b0497577606has quoted8 years ago
110

Saat on bir iyirmi üç dəqiqədir. Gecəyarıya otuz yeddi də­qiqə qalıb.
Vittoriya bütün bədəni ilə silkələnə-silkələnə “Müqəddəs Mələk Qəsri”nin eyvanında dayanmışdı. Qız gecə Romasına gözü yaşla dolu baxırdı. Robert Lenqdonu bağrına basıb qucaqlamağı dəhşət necə çox istəyirdi. Ancaq bunu etməyə heyi yox idi. Bədəni narkoz vaxtı olantək, sanki keyimişdi. Keçirdiyi şokdan yavaş-yavaş özünə gəlirdi. Atasını öldürən adam qəsrin qaranlıq həyətində ölü düşüb qalıb və az qala qız da onun qurbanı olacaqdı.
Lenqdon çiyninə toxunanda, qız birdən elə bir istilik hiss etdi ki, bir göz qırpımında buz əridi. Duman dağıldı və üzünü xilaskarına döndərdi. Robertin görkəmi dəhşətli idi. Elə təəssürat yaranırdı ki, onu xilas etmək üçün cəhənnəmdən keçməli olub. Cəhənnəmdən də olmasa, mürdəşirin əlindən – dəqiq keçib.
– Çox sağ ol, – qız pıçıldadı.
Lenqdon ona əzab dolu təbəssümlə baxdı və xatırlatdı ki, qız özü təşəkkürə layiqdir, çünki məhz onun qol-qabırğasını çevirə bilmək bacarığı onları xilas edib. Vittoriya gözlərini sildi. Qıza elə gəlirdi ki, Lenqdonun yanında bütöv əbədiyyət qədər qala bilər, ancaq fasilə çox qısa oldu.
– Biz buradan çıxıb getməliyik, – dedi Lenqdon.
Vittoriyanın fikirləri başqa tərəfə yönəlmişdi. O, Vatikana baxırdı. Dünyada ən balaca dövlət lap yaxınlıqda idi. İndi o mətbuatın çoxsaylı projektorlarının işığına qərq olmuşdu. “Mü­qəddəs Pyotr Meydanı”nın hələ də insanla qaynaşdığını görəndə qızı dəhşət bürüdü. İsveçrəli qvardiyaçılar kütləni haradasə yüz əlli fut kənarlaşdırmağa müvəffəq olmuşdular və meydanın təkcə, düz bazilikanın qarşısındakı kiçik bir hissəsi veyllərdən azad idi. Meydanın üçdə birindən də kiçik ərazi. Yaxınlıqdakı küçələrin hamısı maşın və adamlarla tıxanmışdı. Təhlükəsiz məsafədə olanlar var gücü ilə hadisələrin mərkəzinə yaxın olmağa çalışır, bununla da isveçrəlilərin meydandan çıxarmaq istədikləri kütlənin qarşısını kəsirdilər. İnsanlar çox yaxındadır! Çox yaxında!!!
– Mən ora gedirəm, – dedi Lenqdon.
– Vatikana? – qulaqlarına inanmayan Vittoriya ona tərəf dönüb heyrətlə soruşdu.
Lenqdon ona “samirəli” və onun kələyi haqqında danışdı. “İllüminati” qardaşlığının Yanus adlı başçısı kamerarini dam­ğalamaq üçün Vatikana gəlməlidir. Bu akt illüminatların tam qələbəsini simvollaşdırmalı idi.
– Vatikanda heç kim bundan xəbərdar deyil, – Lenqdon izah etdi, – mənim də Müqəddəs Taxtla əlaqə yaratmaq üçün heç bir imkanım yoxdur. Bu oğlan hər dəqiqə gəlib çıxa bilər, odur ki, qvardiyaçılar onu şəhərə buraxmazdan əvvəl onları xəbərdar etmək lazımdır.
– Axı sən kütlənin içındən heç cür keçib gedə bilməyə­cəksən.
– Ora yol var. Mənə inana bilərsən. – Lenqdon cüzi də tərəddüd etmədən dedi.
Vittoriya başa düşdü ki, özünün bilmədiyi nədənsə Lenqdonun xəbəri var.
– Mən səninlə gedirəm.
– Yox. Biz ikimiz də nəyə görə risk etməliyik, əgər bunu...
– Mən insanları meydandan yığışdırmağın yolunu taparam! Onlar qorxunc təhlükə altın...
O, cümləni tamamlamağa macal tapmadı. Dayandıqları eyvan titrədi, başlarının üzərində qulaqbatıran səsdən isə bütün qəsr silkələndi. Və elə həmin andaca “Müqəddəs Pyotr Meydanı” üzərindən saçılan ağ işıq onların gözünə vurdu. “Aman Tanrı, – Vittoriya fikirləşdi, – annigilyasiya vaxtından əvvəl baş verdi!”.
Ancaq partlayışın dalğalarının əvəzində onlara kütlənin alqış gurultuları çatdı. Vittoriya gözlərini qıyıb, gözçıxaran işığın mənbəyini müəyyən etməyə çalışırdı. Demə bu, mətbuatın pro­jektorlarının, Vittoriyaya elə gəldi ki, düz onların üstünə tuşlanan şüaları idi. Sevinclə bağırışan və bir-birinə barmaqları ilə nəyi isə göstəriən meydandakı insanlar da onlar tərəfə baxırdı. Göydə gurultu artır, meydandakı atmosfer isə get-gedə şənlənirdi.
– Lənət olsun, bu nədir be... – Lenqdon başlamışdı ki, dərhal da susdu.
Başları üzərində səma şimşək gurultusu ilə partladı və qüllənin arxasından gözlənilmədən Papanın vertolyotu çıxdı. Vatikana üz tutan vertolyot onların başı üzərində haradasa əlli fut məsafədə uçurdu. Projektorların işığında parıldayan maşın düz onların üzərində olanda “Müqəddəs Mələk Qəsri” titrədi. Projektorlar vertolyotu öz şüalarından buraxmırdı, maşın keçib gedəndən sonra isə Lenqdon və Vittoriya yenidən qaranlıqda qaldılar.
Nəhəng maşın “Müqəddəs Pyotr Meydanı”nın üzərində asılıb qaldı və Vittoriya həyəcanla fikirləşdi ki, kamerarini xəbərdar etmək üçün onların vaxtı qalmayıb.
Toz dumanı qaldıran vertolyot meydanın insanlardan təmiz­lənmiş sahəsində, məbədə aparan pillələrin düz altında yerə oturdu.
Kimin isə vertolyota tərəf qaçdığını görən Vittoriya dedi:
– Biz isə səninlə, onun necə gələcəyini götür-qoy edirdik. – Qız onu heç vaxt tanımazdı, əgər başında qırmızı beret olma­saydı. – Birinci dərəcə üzrə qarşılayırlar. Bu, kapitan Roşerdir.
– Kim isə onları xəbərdar etməlidir, – dedi Lenqdon və yum­ruğunu məhəccərə vuraraq döndü ki, getsin.
– Dayan! – qız onun əlindən yapışdı.
Vittoriya elə bir şey gördü ki, buna inanmaqdan imtina edirdi. Titrəyən əli ilə vertolyotu göstərdi. Yox. Səhv ola bilməzdi. Hətta bu məsafədən də. Enişli trapla meydana bir nəfər də düşürdü. Bu adamın görkəmi o qədər spesifik idi ki, səhv etmək, sadəcə, qeyri-mümkün idi. Adam kresloda otur­muşdu. Düz səthə düşəndən sonra o, arabanı heç bir güc tətbiq etmədən və heyrətləndirici sürətlə diyirlətdi.
Kayzer öz elektrik taxtında. Maksimilian Koler.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)