b0497577606has quoted8 years ago
Naşirə məktub — 11

30 may 1982-ci il. Nyu-York

Yosser yaxınlığındakı bir əhvalatı xatırlayıram...
SEVGİLİ MƏHKUM

Düşərgənin iki kilometrliyində kənd məktəbi yerləşirdi. Məktəbdə bir müəllimə işləyirdi — metal dişləri və gözündə ağ ləkəsi olan arıq qadın idi.
Zonadan məktəbin artırması görsənirdi.
İpə-sapa yatmayan Makeyev də elə həmin zonada girələnirdi. Zaman-zaman əldən düşən altmış yaşlı kişi idi.
Qısası, məhkum kənd müəlliməsinə vuruldu.
O, qadının üz cizgilərini görmək iqtidarında deyildi. Üstəlik heç yaşını da bilmirdi. Bir şey bəlli idi — qadındır, vəssalam. Köhnə dəbli donda olan kimsə...
Adı-soyadı İzolda Şukina idi. Hərçənd Makeyev bunu da bilmirdi.
Əslinə qalanda, heç onu görməmişdi də. Bircə onu bilirdi ki — qadındır. Və onun donlarının rəngini ayırd edirdi. İki donu var idi: yaşıl və qəhvəyi.
Səhər tezdən Makeyev barakın damına çıxıb orada eşələnirdi. Bir müddətdən sonra ucadan bəyan edirdi:
— Qəhvəyi!..
Bu o demək idi ki, İzolda su başına gedir...
Heç yadıma gəlmir ki, məhkumlar Makeyevi dolasınlar. Əksinə, onun hissləri dərin maraq doğururdu.
Makeyev hisslərini barakın divarına köçürmüşdü — çobanyastığı çiçəyi çəkmişdi. Parovoz təkəri boyda idi. Hər axşam Makeyev ləçəklərdən birini əsgi ilə yuyub-təmizləyirdi...
İzolda Şukina baş verənlərin fərqində idimi? Bəlli deyil. Böyük ehtimalla fərqində idi. Çünki o, artırmada yaman ləngiyir və su başına da tez-tez gedirdi.
Onların görüşü yalnız bircə dəfə gerçəkləşdi. Makeyev istehsalat zonasında işləyirdi. Bir dəfə onu əlahiddə sahəyə gətirdilər. İzolda isə qəsəbədən keçirdi. Onların yolları suvurma qülləsinin yaxınlığında kəsişirdi...
Bütün kolon addımlarını yavaşıtdı. Konvoylar narahat olmağa macal tapmamış məhkumlar işin nə yerdə olduğunu onlara anlatdılar.
İzolda donub-qalmış kolon boyu addımlayırdı. Onun metal dişləri işıldayırdı. Keçə çəkmələri palçığa batırdı.
Makeyev durduğu cərgədən qadına kiçik kağız bükülü tulladı. İzolda onu qaldırdı, açdı. İçində əldəqayırma plastik müştük vardı.
Qadın qətiyyətlə konvoy rəisinə sarı addımladı. Qısa toxunma şərfini çıxartdı və onu çavuş Boykoya uzatdı. O isə əlindəkini məhkumlardan birinə ötürdü. Əldən düşmüş düşərgə cır-cındırının yanında parlaq təsir bağışlayan atəşin əsgi parçası cərgədən-cərgəyə gəzdi. Gəzdi, dolaşdı... Ta Makeyevin cılız boynu ona sarılanacan...
Məhkumlar yollarına davam etdilər. Cərgələrin birindən kimsə mahnı oxumaq istədi:
Sevgini, ləçər, nəyə xərcləyirsən?
Tək papirosu kiminlə çəkirsən?..

Amma onu yarımçıq kəsdilər. Vəziyyət — səssizliyə köklənməli idi...
Makeyev tez-tez dönüb geri boylanır və əlindəki şərfi başının üstündə dalğalandırırdı — ta zonaya çatanacan... Onun yatmağına on dörd il qalırdı...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)