O, dodaqlarını Culiyanın dodaqlarına yapışdırdı. Qəflətən Culiyanı izaholunmaz bir ikrah bürüdü. Onu itələməkdən özünü zorla saxladı. Əvəllər Culiyaya elə gəlirdi ki, Mayklın bədəni, o sütül, gözəl bədəni çiçək və bal qoxuyur. O, acgözlüklə bu şirin qoxunu canına çəkirdi. Onu Maykla bağlayan da elə bu hisslər idi. Amma indi hansısa müəmmayla Maykl öz cazibəsini itirmişdi. Culiya başa düşdü ki, o, gənclik qoxusundan məhrum olaraq, adi bir kişiyə çevrilib. O, özündə yüngül ürəkbulanması hiss elədi. Culiya onun yanğısını söndürə bilmirdi, istədiyi bircə o idi ki, Maykl tezcə doysun və o biri böyrü üstə uzanıb yuxuya getsin. Culiyanın bir xeyli gözünə yuxu getmədi. O, çaşqınlıq içində idi. Ürəyi sıxılırdı, bilirdi ki, çox doğma bir hissdən məhrum olub, özünə yazığı gəlirdi, ağlamaq istəyirdi, amma həm də elə bil, keçmişinə, acı əzablarına görə özündən qisas alırdı. Culiya artıq onu Maykla pərçimləyən zəncirdən azad olmuşdu və sevinc içində idi. İndi o, Mayklla bir sıradaydı. Culiya ayaqlarını uzadıb dərindən nəfəs aldı: «İlahi, insanın öz-özünə sahib olması necə də xoşdu».