Təhməzov kürən, sarı bığları qırmızı sifətinə yaraşmayan Paşanı diqqətlə süzüb sorğu-suala başladı:
– Adın, familiyan, yaşın?
– Əhmədov Paşa. 46 yaşım var.
– Ailə vəziyyətin?
– Arvadım, dörd də uşağım var.
– Böyüyün neçə yaşı var?
– Doqquzuncu sinifdə oxuyur.
– Harada işləyirsən?
– Heç yerdə. Sənə qurban olum, iş var ki? Bir təhər dolanırıq. Gah alver eləyirəm, gah da həyətin məhsullarından satıram.
– Rusiyadan niyə qayıtdın?
– Evə qayıtmalıydım da, gec-tez.
– Nəcməddinlə necə yola gedirdin?
– Lap yaxşı.
– Bəs deyirlər, qovub səni?
Paşa özünü itirdi:
– Ay sənə qurban olum, hər sözə niyə inanırsan? Nəcməddin məni niyə qovurdu ki?
– Mikayılla aran necə idi?
– Lap yaxşı
– Evlərinə gedib-gəlirdin?
– Yox…
– Nə üçün?
– Vaxt olur ki?… Həm də Rusiyada idim də, iki iliydi.
– Nə vaxt gəlmisən?
– On ay olar. Noyabrın axırında gəlmişəm.
– Dünən axşam harada olmusan, Paşa?
– Harada olacam, sənə qurban olum, evdə.
– Nə ilə məşğul idin evdə?
– Eləcə oturmuşduq. Axşam yeməyini yedim və saat 10-da yatdım.
– Nəcməddin nə qədər pul gətirmişdi, Mikayıl üçün?
– On min dollar.
– Hamısı yüzlük idi? – Təhməzovun gözləri qıyıldı.
– Görməmişəm axı…
– Bəs hardan bilirsən qədərini?
– Elə deyirdilər.
– Kim deyirdi?
– Bunu hamı bilir ki…
– Sən kimdən eşitmisən? – Baş müstəntiq əlindəki qələmi stola döyəclədi.
Paşa bir az fikrə getdi.
– Mən deyəsən, Ağasəməddən eşitdim.
– Ağasəməd kimdir?
– Mikayılın əmisioğlu. Dedi ki, Nəcməddin Mikayıl üçün on min dollar pul gətirib. Onun yerində olsam bir yaxşı maşın alaram.
Təhməzov bir qədər fikrə gedib bir siqaret yandırdı və qəfildən soruşdu:
– Paşa, düzünü de, o yazıqları niyə öldürmüsən?
Paşanın rəngi ağardı. Dili ilə qurumuş dodaqlarını isladıb dilləndi:
– Sənə qurban olum, mən bəlkə puldan ötəri adamı aldadaram, oğurluq eləyərəm, ancaq adam öldürmək mənim əlimdən gəlməz.
– Deməli adam aldada bilərsən. Onda bizi də aldadırsan hə?
– Sənə qurban olum, mən yalan danışmıram.
– Nə vaxt oğurluq eləmisən?
– Eləməmişəm. Sözgəlişi deyirəm.
Təyyar müəllim əsəbi halda çənəsini ovuşdurub söhbətə qarışdı:
– Paşa, sən onların qonşususan. Hər halda, bilərsən bu gecə o evə kim gəlib? Bir şey eşitməmiş olmazsan. Onu da bil ki, səndən elə-belə əl çəkən deyilik.
– Sənə qurban olum, vallah mən yalan danışmıram.
– Sən bayaqdan bizim yanımızda bir xeyli yalan danışmısan. –Təhməzov dilləndi və mənə baxdı. – Bunu apar sal kameraya. Qoy orada yaxşı-yaxşı fikirləşsin.