Buna görə də biz hadisələr zəncirinin halqaları və ya səbəblər hörgüsünün arasında “böyük insan” üçün yer də saxlayırıq. Ancaq görünür, buradaca soruşmağın yeridir: biz bu hörmətli insanların adlarını hansı şəraitdə çəkməyə başlayırıq? Necə təəccüblü olsa da, bu suala cavab verməyin çox çətin olduğunu görürük. Belə bir formulun bütün vəziyyətlərdə uğursuz olacağı əvvəlcədən də bəllidir: “böyük insan” hansısa gözəçarpan yüksək keyfiyyətləri olduğu üçün bizim çox böyük hörmətimizi qazanmış bir şəxsiyyətdir; məsələn, xarici gözəllik, yaxud da fiziki baxımdan çox güclü olmaq necə həsəd doğurucu keyfiyyətlər olsa da, bu keyfiyyətlərə malik kimsə “böyük insan” adını daşımağa iddialı ola bilməz. Şübhəsiz, kiminsə “böyük insan “statusunu qazanması üçün onun çox yüksək mənəvi keyfiyyətləri, habelə psixi və intellektual üstünlükləri olmalıdır. Sonuncu dediyimizlə bağlı belə düşünə bilərik: hansısa bəlli bir sahədə qeyri-adi istedadı olan şəxsi böyük insan adlandıra bilərik. Sözsüz, bu təyinat böyük şahmat ustasına, virtuoz bir musiqiçiyə, yaxud da çox gözəl rəssama və güclü araşdırma mütəxəssisinə aid deyil. Elə isə, biz belə deməkdə haqlı olacağıq: düzdür o, böyük şair, rəssam, riyaziyyatçı və ya fizikdir, çalışdığı sahədə çox böyük yeniliklər yaratmışdır, ancaq bütün bunlara görə ona böyük insan deyə bilmərik. Nə vaxtsa çəkinmədən Höteni, Leonardo da Vinçini, Bethoveni böyük insan adlandırırıqsa, görünür, bu sözü demək üçün onların çox böyük yaradıcılığına vurğunluğumuzdan başqa bir səbəb də olur. Belə nümunələr olmasa idi, onda biz “böyük insan” statusunu “böyük işlər” görən şəxslər, daha doğrusu, işğalçılar, sərkərdələr, hakimlər üçün qoruyub saxlayardıq və onların gördüyü “böyük işlər”in özlərinin böyüklüyündən qaynaqlandığını qəbul edərdik. Ancaq belə bir yanaşma da, bizim mülahizələrimizi doğrultmur, bunu səbəbi isə olduqca çoxlu ləyaqətsiz adamların öz çağdaşlarına və sonrakı nəsillərə güclü təsir buraxdığını bildiyimiz üçündür. Hətta uğur qazanmağı da böyüklüyün əlaməti saymaq doğru deyil, çünki əksər böyük insanların uğur qazanmaqdan çox, uğursuzluğa düşdüklərini xatırlamaq bunu sübut edir.