci səbəbini heç bir vaxt bilmədi.
Bəlkə də heç yox imiş belə bir səbəb. Təhminə eləbelə, onun marağını cəlb eləmək üçün demişdi bunu. Kim bilir?..
Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
— Əlvida, — dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
“Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar... Bu belədir, əlbəttə, amma hər halda evdə, çimmək otağına keçib, soyuq çiləyin altında — yuyunanda Zaura birdən elə gəldi ki, suyun güclü iynələri onun bədənindən sahil qumu, dənizin duzu, isti günün təriylə birlikdə Təhminənin öpüşlərini, sığallarını, əllərinin təmasını da həmişəlik yuyub aparır. Sözlərini, pıçıltılarını, saçlarının iyini... Bir də heç bir zaman Təhminəylə görüşməyəcəklər
  • unavailable
    • Gülgün Rzayeva7 years ago

      O bağın sirri Günel Anarızının "Altıncı" əsərində verilir. Həqiqətən çox gözəl əsərdi

    Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)