Keçən il Körfəz müharibəsi zamanı televiziya kanallarında göstərilmiş Fars körfəzində neftə bulaşaraq can verən qarabatdaq haqqında xəbərləri xatırlayırsanmı? Sonradan sübut olundu ki, o mövsümdə Fars körfəzində qarabatdaq olması mümkün deyil və o kadrlar səkkiz il əvvəl, İran-İraq müharibəsi dövründə çəkilibmiş. Bəziləri də deyirdi ki, qarabatdağı zooparkdan götürüb neftə bulamışdılar. Yəqin, faşist cinayətlərini göstərmək üçün də belə ediblər. Bir daha deyirəm, mən atamın ya da babamın fikirlərini bəyənmirəm və yəhudilərin öldürülmədiyini iddia etmirəm. Digər yandan, ən yaxşı dostlarımın arasında yəhudilər də var. Amma daha heç bir şeyə kor-koranə inanmıram. Amerikanlar Aya həqiqətən uçublarmı? Hər şeyi studiyada quraşdırıb çəkiliş apara bilərdilər, üstəlik Aya düşdükdən sonra astronavtların kölgəsinə diqqət yetirsən, çox da inandırıcı görünmür. Körfəz müharibəsi həqiqətən olubmu, yoxsa bizə köhnə arxiv materiallarını göstəriblər? Yalanlar dünyasında yaşayırıq və sənə yalan deyildiyini bilirsənsə, üstəlik daim şübhə içində yaşamağa məcbursan. Mən həmişə şübhələnirəm. Şahidlik edə biləcəyim yeganə həqiqi şey – bir neçə on il keçmişdəki kimi qalan bu Milandır.