Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar
ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır.
Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar
ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf
isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa
gedir…
Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun
qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin,
realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi
məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli
Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının
həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında
əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla
göstərən bir əsərdir.