az
Çingiz Aytmatov

Qiyamət

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • b0497577606has quoted9 years ago
    III

    Ertəsi günü səhər saat ona yaxın, Bazarbay Noyqutov atı yəhərləmək istəyirdi ki, rayon mərkəzinə yola düşsün, gördü obaya sarı bir atlı gəlir. ilin bu vaxtı Taman qışlağında kimin nə iti azıb görən?! Atlının əynindəki sarı kürkün yaxası açıqdı, başında tülkü dərisindən papaq vardı, yamacın ətəyilə günbatan tərəfdən gəlirdi. Atın üstündə şax oturmuşdu. Bazarbay baxan kimi tanıdı, kəhərə diqqət yetirib bir daha əmin oldu ki, yanılmayıb – bu səhər gözü Dönkülək ləqəbli atına minib gələn adam Boston Urgünçiyevin özüydü. Bostonun bu gözlənilməz gəlişi Bazarbayı heç açmadı, yəhəri bir qırağa qoyub bu gözügötürməz qonşunun gəlib çatmağını gözlədi. Birdən Boston elə güman eylər ki, Bazarbay bunun pişvazına çıxıb, xeyr, odu ki, bir çəngə küləş qapıb guya atı qaşovlamağa başladı. Özünü elə göstərdi ki, başı işə qarışıb. Bazarbayda o güman vardı – elə bil Boston onu əskik iş başında haxlayıb. Odu ki, göz aylandırıb həyət-bacanı, ağılları, səhərdən öz iş-gücüylə əlləşən çobanları nəzərdən keçirdi, – görən hər şey qaydasındadımı?! Əlbəttə. Bostonun qışlağındakı səliqə-sahmana çatmaz, Boston iş-gücdə yırtıcı, vəhşi kimidi, mən ölüm – sən öləsən bilmir, elə ona görə qabaqcıllar sırasındadı (bəzi ağzıgöyçəklər deyir ki, həmən o şanlı-şövkətli illər olsaydı, Boston qolçomaq sifətilə indi Sibirdə çürüyürdü), amma Bazarbay nədi – adi, sıravi, əldə ölən asiyət çobanlarından biri. Onun kimiləri bu dağlarda, çöllərdə o qədərdi, saymaqla qurtarmaz, milyon baş sürüləri otaran da belələridi, həmən sürüləri ki, otun kökün tapdayıb torpaqdan çırtmağa qoymurlar. Biri də hər kəsənin öz yeri, öz yaxası var, Boston ayrı, o ayrı. Boston yatağa yaxınlaşdıqca Bazarbayı çox fikir aparıb gətirdi. «Bizim bu qolçomaq səhər tezdəndən burda nə gəzir? Ondan görünməyən iş! Nə məsələdi?! Niyə durub gəlib?» Bir istədi çatan kimi Bostonu evə təklif eləsin, necə olsa qapısına durub gəlib, ancaq fərli ev-eşiyi var ki, – it günündədi, arvadını, o bədbəxt, zındıq Göy Dursunu gözünün qabağına gətirdi (o hara, Gülümkan hara!), Bostonu evə çağırmaq fikrindən daşındı.
    Boston qışlağa yanaşıb atın yüyənini çəkdi, həndəvərə göz gəzdirdi, talvarın altında qışlağın yiyəsini görüb ona sarı yönəldi. Dodaqaltı salamlaşdılar – Boston heç atdan düşmədi də. Bazarbay da işini əldən qoymadı.
    Görünür, ikisi də bir-birinin xasiyyətini bildiyi üçün heç kəs incimədi.
    — Yaxşı ki, səni görə bildim, – dedi Boston, əlinin içiylə bığını sığalladı.
    — Gördüyün kimi, yerimdəyəm. Əgər sirr deyilsə, nə məsələdi?
    — Nə sirbazlıqdı? İşim var.
    — Sən boyda adam xırda məsələ üçün gəlməz, – Bazarbay yekə-yekə danışdı. – Düz demirəm?
    — Düzdü.
    — Əgər iş dalınca gəlmisən, atdan düşsənə.
    Boston bir söz demədən düşdü, Dönküləyi mıxçaya bağladı. Həmişə olduğu kimi atın tapqırını boşaltdı ki, bir hovur dincəlsin. Sonra həyət-bacaya, həndəvərə müştəri gözüylə nəzər yetirdi.
    — Nə baxırsan? Ayaq üstə dayanma, otur, – Bazarbay gizlədilməsi mümkün olmayan kinlə ona yer göstərdi. – Əyləş o kötüyün üstündə, – özüsə ortada atılıb qalan traktor çarxının üstündə oturdu.
    Yenə bir-birlərini qanlıbıçaq kimi süzdülər. Bazarbayın təpədən-dırnağa Bostondan zəhləsi gedirdi. Onun qara köbəli əcəri kürkünü də gözü götürmürdü, sinəsini gen-geniş açmağı da, axı niyə Boston beləcə sağlam, başıgözü aydın olmalı, üzü tünd mis rənginə çalmalıydı, belə götürsən Bazarbay hələ ondan beş yaş kiçikdi, yəqin dünən Gülümkannan bir yorğan-döşəkdə yatıbdılar, düzdü, orası ona qalmayıb.
    — Buyur görək, eşidirəm səni, – Bazarbay başını tərpətdi.
    — Bilirsən, niyə gəlmişəm, – deyə Boston sözə başladı, – görürsən əvvəldən xurcun da gətirmişəm, yəhərin tərkindədi. Bazarbay, gəl sən mən deyənə qulaq as, canavar balalarını ver, qaytaraq onları yerinə.
    — Hansı yerinə?
    — Yuvalarına.
    — Hə, belə denən! – Bazarbay kinayə ilə qayıtdı. – Mən də deyirəm, bizim bu qabaqcıl əmək adamı səhər tezdən burda nə gəzir? İşin-gücün atıb yüyürüb bura. Boston, yadından çıxarma ki, mən sənin əl uşağın deyiləm. Mən də sənin kimi baş çobanam. Göstəriş verməyi saxla.
    — Göstərişin bura nə dəxli? Qulaq as, gör nə deyirəm?! Sən elə fikirləşirsən ki, canavarlar dünənkini yaddan çıxaracaq? Səhvin var, Bazarbay.
    — Mən neyniyim! İstəyir çıxarsınlar, istəyir çıxarmasınlar, nə vecimə, elə sənə nə qalıb?
    — O qalıb ki, dünən gecə biz gözümüzü də yummamışıq, canavarlar ikisi də ağız-ağıza verib səhərəcən ulaşıb. Balaların qaytarmayınca sakitləşən deyillər. Canavar xasiyyətin mən bilirəm.
    Baxsana bir, Boston durub onun ayağına minnətə gəlib. Bunu ağlına vurduqca, Bazarbayın qoltuğunun altı şişir, bacardıqca onu ələ salmaq, məzələnmək istəyirdi. Heç yatıb yuxusuna da girməzdi ki, Bostonun ona işi düşəcək, Bazarbayın qabağında bax beləcə boynun burub dayanacaq. Madam fürsət düşüb – məqamdı. Hətta içində sevindi də — yaxşı olub gecə rahatlıq tapmayıblar, yorğan-döşəkdə Gülümkanın hamar-tumarı heç Bostonun yadına düşməyib. Nola, belə şey həmişə ola! Bostona çəpəki nəzər salıb qayıtdı:
    — Mənim baş-beynimi xarab eləmə, Boston! Deməzsən aldatdım, əcəb sarsaq tapmışam! Canavar küçüklərini ona görə götürməmişəm ki, sonradan bağır basa-basa qaytarım. Hər şeyi özünlə ölçmə! Sonrası da, sənin istəyin başqadı, mənimki başqa. Sən öz arvadınla gecə yatmısan, yatmamısan, mənim nə qulağıma, bundan mənə nə istidi, nə soyuq.
    — Kökündən baltalama, Bazarbay, yaxşı-yaxşı fikirləş.
    — Nə fikirləşəcəm?
    — Nahaq asilənirsən, – Boston, özünü güclə toxtatdı. İndicə anladı ki, durub bura gəlməkdə nahaq iş görüb. Hər halda axırıncı fəndə əl atdı, hirsini boğmağa çalışdı. – Bura bax, gəl kişi kimi sənnən sövdələşək – sat, alıram! Aparıb onları təhvil verməyəcəksən, haqqını ordan almayacaqsan, gəl məndən al! Qiymətini de, ver əlini!
    — Satmaram! — Bazarbay hətta yerindən sıçradı. – Neçə versən də sənə satmaram! Buna bax da! Pullu çıxıb mənimçün! Nolsun, sənin pulun var, məndə yoxdu?! Puluna tüpürüm sənin! Qulağını aç, eşit, o küçükləri arağa dəyişib içərəm, ancaq sənə satmaram! Mən hərləmirəm, sən kimsən, nəçisən, nəsən! Nə qədər gec deyil, xoşluqnan min atına, necə gəlmisən, eləcə də qayıt çıx get!
    — Səfehləmə, Bazarbay. Dedim axı, gəl kişi kimi danışaq. Balaları kimə satmağın səninçün nə fərqi?
    — Mənimçün fərqi var! Ağıl öyrətmə, öz ağlım özümə bəsdi. Əgər meylin çəkirsə, partiya iclasında – hansı ki, hər dəfə özünü dartıb qoyursan dağ başına, nə var, nə var bu qabaqcıllar qabaqcılıdı, hamısına öyüd-nəsihət verirsən – bax, həmən o iclasda sənin başına bir oyun gətirərəm ki, heç bilməzsən gün hardan çıxır, harda batır. Qiyamətəcən dadı damağından getməz!
    — Vay səni! – Boston doğrudan-doğruya məəttəl qaldı, əlini qabağa uzadıb sanki Bazarbaydan qorundu. – Yaxşı, bəsdi mənə hədə-qorxu gəldiyin, de görüm niyə özündən çıxmısan?
    — Özümdən çıxaram da! Səbəb var! Sən dövlətin ziddinə gedirsən. Açıqaydın! Noldu, bircə ağıllı sənciyəz oldun! Rəhbərliyin tələbi odu ki, yırtıcıları məhv eləmək lazımdı, səninsə canavara yazığın gəlir – deyirsən gəl artıraq – düzdü? Bir o qolçomaq kəllənlə fikirləşsənə! Mən bu qədər yırtıcının kökün kəsirəm, dövlətə nə boyda xeyir verirəm, sənsə onları aparıb yuvaya qaytarmaq fikrindəsən. Belə çıxır ki, qoy artıb törəsinlər, istədiyin odu? Hələ üstəlik məni pulnan ələ almağa çalışırsan!
    — Səni neynirəm əşi – çox gözüm atırdı sənçin. Canavar balalarını istə yirəm. Ancaq nahaq yerə məni qanun-qadağaynan qorxuzursan. Sən bir baş işlət, gör neynirsən, bütün bunlardan sonra sənin vücudun nədi?! Belə igidsənsə, əvvəlcə qurdların böyüklərini götür aradan! Madam yuvanın üstünə gedib çıxıbsan, qancıq canavarı vur öldür. Əlindən gəlmir, gücün çatmır, başqasına – bacaran adama denən bu işi yoluna qoysun.
    — Kimdi həmin adam – olmaya sənsən?
    — Lap elə biri mən! Axtar tap görüm o canavarları necə tapırsan. Yuvalarını dağıdıb kor qoymusan, onların heç izinə-tozuna düşə bilməzsən. Canlarından asidilər, çənglərinə keçən heyvanatı, mal-qoyunu qırıb çatacaqlar, addımbaşı insan tayfasından hayıf çıxacaqlar – öhdəsindən gəl görüm, necə gəlirsən. Bu barədə heç fikirləşmisən?
    — Danış, danış, buna bax, qurda vəkil çıxıb. Kimə sübut elərsən, kim inanar sənə? Qurdlardan elə danışırsan, elə bil adamdılar, camaatın baş-beynin aparmağa adət eləmisən. Sənin mən dabbaqda gönünə bələdəm! Hələ bir gör nə deyirəm. Əgər sən bura məni qısnamağa gəlmisənsə, onda... – Bazarbay sözünü bitirmədən daz başından papağını qapıb Bostona sarı cumdu: gözgörəsi pilə öküzdü dayanıb durmuşdu; üz-üzə, göz-gözə dirəndilər, ikisi də fısıldayırdı, ikisini də bir-birinə olan nifrəti boğazlamışdı.
    — Daha nə sözün var mənə? – Boston hirsdən xırıldayan səsiylə soruşdu. – De gəlsin, gözləməyə vaxtım yoxdu!
    — Mən onu bilirəm ki, sən közü öz qabağına çəkənsən, altına yığırsan, qəpiyin çıxsa canın çıxar, ona görə iclaslarda sülənirsən – guya sənsiz, çoban-çoluqsuz orda işləri yarımaz. Heç kəsin ağlına gəlməz ki, birinin əli bir azca gətirsə, sən paxıllıqdan az qalırsan it kimi gəbərəsən. Nə var, nə var, o küçüklər sənin rastına çıxmayıb, ona görə için yanır, cızdağın çıxır, gecəgündüz gözünə yuxu getmir!
    — Tfu sənə! – daha Boston tab gətirmədi. – Mənim ağlıma bax hələ bu cür əclafnan ağız-ağıza da verirəm!.. Məndə gicliyə bax! Burda nə işim vardı! Yaxşı, bəsdi! Qurtardıq! İndi canavar balalarını versən də götürmərəm! Get, bildiyini beş qaba çək!
    Əməlli-başlı dilxor olan Boston atı mıxçadan açdı, tapqırı elə hikkəynən bərkitdi ki, at səndirləyib hıqqıldadı, dayanmayıb yəhərə sıçradı. O qədər hirslənmişdi ki, Bazarbayın arvadı Göy Dursunun onun dalınca haylamağını da eşitmədi. Yazıq arvad bir ayaq gecikdi. Evdən çıxıb gördü əri kimnənsə hündürdən danışır, əl-qolunu ölçür. Bu kimnəndi belə? – fikirləşdi Göy Dursun. – Boston deyilmi görən, ancaq nə əcəb ondan səhərin gözü açılmamış, özü də buralara gəlib-gedən deyil. Fikir verib gördü kişilərin arasında nəsə höcət gedir, o tərəfə yönəldi. Ancaq çatdıra bilmədi, qaçıb özünü yetirənəcən Boston atın belinə sıçrayıb götürüldü, özü də yaman qəzəbliydi, bıçaq vursaydın qanı çıxmazdı. Tülkü dərisindən tikilmə papağını başına basıb atı qırmacladı, kürkünün ətəkləri qanad kimi havada yelləndi.
    — Boston! Ay Boston! Bir dayan görüm! Qulaq as mənə! – Göy Dursun atlını hayladı, ancaq Boston çönüb geri baxmadı da, kim bilə, eşitdi-eşitmədi, bəlkə də hay vermək istəmədi.
    Göy Dursun Bazarbaya çəmkirdi:
    — Kişinin xətrinə niyə dəydin? Aranızda nə olub?
    — Sənə qalmayıb! Özü də bağırma, nəyindi onu çağırırsan?
    — İldə-ayda bir dəfə durub qapına gəlib, sən də ki?! Anan sənin yerinə kaş qara daş doğaydı! İnsan deyilsən ey, vəhşisən!
    Arvadının tənəsi Bazarbayı daha da odladı, kötüyün üstünə hoppanıb Bostonun qarasınca bağırdı:
    — Anovun imanına tula bağlayım sənin! Sataşmağa adam tapıb! Elə bilir mən də başqası kimi qabağından qaçacağam bunun! Özün öləsən! Sənin anovu...
    — Ay kişi, ayıbdı! Danışma! — Göy Dursun irəli cumub ərini kötüyün üstündən çəkib yerə saldı. – Ən yaxşısı, məni döy-söy, bizi biabır eləmə! Kişini niyə hörmətdən salırsan, ay qansız, nolub?
    — Çəkil, həyasız! – Bazarbay arvadını itələdi. – Nə burnunu soxursan? Buna bax, elə bilir Bazarbay da bunun qabağında quyruq bulayacaq. Hə, nolur, götür apar, canavar küçükləri sənindi! Ay sən öləsən!
    — Elə bundan ötrü qırğın salmısan? – Göy Dursun məsələni indicə anladı. – Mən də deyirəm nədi! Vallah, dünyanın axırıdı! Rüsvay olasan səni, necə ki, olmusan...
  • Ciga Mushayevahas quoted5 years ago
    insan olan bəndə anadan nahaq yerə şüurlu doğulmayıb. Bizlərdən bəzimiz şüur sarıdan korluq çəkirik, əvəzində lovğalıq xirtdəkdəndi.
  • b7964055879has quoted5 years ago
    Çingiz Aytmatov
    QİYAMƏT
  • b7964055879has quoted5 years ago
    Xata çölün düzündəydi, – başının üstündəki, səni dabanbasma qovan vertolyotdan qaçıb canını hara qurtarasan, səsindən qulaq batır, avtomat bir yandan, biç ki, biçəsən, qurtul görüm necə qurtulursan, bu gen dünyada bircə deşik yoxdu ki, bəlalı qurd başını ora dürtüb salamat saxlayasan, – qovulana yer yar olub yarılammaz.
  • Vesli Tagiyevhas quoted8 years ago
    Güneyləri bir hovurluğa isidən hava bilinmədi necə dəyişdi – uşaq nəfəsi təkin xəfif gündüz istisinin dalınca dağlardakı qarın-buzun həniri gəldi. Tez düşən axşamın toranı dərələrə sinə-sinə hər tərəfi çulğayır, irəlidəki boranlı gecədən soraq verən sazağı da öz yedəyində gətirirdi.
    Hər yanı qar basmışdı. Çovğun, yox yerdən alışan yanğın misalı ikicə gün əvvəl bu yerlərdən ötüb-keçmiş, bütün İssık göl həndəvərini sovurub gürv-ələmişdi. Dəhşətdi – göz-gözü görmürdü, yer-göy, dağ-dərə yox idi elə bil. Sonra hər şey sakitləşdi, hava da ayazıdı.
    Çovğun səngiyəni qarın-yağmurun ram elədiyi dağlar dünyanın hər şeyindən xali, üşütməli səssizlik içində döyüküb durmuşdular.
    Həmən o axşamtərəfi Uzan Çat dərəsiylə üzüyuxarı, sırsıralı, başı eşmə buludlu Ala-Möngü aşırımına sarı yol eləyən bir cüt ağır vəznli vertolyotun səsi artır, yavuqlaşırdı, sonra da həmin səs yerə-göyə hakim kəsildi, bu vaxtacan səsdən-işıqdan özgə heç nəyə yenilməyən sıra dağları, zirvələri, buzlaqları basmalayıb əzən nəriltisiylə hər yeri başına götürdü. Bu nərilti dağadərəyə düşüb ayqaya qoparır, qarşısıalınmaz qüvvəylə birə-beş artırdı. Və adama elə gəlirdi ki, üstündən bir az da keçsə, qiyamət qopasıdı, o zəlzələ vaxtı necəydi – bax eləcə...
    Arada buna bənzər bir şey oldu da – aşağıda, yol ağzındakı, küləklərin yonub-yontaladığı daşlı yamacdan xırda bir çüngülə səsdən diksinibən aşağıya axdı. Ovsunlu qan təkin tez də dayandı.
    Elə bu bəsmiş demə, kövrək torpaq diksindi, qəlbidən bir-iki qompal daş yerindən oynayıb üzüaşağı yumbalandı, dallarıycan tozanaq qopdu, yumbalandıqca yeyinlədilər, havalandılar. Gəlib-gəlib yamacın ayağında mərmi təkin paralandılar. Zərdə-söyüd və ziriş kollarının arasından şütüyüb qar qalağını yarıb keçdilər. Diyirlənə-diyirlənə gəlib qurd yuvasını haqladılar, – bu yuva qayanın ətəyində yarıqdaydı, xəşələ buz bağlamış sısqa qarasulu şırşıranın avar-çavarı arasında gözə görünmürdü.
    Qurd qancığı Ağbərə yuxarıdan üstünə gələn daş-kəsəkdən, qardan sıpçınıb yarğanın xəfəsinə çəkildi, o saat yay kimi gərilib yalını pursutdu, alatoranda işıldayan gözlərini qarşıya zilləyib döyüşə sərvaxt dayandı. Ancaq əbəs yerə. Xata çölün düzündəydi,
fb2epub
Drag & drop your files (not more than 5 at once)