Vusala Mammadovahas quoted8 years ago
Sevgini Başa Düşdüyümdə
Bir zamanlar bütün duyğular bir adada yaşayırdı: Xoşbəxtlik, Kədər, Səbir, Qəzəb, Qorxu, Təkəbbür, Müdriklik, Sevgi... Bu adada hər növ duyğular olduğu üçün adı “Duyğu Adası” idi. Bir gün adanın sakinləri olan duyğular eşidirlər ki, bir neçə gün ərzində ada batacaq. Bəziləri ilk vaxtlar bunu zarafat hesab edir. Amma xəbərdarlıq davam etdikcə vəziyyətin ciddi olduğunu anlayaraq bir-bir adadan uzaqlaşmağa başlayırlar. Hər duyğunun özünəməxsus qayığı və ya gəmisi olduğu üçün adadan ayrılmaq nisbətən asan olur. Amma Sevginin adadan getmək üçün heç nəyi olmur. Məcburən oturub kimisə onu özüylə aparmasını gözləyir. Duyğuların əksəriyyətinin getdiyi bir vaxtda ada yavaş-yavaş batmağa başlayır.
Bunu görən Sevgi yüksək bir qayaya çıxıb adanı tərk etməkdə olan duyğulardan kömək istəyir. Əvvəlcə böyük və gözəl gəminin içində olan Zənginliyə səslənir. Əl edib yüksək səslə qışqırır: “Zənginlik, məni də özünlə apararsan?”. Gəminin dörd bir yanına yığdığı əşyaları göstərən Zənginlik deyir: “Apara bilmərəm. Görmürsən, qızıl, gümüş, zümrüd bütün gəmini doldurub. Sənə yer qalmayıb”.
Zənginlikdən vəfa görməyən sevgi arxada böyük yelkənli bir qayıq görür. Diqqətlə baxanda görür ki, bu qayıq Təkəbbürə məxsusdur. “Təkəbbür, təkəbbür! Mənim qayığım yoxdur, ada da batır. Nə olar, kömək elə!”. “Sənə kömək edə bilmərəm, dalğın görünürsən. Yelkənli qayığımın görünüşünü pozarsan”, – deyə cavab gəlir.
Bu cavabdan çox məyus olan Sevgi qayanın yaxınlığında olan Kədərə səslənir: “Kədər, səninlə gələ bilərəm?”. Kədər deyir: “Ah, sevgilim, tək getməyə qərar verdiyim üçün o qədər kədərliyəm ki”.
Bu cavabdan sonra Sevgi bir az da kədərlənir. Üzünü o biri tərəfə çevirəndə Xoşbəxtliyi görür və ona səslənir. Amma Xoşbəxtlik elə xoşbəxt olur ki, Sevginin onu çağırdığını eşitmir. Çarəsiz qalan Sevgi Xoşbəxtliyi çağırmağa davam edəndə qəfildən bir səs eşidir: “Bura gəl, Sevgi. Mən səni apararam”.
Sevgi çox sevinir və sürətlə onu səsləyən yaşlı bir adamın qayığına minir. Qayığa minəndən az sonra adanın tamamən batdığını görür. Sevgi “yox” cavabı aldığı duyğulardan fərqli olaraq, ona qayığında yer ayıran bu saç-saqqalı ağarmış duyğuya təşəkkür edir. Ancaq sahilə çatandan sonra yadına düşür ki, ona kömək edən və bu günə qədər üzünü görmədiyi yaşlının adını soruşmağı unudub.
Bir gün sahildə Müdrikliklə qarşılaşan Sevgi ona həmin yaşlını tərif edib adının nə olduğunu soruşur. Müdriklik deyir: “O, Zamandan başqası ola bilməzdi”. Sevgi deyir:“Zaman? Bəs niyə təkcə mənə kömək etdi?”. Müdriklik cavab verir: “Çünki Sevginin əsl qiymətini ancaq Zaman anlaya bilər”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)