Abbas Əlisoyhas quoted7 years ago
Nikolo Makiavellidən – şöhrətli Lorenzo de Mediciyə

Bir hökmdarın rəğbətini qazanmaq istəyənlər, adətən, malik olduqları ən dəyərli, ya da onu daha çox məmnun edəcəyinə ümidvar olduqları şeyləri, yəni: atları, silahları, qumaşları, qiymətli daşları və hökmdarın əzəmətinə yaraşan başqa zinət əşyalarını ona ərməğan etmişlər. Mən də Ali Həzrətlərinizə öz sədaqətimi göstərmək arzusuna düşdüyüm üçün zəmanəmizdə beş verənlər üzərindəki uzun təcrübə ilə və keçmişdə qalmış məsələləri dayanmadan öyrənmək yolu ilə böyük adamların əməlləri haqqında qazandığım biliklərdən başqa sahib olduğum şeylər arasında daha dəyərlisini tapmadım. Bu biliklər üzərində uzun zaman səylə çalışaraq öz düşüncələrimi kiçik bir kitab halına salıb Əlahəzrətlərinizə ərməğan göndərirəm. Bu əsəri hüzurunuza təqdim ediləcək dəyərdə saymasam da, o qədər təşviş və təhlükə bahasına görüb öyrəndiklərimin hamısını qısa bir zaman içində anlaya bilmək rahatlığını sizə bağışlamaqdan daha böyük bir hədiyyə tapa bilməyəcəyimi düşünərək, mərhəmət göstərib onu qəbul edəcəyinizə inanıram. Mən bu kitabı bəzəksiz-düzəksiz yazdım, öz əsərlərinə ­rəngarənglik verməyi xoşlayan çox adamdan fərqli olaraq, qəşəng cümlələrlə, təmtəraqlı və ahəngdar sözlərlə, mətləbə aid olmayan fikir və zahiri gözəlliklərlə süsləmədim; zira istədim ki, başqa heç bir şey əsərə dəyər qatmasın, mövzunun yalnız mühümlüyü və qeyri-adiliyi ona nüfuz gətirsin. Bunu da arzu edərdim ki, aşağı zümrədən olan dəyərsiz bir insanın hökmdarların fəaliyyətini müzakirə etməyə və onlara istiqamət verməyə cürət etməsi kobudluq sayılmasın. Necə ki, mənzərə çəkən rəssam dağları və yüksəklikləri daha yaxşı qavramaq üçün vadiyə düşürsə, dərələri və alçaq yerləri qavramaq üçün dağa çıxırsa, eləcə də, xalqın mahiyyətini anlamaq üçün hökmdar olmaq, hökmdarların təbiətini anlamaq üçün də xalqdan olmaq lazımdır.
Bu kiçik hədiyyəni Ali Həzrətlərinizə hansı hisslərlə təqdim etdimsə, arzum budur ki, O da eyni hisslərlə bunu qəbul etsin; əgər lütf edib, bu əsəri oxuyub araşdırsanız, onda hiss edəcəksiniz ki, taleyinizin və məziyyətlərinizin vəd etdiyi ucalığı Əlahəzrətlərinizə necə sonsuz bir coşğunluqla arzulayıram. Və şayəd Əlahəzrətlərinizin yüksəldiyi zirvədən mənim yaşadığım bu alçaq yerlərə nə vaxtsa gözlərinizi çevirsəniz, taleyin böyük və aramsız zərbələrinə nə qədər haqsız olaraq səbir etdiyimi görəcəksiniz.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)