b0497577606has quoted8 years ago
ŞƏXSİYYƏTİN MÜƏYYƏN EDİLMƏSİ

– Mənim əziz dostum, insan təxəyyülünün yarada bildiyi şeylərlə müqayisədə həyat daha qəribədir, – Beyker-stritdəki mənzildə buxarının qabağında oturub söhbət edərkən Şerlok Holms dedi. – Öz-özlüyündə tamamilə adi olan çox şeylər bizim heç ağlımıza da gəlməz. Əgər biz əl-ələ tutub pəncərədən uça bilsəydik, bu nəhəng şəhərin üstündə dövrə vurub damları qaldıraraq evlərin içərisinə baxa bilsəydik, onda gördüyümüz mənzərə, yəni əsrlər boyunca özünə yol açaraq tamamilə qeyri-adi nəticələrə gətirib çıxarmış müəmmalı təsadüflərlə, niyyətlərlə, anlaşılmazlıqlarla, dərkedilməz hadisələrlə müqayisədə bədii ədəbiyyat özünün şərtilikləri ilə, əvvəlcədən bəlli olan sonluqları ilə birlikdə bizə səthi və bayağı görünərdi.
– Yenə də məni inandıra bilmədiniz, – deyə cavab verdim. – Qəzetlərdən oxuduğumuz hadisələr bir qayda olaraq kifayət qədər açıq və kobud şəkildə təsvir edilir. Polis hesabatlarında naturalizm son həddə çatıb, amma bu o demək deyil ki, onlar maraqlı və bədiidir.
– Əsl realistik effektə nail olmaq üçün diqqətlə, təmkinlə seçim aparmaq lazımdır, – Holms dedi. – Polis hesabatlarında məhz bu çatışmır, diqqətli müşahidəçi üçün işin mahiyyətini açacaq təfsilatlar əvəzinə, hakimin şit nəsihətlərinə yer verilir. İnanın, bayağılıqdan daha çox qeyri-təbii bir şey yoxdur.
Mən gülümsəyib başımı yırğaladım.
– Sizin nə üçün belə düşündüyünüzü anlayıram. Əlbəttə, öz işlərində dolaşıb qalmış üç qitə sakinlərinin köməkçisi və qeyri-rəsmi məsləhətçisi mövqeyində olmaqla siz daim qəribə və fantastik hadisələrlə üzləşirsiniz. Lakin gəlin praktiki imtahan quraq, məsələn, görək burada nə yazılıb, – səhər qəzetini döşəmədən götürərək dedim. – Elə birinci başlığı götürək: “Ərin öz arvadına qarşı amansız rəftarı”. Sonra yarım sütun mətn gəlir, amma mən bunu oxumadan da nə yazılacağını bilirəm. Şübhəsiz ki, bu hadisədə başqa bir qadının əli var. Sərxoşluq, sillə-təpik, qançırlar, bacıların, yaxud mənzil sahibəsinin mərhəməti – yazıda əsasən bunlara rast gələcəyik. Hətta bulvar yazıçıları da bundan kobud bir şey düşünüb yaza bilməz.
– Məncə, sizin gətirdiyiniz misal da arqumentləriniz kimi uğursuzdur, – Holms qəzetə baxaraq dedi.
– Bu, Dandesin boşanması məsələsidir, bununla ­bağlı bəzi xırda cəhətlərin aydınlaşdırılması ilə mən də məşğul olmuşam. Ər içki düşkünü deyildi, məsələdə başqa bir qadının iştirakı da yox idi, şikayət bununla bağlı idi ki, ər yemək yeyəndən sonra süni dişlərini çıxarıb arvadına sarı tullamağa vərdiş eləmişdi. Razılaşın ki, bu, ortabab novellaçının da ağlına gəlməz. Doktor, bir çimdik tənbəki iyləyin və etiraf edin ki, elə sizin öz misalınızla kürəyinizi yerə vurdum.
O mənə qapağında böyük ametist14 olan qızılı rəngli qədim tənbəki qutusunu uzatdı. Bu əşyanın möhtəşəmliyi Holmsun sadə vərdişlərinə uyğun gəlmirdi, ona görə də özümü saxlaya bilməyib bunu dostuma bildirdim.
– Hə, tamam unutmuşdum ki, sizinlə artıq bir neçə həftədir ki, görüşmürük, – Holms dedi. – Bu, Bohemiya kralının mənə kiçik hədiyyəsidir. Bilirsiniz, İren Adlerə yazdığı məktublar üzündən düşdüyü çətinlikdə ona köməyim dəymişdi.
– Bəs üzük? – deyə onun barmağında bərq vuran gözəl brilyant üzüyə baxıb soruşdum.
– Hollandiya kral ailəsinin hədiyyəsidir; amma bu iş o qədər incədir ki, siz lütf edib mənim sadə uğurlarımın bəzisini qələmə almaq zəhmətinə qatlaşsanız da, bu barədə hətta sizə də danışmağa haqqım yoxdur.
– İndi əlinizdə bir iş varmı? – deyə maraqla ­soruşdum.
– On-on iki iş var, amma heç birisi maraqlı deyil. Yəni öz-özlüyündə mühüm işlər olsa da, mənim üçün maraq kəsb etmir. Bilirsinizmi, mən müəyyən etmişəm ki, məhz əhəmiyyətsiz işlər müşahidə üçün, səbəb və nəticəni dəqiq şəkildə analiz etmək üçün geniş imkanlar yaradır. Təhqiqatın gözəlliyi də elə bunlardan ibarətdir. İri cinayətlər, bir qayda olaraq, çox sadədirlər, çünki ciddi cinayətlərin motivləri, əsasən, aydın olur. Marseldə baş vermiş çox müəmmalı bir hadisəni nəzərə almasaq, əlimdə olan işlərdə maraqlı heç nə yoxdur. Lakin istisna deyil ki, bir neçə dəqiqədən sonra daha maraqlı bir iş əldə edəcəyəm, çünki deyəsən, vaxtilə müştərim olan qadınlardan birini görürəm.
O bunu deyərək ayağa qalxdı və pəncərəyə yaxınlaşıb boz London küçəsinə baxdı. Onun çiyninin üstündən boylanaraq küçənin o biri tərəfində ağır xəz palto geyinmiş, üstündə qırmızı lələk olan enli şlyapasını başına yanakı qoymuş hündür bir qadın gördüm. O, əsəbi halda əlcəklərini dartaraq tərəddüdlə bizim pəncərəyə baxırdı.
Birdən suya tullanan üzgüçü kimi sürətlə küçəni keçdi və biz kəskin zəng səsini eşitdik.
– Tanış əlamətlərdir, – Holms siqaretin kötüyünü buxarıya tullayaraq dedi. – Qapı ağzında tərəddüd etmək həmişə incə məsələlərdən xəbər verir. O, məsləhət almaq istəyir, amma qorxur: görünür, çox incə işdir. Lakin burada da müxtəlif çalarlar olur. Əgər qadını bərk təhqir ediblərsə, o tərəddüd etmir və adətən, zəngi möhkəm basır. Ehtimal etmək olar ki, bu da məhəbbət məsələsidir, amma bu qadın hirslənməkdən daha çox həyəcanlanıb və məyus olub. Budur, özü də gəldi. İndi bizim bütün şübhələrimizə son qoyulacaq.
Bu anda qapı döyüldü və düyməli gödəkcə geyinmiş oğlan miss Meri Sazerlendin gəlmək istədiyini xəbər verdi. Bu zaman qadının özü onun balaca, qara fiqurunun arxasında göründü. Sanki kiçik losman qayığının dalınca tam təchizatlı ticarət gəmisi gəlirdi. Şerlok Holms qonağını çox nəzakətlə qarşıladı, sonra qapını örtüb onu kresloda əyləşdirdi və diqqətlə, bununla birlikdə özünəməxsus dalğın baxışlarla ona baxdı.
– Çap makinasında bu qədər yazmaq sizi yormurmu, axı gözləriniz zəifdir? – deyə Holms soruşdu.
– Əvvəllər yorulurdum, amma indi kor üsulu ilə yazıram, – deyə qadın cavab verdi. Sonra birdən-birə Holmsun sözlərinin mənasını anlayaraq diksindi və qorxu içində dostuma baxdı. Onun enli, mehriban üzündə sonsuz heyrət vardı.
– Mister Holms, siz məni tanıyırsınızmı? – o, bərkdən soruşdu. – Yoxsa bunları haradan bilirsiniz?
– Mühüm deyil, – deyə Holms güldü. – Hər şeyi bilmək mənim peşəmdir. Ola bilsin ki, başqalarının fikir vermədiyi şeyləri görməyə mən adət eləmişəm. Belə olmasaydı, məsləhət almaq üçün mənim yanıma gələrdinizmi?
– Sizin haqqınızda missis Etericdən eşitdiyim üçün bura gəlmişəm. Hamı, hətta polis də onun ərini ölmüş hesab edirdi. Amma siz onu tez bir zamanda tapa bilmişdiniz. Ah, mister Holms, kaş ki, mənə də bu cür kömək edəydiniz! Mən varlı deyiləm, amma hər halda ildə yüz funt faiz götürürəm, bundan başqa, makinada çap etməklə də pul qazanıram. Mister Hosmer Eyncelin başına nə gəldiyini öyrənmək üçün nə qədər pul istəsəniz, verərəm.
– Nə üçün məndən məsləhət almağa bu cür tələsirsiniz? – Şerlok Holms barmaqlarının ucunu bir-birinə dayayıb tavana baxaraq soruşdu.
Miss Meri Sazerlendin sadəlövh üzündə yenə qorxu göründü.
– Bəli, mən, doğrudan da, tələsib evdən qaçmışam, – o dedi. – Mister Uindibenkin, yəni atamın bu işə laqeyd münasibət göstərməsi məni hirsləndirdi. O nə polisə, nə də sizin yanınıza gəlmək istəmədi, ümumiyyətlə, heç nə etmək istəmir. Elə hey deyir ki, qorxulu bir şey yoxdur, buna görə də dözmədim, geyinib evdən çıxdım və düz sizin yanınıza gəldim.
– Sizin atanız? – deyə Holms soruşdu. – Daha doğrusu, ögey atanız. Axı soyadlarınız fərqlidir.
– Bəli, ögey atam. Mən onu ata adlandırıram, amma bu gülməlidir, çünki o məndən cəmisi beş il iki ay böyükdür.
– Ananız yaşayırmı?
– Əlbəttə, anam sağ-salamatdır. Mən razı deyildim ki, o, ərə getsin. Həm də atam təzəcə ölmüşdü, üstəlik, bu adam anamdan on beş yaş kiçikdir. Atamın Tottenhem-Kort-roudda lehimləmə emalatxanası vardı. Bu, gəlirli bir işdir. Ona görə də anam baş usta mister Xardinin köməyi ilə bu işi davam etdirməyi qərara almışdı. Lakin mister Uindibenk anamı emalatxananı satmağa məcbur etdi: o, şərab satışı üzrə kommivoyajördür, guya lehimləmə işi ona yaraşmaz. Onlar bu satışdan faizlə birlikdə dörd min yeddi yüz funt pul qazandılar, hərçənd atam sağ olsaydı, emalatxananı daha baha qiymətə satardı.
Elə fikirləşirdim ki, bu maraqsız söhbət Şerlok Holmsun zəhləsini aparacaq, amma o, əksinə, çox diqqətlə qulaq asırdı.
– Sizin də şəxsi gəliriniz bu məbləğin içindəydi?
– o soruşdu.
– Yox, ser! Mənim öz əmlakım var, Oklenddə yaşamış dayım Ned öləndə mənə miras vəsiyyət etmişdi. Dayımın mənə verdiyi kapital Yeni Zelandiya kağızlarının istehsalına qoyulub və ildə 4,5 faiz gəlir gətirir. Kapitalın ümumi məbləği iki min beş yüz funtdur, amma mən yalnız faizləri ala bilərəm.
– Bütün bunlar çox maraqlıdır, – Holms dedi. – Siz il ərzində yüz funt almaqla, üstəlik, bir az da qazanmaqla, əlbəttə ki, səyahətə də çıxa bilərsiniz, ya da başqa cür əylənə bilərsiniz. Məncə, tək qadın altmış funt gəlirlə çox yaxşı yaşaya bilər.
– Mister Holms, mən bundan da az xərcləyərdim, amma özünüz də başa düşürsünüz ki, evdə yük olmaq istəmirəm, onlarla birlikdə yaşadığım üçün gəlirimi evə verirəm. Əlbəttə ki, bu müvəqqətidir. Mister Uindibenk hər üç aydan bir mənim faizlərimi alıb anama verir, mən özümsə makinada çap etməklə əla yaşayıram. Səhifəyə iki pens alıram, adətən, gündə on beş-iyirmi səhifə çap edə bilirəm.
– Siz vəziyyəti çox aydın şəkildə mənə izah etdiniz, – Holms dedi. – İcazə verin, sizə dostum doktor Uotsonu təqdim edim; onun yanında mənə hər şeyi açıq şəkildə danışa bilərsiniz. İndi isə, lütfən, mister Hosmer Eyncellə münasibətləriniz haqqında ətraflı danışın.
Miss Sazerlend qızardı və jaketinin kənarını əsəbi halda dartışdırmağa başladı.
– Onunla qazçəkənlərin konsertində tanış olmuşdum. Atama həmişə bilet göndərərdilər, o öldükdən sonra da bizi unutmamışdılar və biletləri anama göndərirdilər. Mister Uindibenk bizim konsertə getməyimizi istəmirdi. O, ümumiyyətlə, bizim harasa getməyimizi istəmir. Mən məktəb pikniklərindən bəhs edəndə o lap dəli olur. Amma bu dəfə nəyin bahasına olursa olsun getməyi qərar aldım, axı məni evdən buraxmamağa onun nə haqqı var? O dedi ki, belə insanlarla ünsiyyət saxlamaq lazım deyil, amma onlar atamın dostlarıdır axı. Hə, bir də dedi ki, mənim konsertə getmək üçün paltarım yoxdur, amma qırmızı rəngli məxmər donumu heç geyinməmişəm, təptəzə qalıb. Daha heç nəyə etiraz edə bilmədi və firmanın işləri ilə əlaqədar Fransaya getdi. Anamla mən keçmiş ustamız mister Xardi ilə birlikdə konsertə getdik. Elə orada mister Hosmer Eyncellə tanış oldum.
– Güman edirəm ki, mister Uindibenk Fransadan qayıtdıqdan sonra sizin konsertə getdiyinizi eşidərək çox narazı qalıb, – Holms dedi.
– Yox, o, qətiyyən hirslənmədi. O gülüb çiyinlərini çəkdi və dedi: qadınlar qadağalara məhəl qoymayıb, onsuz da öz bildiklərini edirlər.
– Başa düşdüm. Deməli, Hosmer Eyncel adlı centlmenlə qazçəkənlərin konsertində tanış olmusunuz?
– Bəli, ser. Mən həmin axşam onunla tanış oldun, ertəsi gün o bizə gəlib, evə necə gedib çatmağımızla maraqlandı. Bundan sonra biz, yəni mən onunla iki dəfə gəzintiyə çıxdım. Atam qayıtdıqdan sonra isə mister Hosmer Eyncel bizə gələ bilmədi.
– Gələ bilmədi? Nə üçün?
– Bilirsinizmi, atam qonaqları sevmir və həmişə deyir ki, qadın öz ailəsindən başqa heç kimlə ­görüşməməlidir. Mənsə anama dedim ki, bəli, qadının öz ailəsi olmalıdır, amma mənim hələlik öz ailəm yoxdur!
– Bəs mister Hosmer Eyncel? O sizinlə görüşməyə heç cəhd etmədi?
– Bir həftədən sonra atam yenə Fransaya getməyə hazırlaşdı. Hosmer mənə məktub yazıb bildirdi ki, atam gedənə qədər görüşməsək yaxşıdır. O mənə hələlik məktub yazmağı məsləhət gördü, özü də hər gün yazırdı. Səhər-səhər yeşikdən məktubları özüm götürürdüm, atam heç bir şey bilmirdi.
– Siz bu centlmenlə artıq nişanlanmışdınızmı?
– Bəli, mister Holms. Biz ilk gəzintimizdən sonra nişanlandıq. Hosmer... mister Eyncel... Lednholl-stritdə yerləşən kontorda kassir işləyir və...
– Hansı kontorda?
– Mister Holms, bədbəxtlik burasındadır ki, hansı kontor olduğunu bilmirəm.
– Bəs o harada yaşayır?
– O deyirdi ki, kontorda gecələyir.
– Onun ünvanını da bilmirsiniz?
– Yox, mən yalnız onu bilirəm ki, kontor Lednholl-stritdə yerləşir.
– Bəs məktubları hansı ünvana göndərirdiniz?
– Lednholl-stritdəki poçt şöbəsinə, tələb edən adama. O dedi ki, kontorun ünvanına yazmaq lazım deyil, əgər iş yoldaşları məktubun qızdan ­gəldiyini ­bilsələr, onu ələ salarlar. Onda təklif etdim ki, məktublarımı makinada yazım, o özü də belə edirdi, amma istəmədi. Dedi ki, mənim öz əlimlə yazdığım məktublar onun üçün daha əzizdir. Əgər məktubları makinada yazsam, ona elə gələr ki, bizim aramızda yad bir şey var. Görürsünüzmü, mister Holms, o məni necə sevib, hətta ən xırda şeylərə də necə diqqət yetirib?
– Bu artıq nəsə deyir. Mən həmişə bu fikirdə olmuşam ki, xırda cəhətlər hər şeydən əhəmiyyətlidir, – Holms dedi. – Bəlkə xatırlayasınız, mister Hosmer Eyncelin xarakterində sizə əhəmiyyətsiz görünən daha nə vardı?
– Mister Holms, o çox utancaq idi. O mənimlə axşamlar daha çox həvəslə gəzintiyə çıxardı, nəinki gündüzlər. Özünə diqqət cəlb etməyi xoşlamırdı. O çox təmkinli və nəzakətli idi. Hətta onun səsi də lap astadan çıxırdı. Mənə deyirdi ki, uşaq vaxtı anginası olub, badamcıq vəzilərinin iltihabı ilə xəstələnib və səs telləri zəifləyib, buna görə də pıçıltı ilə danışır. O, sadə də olsa, çox yaxşı, çox səliqəli geyinirdi. Amma gözləri mənim gözlərim kimi zəif idi, buna görə də qara eynək taxırdı.
– Yaxşı, bəs sizin atalığınız, mister Uindibenk yenidən Fransaya getdikdən sonra nə baş verdi?
– Mister Hosmer Eyncel bizə gəldi və atam qayıdana qədər mənə evlənməyi təklif etdi. O, son ­dərəcə həyəcanlı idi və məni Bibliyaya əl basdıraraq and içdirdi ki, mən həmişə, hər şeydə ona sədaqətli olacağam. Anam dedi ki, o, düz hərəkət edib, guya bu onun sənə olan sevgisini sübut edir. Anam lap əvvəldən ona çox yaxşı münasibət göstərirdi, hətta o məndən çox, anamın xoşuna gəlirdi. Sonra qərara aldıq ki, toyu həftənin sonuna qədər etsək yaxşıdır. Mən onlara dedim ki, atam olmadan toyu necə edərik. Ancaq onlar təkid etdilər ki, mən bu barədə düşünməyim, atama sonra da xəbər göndərə bilərik. Anam isə hər şeyi yoluna qoymağı öz boynuna götürdü. Mister Holms, bu mənim xoşuma gəlmirdi. Əlbəttə ki, məndən cəmisi bir neçə il böyük olan atamdan razılıq almaq gülməli idi; amma mən heç nəyi gizlində etmək istəmirdim, buna görə də Bordoya məktub yazdım. Atamın firmasının fransız şöbəsi orada yerləşir. Amma göndərdiyim məktub toy günümdə geri qayıtdı.
– Məktub ona çatmamışdı?
– Bəli, ser, məktub ora çatana qədər o, İngiltərəyə yola düşmüşdü.
– Bəli, çox pis olub! Deməli, toy cümə gününə təyin olunmuşdu? Nikah mərasimi kilsədə keçirilməli idi?
– Bəli, amma çox sadə şəkildə. Biz Kinqs-krossun yanında yerləşən Müqəddəs Xilaskar kilsəsində nikahlanmalıydıq, sonra isə Sent-Penkres otelində nahar etməliydik. Hosmer bizim dalımızca ikiyerli arabada gəldi, amma biz üç nəfər olduğumuzdan, anamla məni bu arabaya mindirdi, özü isə elə bu vaxt küçədə dayanmış kebi tutdu. Biz kilsəyə birinci çatdıq və gözləməyə başladıq. Sonra keb də gəldi, amma o düşmədi. Belə olduqda faytonçu qozladan düşüb içəri baxdı, amma Hosmer içəridə yox idi! Faytonçu başa düşə bilmirdi ki, o hara yoxa çıxıb. Hosmerin kebə mindiyini faytonçu öz gözləri ilə görmüşdü. Mister Holms, bu, cümə günü olub, o vaxtdan bəri onun başına nə gəldiyindən xəbərim yoxdur.
– Mənə elə gəlir ki, o sizinlə çox vicdansızca rəftar edib, – Şerlok Holms dedi.
– Yox, yox, ser! O, mehriban və yaxşı adamdır, o məni ata bilməz. Həmin gün hey təkidlə deyirdi ki, nə baş versə də, mən ona sədaqətli olmalıyam. Hətta ən gözlənilməz hadisə baş versə də, mən ona söz verdiyimi heç vaxt unutmamalıyam, gec-tez o qayıdacaq, buna görə də mən vədimi yerinə yetirməliyəm. Bu sözləri toydan bir az qabaq eşitmək çox qəribə idi, amma sonra baş verənlər onun sözlərinin həqiqət olduğunu göstərdi.
– Şübhəsiz. Deməli, siz düşünürsünüz ki, onun başına bədbəxt hadisə gəlib?
– Bəli, ser, həm də mənə elə gəlir ki, o, təhlükəni əvvəlcədən hiss edirmiş, yoxsa belə qəribə sözlər danışmazdı. Məncə, o, təşvişə düşməkdə haqlı imiş.
– Siz bilmirsiniz ki, onun başına nə gələ bilərdi?
– Yox, bilmirəm.
– Bir sualım da var. Sizin ananız bu hadisəni necə qarşıladı?
– O, bərk hirsləndi və dedi ki, bu hadisə barədə bircə kəlmə də danışmayım.
– Bəs atanız? Nə baş verdiyini ona danışdınızmı?
– Bəli. O hesab edir ki, nə isə bədbəxt bir hadisə olub, amma Hosmer mütləq qayıdacaq. O deyir ki, məni kilsəyə aparıb, sonra da gizlənməyin heç bir mənası yoxdur. Əgər o məndən borc götürsəydi, ya da mənimlə evlənib sərvətimi öz adına keçirsəydi, onun hərəkətini izah etmək olardı. Amma Hosmer pul məsələsində çox həssasdır və bir dəfə də olsun, məndən bir şillinq də borc almayıb. Nə ola bilər? Nə üçün o yazmır? Mən az qala dəli olacağam, gecələr yata bilmirəm. – O, çantasından dəsmal çıxarıb ­acı-acı ağladı.
– Mən bu işi araşdırmağı boynuma götürürəm,
– Holms ayağa qalxaraq dedi, – və nəyəsə nail olacağımıza qətiyyən şübhə etmirəm. Heç bir şey haqqında fikirləşməyin, həyəcanlanmayın, ən əsası isə Hosmer Eynceli unutmağa çalışın, elə bilin ki, o heç vaxt olmayıb.
– Deməli, onu daha heç vaxt görməyəcəyəm?
– Qorxuram ki, belə olsun.
– Axı onun başına nə gəlib?
– Bu işi aydınlaşdırmağı mənim öhdəmə buraxın. Mən onun zahiri görkəminin dəqiq təsvirini bilmək və onun bütün məktublarını görmək istəyirəm.
– Şənbə günü “Kronikl” qəzetində onun itkin düşməsi haqqında elan vermişəm, – miss Sazerlend dedi. – Qəzetdəki elanı kəsib gətirmişəm, alın, bu da onun yazdığı dörd məktub.
– Təşəkkür edirəm. Sizin ünvanınız necədir?
– Kamberuell, Layon-pleys, 31.
– Mister Eyncelin ünvanını bilmirsiniz. Atanız harada işləyir?
– Fençerç-stritdə yerləşən “Vesthauz və Marbenk” firmasında. Bu, klaret şərabının idxalı ilə məşğul olan iri firmadır.
– Təşəkkür edirəm. Siz öz işinizi aydın şəkildə izah etdiniz. Məktubları mənə verin və məsləhətimi yadınızdan çıxartmayın. Bu hadisəni birdəfəlik unudun getsin.
– Təşəkkür edirəm, mister Holms, amma bu mümkün deyil. Mən Hosmerə sadiq qalacağam. Onu gözləyəcəyəm.
Qəribə şlyapasına və sadəlövh üzünə baxmayaraq, qonağımız öz səmimiliyi və sədaqəti ilə istər-istəməz hörmət aşılayırdı. O, kağızları masanın üstünə qoydu və lazım olduqda gələcəyini vəd edib getdi.
Şerlok Holms barmaqlarının ucunu bir-birinə dayadı, ayaqlarını uzatdı və gözlərini tavana zilləyib bir neçə dəqiqə susaraq oturdu. Sonra rəfdən həmişə onun üçün məsləhətçi rolunu oynayan qədim saxsı qəlyanını götürüb yandırdı və kresloya söykənərək, mavi tüstü buludları arasında uzun müddət oturdu. Onun üzündə tam laqeydlik vardı.
– Bu qız maraqlı məxluqdur, – nəhayət, o dedi. – Başına gəlmiş hadisədən də maraqlıdır. Həm də həyat onu çox əzib. Əgər mənim kartotekama baxsanız, buna oxşar çox hadisələrə rast gələrsiniz, məsələn, 1877-ci ildə baş vermiş Andover əhvalatı. Keçən il Haaqada da buna oxşar hadisə olmuşdu. Xülasə, bəzi yeni detalları olsa da, köhnə əhvalatdır. Amma qızın özü müşahidə üçün geniş imkan yaradır.
– Siz, yəqin ki, mənim görmədiyim şeyləri görmüsünüz, – dedim.
– Görmədiyin yox, Uotson, fikir vermədiyin. Siz nəyə diqqət yetirməli olduğunuzu bilmirdiniz, buna görə də çox şeyi buraxdınız. Mən sizə heç cür başa sala bilmirəm ki, paltarın qolu, böyük barmağın dırnağı, ya da ayaqqabı bağı nə qədər əhəmiyyətli ola bilər. Maraqlıdır, siz bu qızın zahiri görkəminə əsaslanaraq nə deyə bilərsiniz? Onu mənə təsvir edin.
– Onun başında boz-mavi rəngli, enli kənarları olan həsir şlyapa vardı. Şlyapanın üstünə tünd qırmızı lələk sancılmışdı. Qara rəngli toxunma jaket geyinmişdi. Donu qəhvəyi rəngdə, daha doğrusu, tünd-qəhvəyi rəngdə idi, qollarında və yaxalığında qırmızı məxmərdən zolaqlar vardı. Boz əlcəyinin sağ tayında şəhadət barmağı yeyilmişdi. Ayaqqabısına fikir vermədim. Qulaqlarında yumru qızıl sırğalar vardı. Xülasə, bu qız kifayət qədər imkanlıdır, amma bir az vulqar, sadəlövh və səhlənkardır.
Şerlok Holms sakitcə əlini əlinə vurub gülümsədi.
– Əla, Uotson, sizdə müəyyən irəliləyiş var. Doğrudur, mühüm detalları gözdən qaçırmısınız, amma üsulu yaxşı mənimsəmisiniz. Rənglərə qarşı həssassınız. Dostum, ümumi təəssürata heç vaxt güvənməyin, fikrinizi xırda şeylərin üstündə cəmləyin. Mən həmişə əvvəlcə qadının paltarının qoluna baxıram. Amma kişidirsə, yaxşı olar ki, şalvarının dizinə diqqət yetirəsən. Sizin də gördüyünüz kimi, bu qızın paltarının qolu məxmərlə işlənmişdi, bu isə asanlıqla sürtülən və hər cür izi yaxşı saxlayan materialdır. Biləyindən bir az yuxarı, yəni, adətən, makinaçı qızların masaya əli ilə toxunduğu yerdə ikiqat xətt yaxşı görünürdü. Əl tikiş maşını da belə izlər buraxır, amma yalnız sol əldə və biləyin üst tərəfində. Amma miss Sazerlendin əlində bu izlər bütün biləyində var idi. Sonra mən onun üzünə baxdım, burnunun üstündə eynək yeri vardı, buna görə də onun gözlərinin zəif olduğunu və yazı makinasında işlədiyini dedim. Bu onu çox təəccübləndirdi.
– Mən də təəccübləndim.
– Axı bu ki tamamilə aydın idi! Mən ayaqlarına baxdım və müxtəlif ayaqqabılar geyindiyini görüb çox təəccübləndim. Ayaqqabılardan birinin burnu hamar, digərinin isə bəzəkli idi. Ayaqqabılardan birinin beş düymədən yalnız aşağıdakı iki düyməsi bərkidilmişdi, digərində isə birinci, üçüncü və beşinci düymələr bağlanmışdı. Əgər səliqəli geyinmiş gənc bir qız evdən müxtəlif, həm də bütün düymələri bağlanmamış ayaqqabılarda çıxırsa, onun çox tələsdiyini demək üçün xüsusi ağıl lazım deyil.
– Daha sonra nə gördünüz? – dostumun iti ağlından həmişə olduğu kimi heyrətlənərək maraqla ­soruşdum.
– Ona fikir verdim ki, evdən çıxmazdan bir az əvvəl, geyinmiş vəziyyətdə o, nəsə yazırmış. Siz onun əlcəyinin sağ tayında şəhadət barmağının cırıldığını görmüsünüz, amma barmağının bənövşəyi rəngə boyanmasına fikir verməmisiniz. O, tələsə-tələsə yazırmış, buna görə peronu çox dərinə batırırmış. Bu da, çox ehtimal ki, bu gün səhər olub, yoxsa ləkələr bu qədər gözə çarpmazdı. Bu çox maraqlıdır, amma eyni zamanda sadə bir şeydir. Lakin gəlin işə qayıdaq, Uotson. Mister Hosmer Eyncelin zahiri görkəmini elandan oxuya bilərsinizmi?
Mən qəzetdən kəsilmiş parçanı işığa tutdum və oxudum:
“Ayın 14-də səhər-səhər Hosmer Eyncel adlı bir centlmen itkin düşüb. Onun boyu beş fut, yeddi düymdür, möhkəm bədənlidir, qarayanızdır, saçları qaradır, başının ortası bir az keçəlləşib; sıx qara bakenbardları və bığları var; qara eynək taxır, nitqi bir az qüsurludur. İpək astarlı qara sürtuk, qara jilet, boz rəngli tvid şalvar geyinib, cibində qızıl zəncirli saat var, ayaqqabılarından çıxmış qəhvəyi corabları yanlardan rezinlə bağlanıb. Lednholl-stritdə yerləşən kontorda işləyir. Kim onun yerini xəbər versə...”
– ...və sairə və ilaxır.
– Bu kifayət edər. O ki qaldı məktublara, – Holms onlara göz gəzdirərək dedi, – onlar çox bayağıdır və mister Eynceli xarakterizə etmək üçün yararlı deyil. Yalnız bir yerdə o, Balzakdan söz açır. Lakin bir məqam, əlbəttə ki, sizi heyrətə salacaq.
– Onlar makinada çap olunub, – dedim.
– Əsas odur ki, imza da makinada yazılıb. Aşağıda səliqə ilə yazılmış “Hosmer Eyncel” sözlərinə baxın. Tarix var, amma göndərənin ünvanı yoxdur, yalnız Lednholl-strit yazılıb, bu isə qeyri-müəyyəndir. Amma imza daha çox vacibdir, biz bunu sübut kimi qəbul edə bilərik.
– Nəyin sübutu?
– Əziz dostum, doğrudanmı siz başa düşmürsünüz ki, bu imza nə qədər əhəmiyyətlidir?
– Düzünü desəm, yox. Bəlkə o, nikah mərasimini pozduğuna görə ona qarşı ittiham sürüləcəyi halda imzanın həqiqi olduğunu inkar etmək üçün özünə bir vasitə saxlamaq istəyib.
– Yox, məsələ bu deyil. Bu suala cavab tapmaq üçün mən iki məktub yazacağam: birini – Sitidəki firmaya, o birini isə – gənc qızın atalığı, mister Uindibenkə və ondan xahiş edəcəyəm ki, sabah axşam saat altıda bizə gəlsin. Nə qədər ki biz bu məktublara cavab almamışıq, heç bir şey edə bilmərik, ona görə də bu işi hələlik bir kənara qoyaq.
Dostumun incə ağlına və qeyri-adi enerjisinə bələd olduğumdan əmin idim ki, əgər o belə qəribə müəmmanın həll edilməsinə çox sakit yanaşırsa, deməli, buna əsaslı səbəbləri var. Onun müvəffəqiyyət qazana bilmədiyi yalnız bir hadisə mənə məlumdur – Bohemiya kralı və İren Adlerlə bağlı əhvalat. Lakin mən müəmmalı “Dördlər işarəsi” və qeyri-adi şəraitdə baş vermiş “Al-qırmızı etüd”ü də xatırlayırdım və çoxdan əmin idim ki, əgər Şerlok Holms hansısa bir müəmmanı aça bilmirsə, deməli, onun, ümumiyyətlə, cavabı yoxdur. Mən gedəndə Holms hələ öz qara, saxsı qəlyanını tüstülədirdi. Şübhə etmirdim ki, sabah axşam mən qayıdana qədər o, miss Meri Sazerlendin nişanlısının itkin düşməsinin səbəblərini aşkara çıxaracaq. Ertəsi gün bütün vaxtımı ağır xəstənin yanında keçirtdim. Ancaq saat altıda oradan çıxa bildim və ikiyerli arabaya minib Beyker-stritə getdim. Qorxurdum ki, bu kiçik dramın finalına yetişə bilməyəm. Lakin gəlib çatdıqda Holmsu kresloda mürgüləyən gördüm. Saysız-hesabsız şüşə qablar, sınaq şüşələri və turşuların acı qoxusu onu göstərirdi ki, dostum bütün günü çox sevdiyi kimyəvi təcrübələrlə məşğul olub.
– Hə, nə oldu, məsələnin cavabını tapdınızmı?
– Bəli, bu, bisulfat-bariumdur.
– Yox, yox, mən bu müəmmalı hadisə haqqında soruşuram.
– Hə, onu deyirsiniz! Elə bildim, tapmaq istədiyim duzu soruşursunuz. Bu məsələdə müəmmalı heç nə yoxdur. Hələ mən dünən demişdim ki, bu hadisənin bəzi cəhətləri kifayət qədər maraqlıdır. Təəssüf ki, bu alçağı məhkəməyə cəlb etmək mümkün deyil.
– Axı bu adam kimdir, o, miss Sazerlendi nə üçün tərk edib?
Holms cavab vermək üçün ağzını açdı, amma bu an dəhlizdə ayaq səsləri eşidildi və qapını döydülər.
– Bu, qızın atalığı, mister Ceyms Uindibenkdir, – Holms dedi. – O, saat altıda bizə gələcəyini mənə xəbər vermişdi. Gəlin!
Otağa otuz yaşlarında, orta boylu, dolu, üzü tərtəmiz qırxılmış, qarayanız bir adam daxil oldu. Onun qeyri-adi dərəcədə kəskin baxışlı biz gözləri vardı, hərəkətlərindən yaltaqlıq və saxta nəzakətlilik ­yağırdı. O, sualedici baxışlarla Holmsa, sonra mənə baxdı, silindrini çıxarıb bufetin üstünə qoydu və yüngülcə təzim edib yaxınlıqdakı stulda oturdu.
– Axşamınız xeyir, mister Ceyms Uindibenk, – Holms dedi. – Yəqin, mənə axşam saat altıda gələcəyinizi xəbər verən, makinada çap edilmiş bu məktubu özünüz yazmısınız.
– Bəli, ser. Bir az gecikdiyimə görə məni bağışlayın, işim çox idi. Miss Sazerlend bu məsələyə görə sizi narahat etdiyi üçün çox üzgünəm, məncə, ailə işlərinə yad adamları qarışdırmaq yaxşı deyil. Onun sizə müraciət etmək niyyətinə qəti şəkildə etiraz etdim, amma yəqin ki, siz fikir vermisiniz, o, əsəbi və çılğındır, onu fikrindən daşındırmaq çox çətindir. Əlbəttə, rəsmi polislə əlaqəniz olmadığı üçün sizin haqqınızda pis fikirdə deyiləm, amma yenə də, ailə dərdini başqalarına açıqlamaq yaxşı deyil. Bundan başqa, boş yerə pul xərcləmək nəyə lazımdır? Siz onsuz da bu Hosmer Eynceli tapa bilməyəcəksiniz.
– Əksinə, – deyə Holms sakitcə etiraz etdi, – mənə elə gəlir ki, mister Hosmer Eynceli tapa biləcəyəm.
Mister Uindibenk diksinib əlcəyini yerə saldı.
– Bunu eşitdiyimə çox şadam, – o dedi.
– Siz fikir vermisiniz ki, istənilən yazı makinasının insan xətti kimi özünəməxsus cəhətləri var? – Holms dedi. – Əgər tamamilə təzə makinaları nəzərə almasaq, onda hərfləri tamamilə eyni cür çap edən iki makina tapmaq olmaz. Bəzi hərflər başqalarına nisbətən tez yeyilib köhnəlir, bəzi hərflərin də yalnız bir tərəfi yeyilir. Məsələn, baxın, mister Uindibenk, sizin məktubunuzda “e” hərfi bir az dumanlıdır, yayğındır, “r” hərfinin isə qarmağı yoxdur. Daha on dörd xarakterik cəhət var, amma bunlar daha çox gözə çarpır.
– Kontorumuzda məktubların hamısı bu makina ilə yazılır, buna görə də, şübhəsiz ki, şriftlər bir az yeyilib, – qonağımız Holmsa diqqətlə baxaraq cavab verdi.
– İndi isə, mister Uindibenk, sizə daha maraqlı bir şey göstərəcəyəm, – deyə Holms davam etdi.
– Mən yaxın vaxtlarda “Çap makinaları və cinayətlər” mövzusunda kiçik bir əsər yazmağa hazırlaşıram. Bu məsələ məni çoxdan maraqlandırır. Baxın, bunlar itkin düşmüş adam tərəfindən yazılmış dörd məktubdur. Onların hamısı makinada çap edilib. Baxın, bu məktublarda “e” hərflərinin hamısı dumanlıdır, “r”-lərin isə qarmağı yoxdur. Əgər mənim zərrəbinimlə baxsanız, bayaq dediyim qalan on dörd cəhəti də görə bilərsiniz.
Mister Uindibenk ayağa sıçrayıb şlyapasını ­götürdü.
– Mister Holms, mən bu gülünc boşboğazlığa vaxt itirə bilmərəm, – o dedi. – Əgər bu adamı yaxalaya bilərsinizsə, onu tutun və mənə də xəbər verin.
– Əlbəttə, – Holms ayağa qalxıb qapını kilidləyərək dedi. – Onda sizə xəbər verirəm ki, mən artıq onu yaxalamışam.
– Necə?! Harada? – Uindibenk ölü kimi ağarıb, tələyə düşmüş siçan kimi ətrafına baxaraq qışqırdı.
– Gərək yoxdur, mister Uindibenk, dəyməz buna, – Holms nəzakətlə dedi. – İndi heç cür yaxanızı kənara çəkə bilməzsiniz. Hər şey gün kimi aydındır, bu cür sadə bir məsələni həll edə bilməyəcəyimi deməklə məni lap aciz hesab etdiniz. Oturun, danışaq.
Qonağımız özünü stula güclə yıxdı. Onun sifəti əyildi, alnını tər basdı.
– Bu... bu işi məhkəməyə vermək olmaz, – o ­mızıldandı.
– Təəssüf ki, doğru deyirsiniz, amma, Uindibenk, mən indiyə qədər belə amansız və qəddar fırıldaqçılığa rast gəlməmişdim. Mən indi hadisələrin necə baş verdiyini danışmağa çalışacağam, harada səhv etsəm, düzəldərsiniz.
Uindibenk başını aşağı salaraq büzüşüb oturmuşdu. O, tamam sarsılmış halda idi. Holms ayaqlarını buxarının barmaqlığına qoyub kresloya söykəndi və əllərini cibinə salıb bizdən çox özünə danışmağa ­başladı:
– Bir adam özündən xeyli yaşlı olan bir qadının puluna göz dikərək onunla evlənir; o həm də onlarla birlikdə yaşayan ögey qızının gəlirini də ­mənimsəyir. Bu onlar üçün böyük məbləğ idi, bunu itirmək böyük zərbə olardı. Belə pullar üçün çalışmağa dəyərdi. Ögey qız mehriban və sadəlövh idi, amma onun qəlbi məhəbbət həsrəti ilə yanırdı və tamamilə aydın idi, belə xoşagəlimli görkəmə və yaxşı gəlirə malik olduğuna görə bu qız uzun müddət subay qalmayacaqdı. Onun ərə getməsi ildə yüz funt gəlirdən məhrum olmaq demək idi. Bunun qarşısını almaq üçün ögey ata nə edir? O, ürəyinin deyil, ağlının yaxşı olduğunu göstərən bir plan qurur. Bu plandan xəbəri olan arvadının, yəni qızın anasının köməyi ilə öz zahiri görkəmini dəyişir, öz iti gözlərini qara eynəyin arxasında gizlədir, bığ və bakenbardlar yapışdırır, gur səsini boğaraq pıçıltı ilə əvəzləyir və qızın zəif görməsindən istifadə edərək mister Hosmer Eyncel kimi meydana çıxır, öz saxta məhəbbəti ilə ögey qızının pərəstişkarlarını uzaqlaşdırır.
– Bu bir zarafat idi, – qonağımız inildəyərək dedi. – Biz onun bu qədər təsirlənəcəyini bilmirdik.
– Ola bilər. Amma hər halda gənc qız Hosmer Eyncel adı altında gizlənən adama həqiqətən aşiq olur. O, atalığının Fransada olduğunu düşünürdü, buna görə də heç bir şeydən şübhələnə bilməzdi. O bu centlmenin ona göstərdiyi diqqətdən çox məmnun idi, anasının bu məsələni bəyənməsi onun hisslərini daha da gücləndirdi. Real nəticəni yalnız qətiyyətli hərəkətlərlə əldə etməyin mümkün olduğunu yaxşı anlayan mister Eyncel qızın yaşadığı evə tez-tez getməli olur. Görüşlər başlayır, bunun ardınca nişanlanırlar, bu isə gənc qızın başqa birini sevməsinə mane olmaq məqsədi daşıyırdı. Lakin həmişə aldatmaq mümkün deyil. Fransaya saxta səfərlər çox cansıxıcı idi. Yalnız bir çıxış yolu qalırdı: işi elə bir dramatik şəkildə sonlandırmaq lazım idi ki, qızın qəlbində silinməz izlər qalsın və o, bir müddət başqa kişilərə laqeyd münasibət göstərsin. Bibliyaya əl basıb sədaqət andı içmək, toy günü gözlənilməz hadisələrin mümkünlüyünə işarələr – bu səbəbdən irəli gəlirdi. Ceyms Uindibenk istəyirdi ki, miss Sazerlend Hosmer Eyncelə möhkəm bağlansın və onun taleyindən tam xəbərsiz olsun. O düşünürdü ki, bu halda miss Sazerlend ən azı on il kişilərdən kənar gəzəcək. O, qızı kilsəyə göndərir, amma özü gedə bilməzdi, buna görə də köhnə fəndə əl atır: karetin bir qapısından minib, o biri qapısından yerə düşür. Məncə, hadisələr belə cərəyan edib, hə, mister Uindibenk?
Qonağımız bu vaxt ərzində özünə gələ bilmişdi; o, ayağa qalxdı. Onun solğun sifətində soyuq bir istehza vardı.
– Bəlkə də belədir, bəlkə də belə deyil, mister Holms, – o dedi. – Amma siz əgər bu qədər ağıllısınızsa, onda bilməlisiniz ki, bu an qanunları məhz siz pozursunuz. Mən qeyri-qanuni heç bir şey etməmişəm, siz isə məni bu otağa bağlamaqla şəxsiyyət üzərində zor tətbiq edirsiniz, bu isə qanunla cəzalandırılır.
– Bəli, qanun, siz dediyiniz kimi, bu məsələdə gücsüzdür, – Holms qapıları taybatay açaraq dedi, – amma siz ən ağır cəzaya layiqsiniz. Əgər bu gənc qızın qardaşı, ya da dostu olsaydı, sizi yaxşıca qırmanclayardı. – O, Uindibenkin həyasızca gülümsədiyini görüb hirsləndi. – Bu mənim borcum deyil, amma Allaha and içirəm ki, bunu məmnuniyyətlə edəcəyəm. – Holms divardan asılmış ov qırmancını götürmək istədi, amma əlini ona uzatmağa macal tapmamış, pilləkəndə ayaq səsləri eşidildi, ağır giriş qapısı bərkdən çırpıldı və biz mister Uindibenkin var gücü ilə qaçdığını pəncərədən gördük.
– Sırtıq və əclaf adamdır! – Holms kresloya söykənərək dedi. – Bu qoçaq dar ağacından asılana qədər hələ çox cinayətlər törədəcək. Bəli, bu iş bəzi cəhətlərinə görə maraqlı iş idi.
– Mən sizin mülahizələrinizin ardıcıllığını tamamilə dərk edə bilmədim, – dedim.
– Əlbəttə, lap əvvəldən aydın idi ki, mister Hosmer Eyncelin belə qəribə hərəkətlərinin müəyyən səbəbləri olmalıydı; o da aydın idi ki, bu hadisə yalnız bir nəfərə – qızın ögey atasına sərf edə bilərdi. Nişanlının və ögey atanın heç vaxt görüşməməsi, biri olanda o birinin olmaması mənim diqqətimi çəkdi. Qara eynək, qəribə səs və sıx bakenbardlar zahiri görkəmi, qiyafəni dəyişdirməkdən xəbər verirdi. Məktublardakı imzanın makinada çap olunması şübhələrimin doğru olduğunu təsdiqlədi. Görünür, miss Sazerlend Uindibenkin xəttini yaxşı tanıyırmış. Görürsünüzmü, ayrı-ayrı faktlar, həmçinin ilk baxışdan əhəmiyyətsiz görünən detallar eyni nöqtəyə vururdu.
– Bəs bu faktları necə yoxladınız?
– İzə düşdükdən sonra dəlilləri tapmaq çətin deyil. Bu adamın işlədiyi firmanı tanıyırdım. Mən itkin düşmüş adamın elanda verilmiş zahiri görkəmindən bakenbardları, eynəyi və səsi götürüb, yerdə qalan əlamətləri firmaya göndərdim və xahiş etdim ki, orada işləyən kommivoyajörlərdən hansının bu portretə oxşadığını mənə xəbər versinlər. Bundan əvvəl yazı makinasının xüsusiyyətlərinə də fikir vermişdim, ona görə də Uindibenkin iş yerinə məktub yazıb onu evə dəvət etdim. Gözlədiyim kimi, onun cavabı makinada çap olunmuşdu. Qıza göndərilmiş məktublardakı şriftlər bu cavabdakı şriftlərlə eyni idi. Elə həmin poçtla Fençerç-strit küçəsində yerləşən “Vesthauz və Marbenk” firmasından da məktub aldım. Məktubda deyilirdi ki, bütün əlamətlərinə görə bu adam onların işçisi Ceyms Uindibenk olmalıdır. Vəssalam, iş bitdi!
– Bəs miss Sazerlend necə olacaq?
– Əgər bu sirri ona açsam, inanmayacaq. Qədim fars məsəlini yadınıza salın: “Pələngin balasını, qadının isə xəyalını əlindən almaq çox təhlükəlidir”. Görürsünüzmü, Hafiz də Horatsi kimi müdrik olub, həyatın sirlərinə onun qədər bələd olub.
14 Qiymətli daş
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)