1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin yeni tərkibinin ilk iclasında Naxçıvandan deputat seçilmiş Heydər Əliyev çıxış edərək 1988-ci ildən sonra Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağla bağlı apardığı siyasətin yarıtmaz olduğunu bildirdi. İqtidarı təmizə çıxartmaq məqsədilə və Heydər Əliyevə cavab olaraq xalq deputatı, yazıçı Bayram Bayramov 1969-1982-ci illərdə Azərbaycanın dövlət başçısı olmuş Heydər Əliyevi keçmiş fəaliyyətinə görə çox kəskin tənqid etdi.
Bu hadisə xalq arasında böyük narazılığa səbəb oldu. Bir neçə gündən sonra “Aydınlıq” qazeti Bayram Bayramovun Heydər Əliyev respublikamızın rəhbəri olan vaxtlar onu təriflədiyi məqaləsindən bir parçanı (“Ədəbiyyat və İncəsənət” qəzetindən) və ona bağışladığı “Gün batanda” kitabındakı bu avtoqrafı dərc etdi:
“Əzizimiz Heydər Əliyeviç!
Xalqımıza qeyrətlə və müdrik rəhbərlik etdiyinizə görə Sizə “çox sağ olun” deyirik! Xalqımızın xalqlar arasında, respublikamızın respublikalar arasında ön cərgələrə çıxmasında fövqəladə fəaliyyətiniz, intəhasız fədakarlığınız üçün Sizə ürəkdən “var olun” deyirik! Daha yeni, daha böyük uğurlar naminə canınız sağ olsun, ömrünüz dağa dönsün!
Minnətdarlıq əlaməti olaraq Bayram Bayramov, 05.11.81”.
Fevralın 19-da bir gün əvvəl vəfat etmiş şairə Mədinə Gülgünün cənazəsi Abbas Mirzə Şərifzadə adına Aktyorlar Evində qoyulmuşdu. Mərasimdə Heydər Əliyev də iştirak edirdi. Matəm mitinqindən sonra qohum-əqrəbası mərhumla vidalaşan zaman fasilə yarandı, hamı salonu tərk etdi. Aktyorlar Evinin qarşısında Heydər Əliyevin başına xeyli adam yığışdı. Mən təxminən onun üç addımlığında dayanmışdım. Onunla görüşən kim, Ali Sovetin yeni tərkibinin ilk iclasında Bayram Bayramovun hələ soyumamış tənqidinə görə ona arxa çıxdığına bildirən kim...
Bu vaxt tənqidçi və yazıçı Qulu Xəlilli adamların arasından çıxıb Heydər Əliyevə yaxınlaşaraq onunla xüsusi mehribanlıqla görüşdü və dedi:
— Heydər Əliyeviç, məni tanıdınızmı? Mən Qulu Xəlilliyəm! Vaxtilə kitabımı sizə hədiyyə vermişəm. Avtoqraf da yazmışdım.
Heydər Əliyev həmişəki məğrur ədası ilə cavab verdi:
— Tanıdım sizi, Qulu Xəlilov! Kitabınızı saxlayıram. Mənə yazdığınız avtoqraf da yaxşı yadımdadır. Hətta Bayram Bayramovdan da təmtəraqlı yazmışdınız.