Misir Məmmədlihas quoted7 years ago
Ancaq yenə də zəng çalındı.
Oblomov:
— Bu nə xəbərdir, bu gün mənim evimdə nə təntənəli mərasimdir? — deyə dilləndi və kimin içəri girəcəyini gözlədi.
Zahirindən yaşının təyin edilməsi çətin olan qeyri-müəyyən sifətə malik bir adam içəri girdi: o nə gözəl idi, nə də çirkin, boyca nə uca idi, nə də qısa, nə sarışın idi, nə də qarayanız. Təbiət ona heç bir kəskin, gözə çarpan bir əlamət, nə pis, nə də yaxşı bir xüsusiyyət verməmişdi. Çoxları onu İvan İvanıç, bəziləri İvan Vasiliç, bəziləri də İvan Mixaylıç adlandırırdı...
Onun soyadını da cürbəcür çağırırdılar: bəziləri deyirdi ki, o, İvanovdur, başqaları onu Nasilyev və ya Andreyev deyə çağırırdı, bəziləri də belə düşünürdü ki, o, Alekseyevdir. Onu birinci dəfə görən kənar bir adama onun adını deyəndə kənar adam hamin saat bu adı unudur, simasını da yaddan çıxardırdı; dediyi sözə də əhəmiyyət vermirdi. Onun cəmiyyətdə olması cəmiyyətə heç bir şey vermədiyi kimi, cəmiyyətdə olmaması da ondan heç bir şeyi əksiltməzdi. Zahirində gözə çarpan xüsusi əlamətlər olmadığı kimi, onun ağlında fərasət, orijinallıq və başqa xüsusiyyətlər yox idi.
Bəlkə, o, heç olmazsa, bütün gördüklərini və eşitdiklərini nağıl edə bilər və başqalarını heç olmazsa bununla əyləndirərdi, lakin o heç bir yerə getməmişdi: Peterburqda anadan olmuş, oradan da heç bir yerə getməmişdi, deməli, ancaq başqalarının bildiklərini görür və eşidirdi.
Belə bir adam xoşa gələn adamdırmı? Bu sevirmi, nifrət edirmi, həyəcan keçirirmi? Ola bilsin ki, o həm sevməli, həm sevməməli, həm də əzab çəkməli idi, ona görə ki, bu əzabdan heç kim yaxa qurtara bilməmişdir. Lakin o nə isə hamını sevməyi bacarırdı. Elə adamlar vardır ki, nə qədər çalışsan da onda heç cür düşmənçilik, ədavət və sair hisslər oyada bilməzsən. Onlara nə eləsən də daima sənə qarşı nəvaziş göstərirlər. Bir də ki, onlara bir cəhətdən haqq vermək lazımdır. Onların sevgisi də, əgər bu sevgini dərəcələrə ayırsaq, heç bir zaman yüksək hərarət dərəcəsinə qalxmaz. Bu cür adamlar haqqında – onlar hamını sevirlər və buna görə də mərhəmətlidirlər, desələr də, əslində onlar heç kimi sevmirlər və ona görə mərhəmətlidirlər ki, onlarda kin yoxdur.
Əgər belə bir adamın yanında başqaları yolçuya sədəqə vermiş olsa, o da öz qəpiyini yolçuya verəcəkdir, yox, əgər söysələr və ya qovsalar, yaxud istehza edib gülsələr, o da başqaları ilə bərabər söyüb güləcəkdir. Onu varlı adlandırmaq olmaz, ona görə ki, o varlı deyildir, əksinə, bəlkə, yoxsuldur; lakin onu qəti yoxsul da adlandırmaq olmaz, ona görə ki, yeri gəlmişkən deməliyik ki, ondan da çox yoxsul adamlar vardır.
Onun haradansa ildə üç yüz manat mədaxili var. Bundan başqa da o, harada isə əhəmiyyətsiz bir vəzifədə işləyir və kiçik bir maaş alır: ehtiyac hiss etmir, heç kimdən də pul borc almır, ondan borc almağı isə heç kim ağlına belə gətirə bilmir.
Qulluq yerində onun xüsusi daimi bir məşğələsi yoxdur, çünki qulluq yoldaşları və rəisləri, onun hansı işi yaxşı və hansını pis yerinə yetirdiyini görə bilməmişdir ki, məhz nəyə qabiliyyəti olduğunu müəyyən edə bilsinlər. Ya bu, yaxud da başqa bir işi versələr bu işləri o elə yerinə yetirir ki, rəis həmişə onun əməyini necə qiymətləndirməkdə çətinlik çəkir; baxır, baxır, oxuyur, oxuyur, axırda da: «Qoyun qalsın, mən sonra baxıb yoxlayaram... bir də, elə bu necə lazımdırsa, demək olar o cürdür» deməklə kifayətlənirdi.
Onun üzündə heç bir zaman öz-özü ilə danışdığını göstərən qayğı, xəyal əlaməti olduğunu görə bilməzsən və ya heç bir zaman onu da görə bilməzsən ki, özü üçün öyrənib mənimsəmək istədiyi hər hansı bir zahiri şeyə diqqətli nəzər yetirmiş olsun.
Küçədə ona rast gələn bir tanışı – hara gedirsən? – deyə ondan soruşur. – Qulluğa gedirəm və ya mağazaya gedirəm, yaxud bir adamı görməyə gedirəm. – Yaxşısı budur gəl mənimlə poçtaya və ya dərzinin yanına gedək, yaxud bir az gəzək – desə, o, heç bir etiraz etmədən, onunla bərabər gedir, dərzinin yanına da girir, poçtaya da gedir, getdiyi yerin əks istiqamətində gəzinməyə başlayır.
Onun dünyaya gəlməsini, yəqin ki, anasından başqa görən olmamışdır, bütün həyatı boyu ona çox az adam fikir verir, lakin yəqin ki, onun həyatdan necə gedəcəyini də heç kim görüb hiss etməyəcəkdir; heç kim onu soruşmayacaq, onun dünyadan getməsinə təəssüf etməyəcək və heç kim də onun ölümünə sevinməyəcəkdir. Onun nə düşmənləri var, nə dostları, lakin çoxlu tanışları vardır. Bəlkə də, yalnız dəfn mərasimi yoldan keçən naməlum bir şəxsin nəzər-diqqətini özünə cəlb edər və yoldan keçən bu naməlum adama ilk dəfə nəsib olan bir ehtiramla təzim edər: bəlkə də, başqa bir maraqlanan adam dəfn mərasiminin qabağına qaçıb, mərhumun adını öyrənmək istəyər və buradaca bu adı yadından çıxardar.
Bu Alekseyev, Vasilyev, Andreyev ya necə istəyirsiniz adlandırın, insan kütləsinə bir növ natamam, naməlum işarə, boğuq bir əks-səda, onun aydın olmayan, tutqun kölgəsidir.
Hətta Zaxar da açıq söhbətlərdə, darvaza ağzındakı yığıncaqlarda və ya dükanda onun ağasının yanına gələn bütün qonaqlara müxtəlif xarakteristika verirkən həmişə həmin bu... fərz edək ki, lap Alekseyevə gəlib çatanda çətinlik çəkirdi. O, uzun zaman düşünür, fikirləşir, bu şəxsin zahiri görünüşündə, tərz-hərəkətində və ya xarakterində göstərilə biləcək gözə çarpan bir əlamət axtarar, nəhayət, əlini yellədərək, belə deyərdi: – bu, eybəcərin biridir, heç bilmək olmur hansı yuvanın quşudur.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)