Vusala Mammadovahas quoted8 years ago
Qeyri-mümkünü reallaşdırmaq
Konfutsi bir gün bir əlində şüşə qab, o biri əlində böyük bir qırmızı almayla sinfə daxil olur. Girər-girməz sağ əlini yuxarı qaldırır və soruşur: “Əlimdə gördüyünüz şey nədir?”. “Şüşə qaaaab! ...”, – deyə tələbələr bir ağızdan cavab verir.
Konfutsi digər əlini havaya qaldırır: “Bəs bu nədir?”. “Almaaaa…”, – tələbələr cavab verir.
Əllərini aşağıya endirib şüşə qabı kürsünün qarşısına qoyur. Əlindəki almanı da onun içinə atır. Təbəssüm edərək tələbələrə tərəf dönür: “Şüşə qabdan almanı çıxardan onu yeyə bilər”.
Tələbələrdən biri ayağa qalxır və “mən çıxarda bilərəm”, – deyir.
“Gəl göstər, biz də görək”, – deyir Konfutsi. Tələbə əlini rahatca qaba salır və almanı asanlıqla ovcunun içinə alır. Amma almanı qabdan çıxarda bilmir. Əli almayla birlikdə qabın ağzına sığmır. Lakin almanı buraxmaq da istəmir. O, Konfutsiyə yalvarırcasına baxır: “Əlimi çıxarda bilmirəm, müəllim”. “Almanı burax”, – deyir Konfutsi. “Amma almanı yemək istəyirəm”, – deyir tələbə. Bütün siniflə birlikdə Konfutsi də qəhqəhə çəkir: “Hər zaman iki şeyə eyni anda sahib olmaya bilərsən, oğlum. Seçim etmək məcburiyyətində qala bilərsən”. Tələbə düşünərək bir çıxış yolu axtarır. Amma tapa bilmir. Ya əli şüşə qabda qalmalıydı ki, bu halda da almaya qovuşmayacaqdı. Ya da almadan əl çəkməklə əlini xilas etməli idi. Hər iki halda da almanı yemək zövqündən məhrum olurdu. Məcburən almadan əl çəkib, əlini qabdan çıxartdı.
Konfutsi tələbələrdən soruşdu: “Sınaqdan keçirmək istəyəniniz var?”. Bir neçə tələbə də cəhd etdi, amma nəticə uğursuz oldu. Sonda hamı yerinə oturdu. Konfutsi sinif otağını diqqətlə süzdü: “Sizcə, mən bu almanı qabdan çıxartmağı bacararam?”. “Xeyr… Mümkün deyil”, – bütün sinif ucadan dedi. Beləliklə, Konfutsi qeyri-mümkünü bacara bildi. Hər kəsin gözü qarşısında ovcunu açdı, qabı tərsinə çevirdi, alma yuvarlanıb ovcuna düşdü. Bunu görən hər kəs təəccüb etdi. Bu qədər asan bir üsul ağıllarına niyə gəlməmişdi? Konfutsi isə hamıdan fərqli olaraq öz ciddiyyətini qoruyurdu. “Uşaqlar”, – o dedi. – “Əslində bu, göründüyü qədər də asan bir şey deyil”.
“Amma çox asandır”, – deyə tələbələrdən biri dedi. – “Qabı tərsinə çevirdiyimizdə alma ovcumuza düşür”. “Hər gördüyünə aldanma, oğlum”, – deyən Konfutsi həmin tələbəyə tərəf döndü. Almanı tutduğu əlini havaya qaldıraraq hər kəsə göstərdi: “Lazım olan anda bir şeyi buraxmaq həqiqətən də asan bir şey deyil. Əl çəkməli olduğunuz şey bəzən bir alma, bəzən bir vəzifə, bəzən bir maaş, bəzən bir ad, bəzən bir rütbə, bəzən bir hakimiyyət ola bilər. Unutmayın, əl çəkməli olduğunuz şeyi buraxmadan azad ola bilməzsiniz”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)