Vusala Mammadovahas quoted8 years ago
Xoşbəxtliyin Düsturunu Açıqlayan Cüdo Ustası

Yaponiyada bir uşaq avtomobil qəzası keçirərək sol qolunu itirir. Uşağın ən böyük arzusu böyüyəndə yaxşı bir cüdo ustası olmaq imiş. Sol qolunu itirməklə arzusu alt-üst olan uşaq depressiyaya düşür. Bunu görən atası məşhur yapon cüdo ustasının yanına gedərək oğlu ilə bağlı ümid olub-olmadığını soruşur. Usta “uşağı gətir bir baxaq”, – deyir. Ertəsi gün ata-oğul ustanın yanına gəlirlər. Usta uşağı süzür və “olar, sabah əşyalarını gətir, məşqə başlayırıq”, – deyir. Ertəsi gün uşaq gələndə müəllim ona bir hərəkər göstərir və bunun üzərində çalışmağını istəyir. Uşaq bir həftə eyni hərəkətin üzərində çalışır və müəllimin yanına gedir. “Bu hərəkəti öyrəndim, başqa hərəkət göstərməyəcəksiniz?” – deyə soruşur. Müəllim cavab verir: “Çalışmağa davam elə”. Aylar keçir və uşaq məktəbdə bir ilini başa vurur. Və bir il boyunca ancaq o hərəkəti təkrarlayır. Bir gün yenidən müəlliminin yanına gedir və “bir ildir eyni hərəkəti təkrarlayıram, mənə başqa hərəkət göstərməyəcəksiniz?” – deyə soruşur. Müəllimin cavabı belə olur: “Oğlum, sən eyni hərəkət üzərində çalış, vaxtı gələndə yeni hərəkətə keçəcəyik”.
İllər keçir və uşağın cüdodakı 10 ili tamamlanır. Bir gün müəllim onun yanına gəlib deyir: “Hazırlaş, adını böyük yarışa yazdırmışam. Sabah meydana çıxacaqsan”. Oğlan çox təəccüblənir. Həm sol qolu yoxdur, həm də cüdoda bildiyi bircə hərəkət var. Məşhur cüdoçuların qatılacağı yarışda heç bir şansının olmadığını düşünür, amma müəlliminə hörmətindən səsini çıxarmır.
Yarışın ilk günü oğlan ilk müsabiqəsinə qatılır. Rəqibinə qarşı bildiyi yeganə fənddən istifadə edir və qalib gəlir. İkinci, üçüncü mərhələ və final... Finalda oğlanın qarşısına son on ilin məğlubedilməz çempionu çıxır. Oğlan müəlliminin yanına gedərək: “Bura qədər gəldik, amma bir rəqibimə baxın. Bir qolum yoxdur, bildiyim də bircə hərəkətdir. Bu qədəri mənə kifayətdir. İcazə verin yarışdan çəkilim, biabır olmayım”, – deyir. Müəllim deyir: “Olmaz. Özünə inan, çıx, döyüş. Məğlub olsan da namusunla məğlub ol”.
Çarəsiz qalan oğlan meydana çıxır. Yenə bildiyi o tək hərəkəti edir və rəqibinə qalib gəlir. Baş verənlərə özü də inanmır. Kuboku alan kimi müəlliminin yanına qaçır: “Bu necə oldu? Mənim bir qolum yoxdur, bildiyim də bircə hərəkət var”. Müəllim cavab verir: “O qədər çox çalışmısan ki, dünyada o hərəkəti səndən yaxşı bilən yoxdur, bu, birincisi. İkincisi də, o hərəkətə qarşı yalnız bir hərəkət var. Onun üçün də rəqibinin sənin sol qolundan tutması vacibdir”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)